Azedu.az

Birinci sinifləri məktəbə necə alışdırmaq olar? - Müəllim sirləri açır

Şagirdlər

16 Sentyabr 2026, 14:10
Birinci sinifləri məktəbə necə alışdırmaq olar? - Müəllim sirləri açır

Yeni tədris ili başlayıb. Bu il 124 mindən çox uşaq ilk dəfə məktəbə qədəm qoyub. Birinci sinfə başlayan uşaqlar üçün bu mərhələ həm yeni mühitə uyğunlaşmaq, həm də yeni məsuliyyətləri qəbul etmək deməkdir.

Bəs birinci sinif şagirdləri ilk aylarda hansı çətinliklərlə üzləşirlər və onlarda daha çox hansı problemlər müşahidə olunur?

AzEdu.az mövzu ilə bağlı "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, ibtidai sinif müəllimi Gülağa Rəhmətov ilə həmsöhbət olub.

Müəllim qeyd edib ki, birinci sinif şagirdlərinin məktəbə uyğunlaşması eyni sürətlə baş vermir:

189435

"Yeni tədris ili minlərlə uşaq üçün həyatlarının ən mühüm mərhələlərindən birinin başlanğıcıdır. Bu il 124 mindən çox uşaq ilk dəfə məktəbə qədəm qoyur. Onlar üçün məktəb yalnız yeni biliklərin əldə edildiyi məkan deyil, həm də yeni münasibətlərin, qaydaların, məsuliyyətlərin və müstəqilliyin formalaşdığı tamamilə yeni bir mühitdir.

Birinci sinfə başlayan uşağın məktəbə münasibətinin necə formalaşması böyük ölçüdə onun ilk aylarda keçirdiyi təcrübədən asılıdır. Bu mərhələdə müəllimin əsas vəzifəsi uşağa yalnız oxumağı və yazmağı öyrətmək deyil, ilk növbədə ona “Məktəb mənim üçün təhlükəsiz, maraqlı və sevimli bir məkandır” hissini aşılamaqdır.

İbtidai sinif müəllimi kimi müşahidələr göstərir ki, birinci sinif şagirdlərinin məktəbə uyğunlaşması eyni sürətlə baş vermir. Bəzi uşaqlar ilk gündən sinfə rahat daxil olur, müəllim və həmyaşıdları ilə asanlıqla ünsiyyət qurur, məktəb qaydalarını tez mənimsəyirlər.

Lakin bəzi uşaqlar üçün bu keçid daha çətin olur. Ən çox rast gəlinən çətinliklər sırasında valideyndən ayrılmaq istəməmək, sinfə daxil olarkən ağlamaq və həyəcan keçirmək, müəllimlə ünsiyyət qurmaqdan çəkinmək, digər uşaqlara qoşulmaqda çətinlik çəkmək, uzun müddət diqqəti dərsə yönəldə bilməmək, partada düzgün oturmaq və dərs ləvazimatlarından istifadə qaydalarını bilməmək, növbə gözləmək və başqasını dinləməkdə çətinlik çəkmək, məktəb rejiminə və dərs müddətinə uyğunlaşa bilməmək, həmçinin səhv etməkdən və müəllimin iradından qorxmaq yer alır.

Bütün bunlar bir çox hallarda uşağın “dəcəlliyi” və ya “hazır olmaması” kimi qiymətləndirilsə də, əslində məktəbə yeni başlayan uşaq üçün bunlar çox vaxt uyğunlaşma prosesinin təbii təzahürləridir".

Müəllim uşağa əvvəlcə “şagird” yox, “uşaq” kimi yanaşmalıdır:

“Valideyndən ayrılmaqda çətinlik çəkən uşağa düzgün yanaşmaq vacibdir. Belə vəziyyətdə müəllimin ən böyük səhvi uşağı məcbur etmək, danlamaq və ya “Artıq böyümüsən, ağlama!” deməkdir. Uşaq ilk növbədə özünü başa düşülmüş hiss etməlidir. Müəllim onun narahatlığını qəbul etməli, lakin qorxunu daha da böyütməməlidir.

Məsələn, “Ananı istəyirsən, səni başa düşürəm. Amma indi birlikdə sinfə keçəcəyik. Mən sənin yanındayam” kimi ifadələr uşağa həm anlayış, həm də təhlükəsizlik hissi verir. Valideynlə əməkdaşlıq da burada mühüm rol oynayır. Valideyn uşağı məktəb qapısında uzun müddət saxlayaraq ayrılığı çətinləşdirmək əvəzinə, sakit və inamlı şəkildə yola salmalıdır. Uşağın yanında “Görəsən ağlamayacaq?”, “Müəllim sənə acıqlanmasın” kimi ifadələrdən istifadə etmək düzgün deyil. Çünki bu cümlələr uşağın şüurunda məktəbi qorxulu məkan kimi formalaşdıra bilər.

Müəllim uşağa əvvəlcə “şagird” yox, “uşaq” kimi yanaşmalıdır. Birinci sinfə gələn uşağın məktəbə qədərki həyatını nəzərə almaq vacibdir. O, bir günün içində oyun mühitindən ciddi qaydaların olduğu təhsil mühitinə keçmir. Bu səbəbdən ilk aylarda müəllimin əsas məqsədi bütün qaydaları sərt şəkildə tətbiq etmək deyil, həmin qaydaları tədricən vərdişə çevirmək olmalıdır. Məsələn, “Danışmaq olmaz!” demək əvəzinə “İndi dostumuzu dinləyirik, sonra söz növbəsi sənə çatacaq” ifadəsi daha müsbət nəticə verir.

Müəllimin səsi, mimikası, uşağa müraciət forması və hətta sinifdə hərəkəti belə uyğunlaşma prosesinə təsir göstərir. Birinci sinif müəllimi uşaqlar üçün yalnız müəllim deyil, eyni zamanda məktəbdə ilk etibar etdikləri böyüklərdən biridir".

Müəllim birinci sinif şagirdləri ilə ilk aylarda hansı metodların daha effektiv olduğunu açıqladı:

“Birinci sinifdə xüsusilə ilk aylarda oyun, hərəkət, vizual materiallar və interaktiv fəaliyyətlər mühüm əhəmiyyət daşıyır.

Oyunla öyrətmə: Uşağın diqqətini uzun müddət yalnız izah vasitəsilə saxlamaq çətindir. Buna görə dərslərdə müxtəlif didaktik oyunlardan istifadə etmək faydalıdır. Hərflərin, rəqəmlərin, rənglərin, formaların və digər anlayışların oyun vasitəsilə öyrədilməsi uşağın həm marağını artırır, həm də dərsə fəal qoşulmasına imkan yaradır.

Qısa və aydın tapşırıqlar: Birinci sinif şagirdi uzun və mürəkkəb təlimatları yadda saxlamaqda çətinlik çəkə bilər. Buna görə tapşırıqlar qısa, aydın və mərhələli verilməlidir. Məsələn, eyni anda bir neçə göstəriş verməkdənsə: “Kitabınızı açın.” “10-cu səhifəni tapın.” “Şəkilə baxın.” kimi ardıcıl təlimatlar daha effektivdir.

Hərəkətli fasilələr: Uşaqlar uzun müddət hərəkətsiz qalmaq üçün deyil, hərəkət etmək və fəaliyyət göstərmək üçün təbii ehtiyac duyurlar. Buna görə dərsin gedişində qısa fiziki fasilələr, ritmik hərəkətlər və sadə oyunlar təşkil etmək diqqətin yenidən toplanmasına kömək edir.

Sinif qaydalarını birlikdə müəyyənləşdirmək: Qaydaların yalnız müəllim tərəfindən elan edilməsi əvəzinə, uşaqlarla birlikdə “Bizim sinifdə necə davranırıq?” mövzusunda söhbət aparmaq daha təsirlidir. Məsələn: Bir-birimizi dinləyirik, bir-birimizə hörmət edirik, söz almaq üçün əl qaldırırıq, dostumuza kömək edirik, məktəb əşyalarımızı qoruyuruq. Bu qaydalar şəkillərlə və simvollarla sinifdə əks etdirildikdə uşaqlar onları daha asan yadda saxlayırlar.

Müsbət möhkəmləndirmə: Birinci sinifdə cəza və qorxu üzərində qurulan intizamdan daha çox müsbət davranışın qeyd edilməsi effektivdir. “Çox yaxşı dinlədin”, “Sən bu gün çox cəsarətli oldun”, “Dostuna kömək etməyin məni sevindirdi” kimi ifadələr uşağın özünəinamını artırır. Burada əsas məsələ yalnız yüksək nəticəni deyil, uşağın göstərdiyi səyi də qiymətləndirməkdir”.

Birinci sinfin ilk aylarında müəllimin qarşısında duran ən böyük məqsəd yalnız proqramı çatdırmaq deyil, uşağa məktəbi sevdirməkdir:

"Məktəbə uyğunlaşmanın uğurlu olması üçün müəllim-valideyn əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Valideynə yalnız uşağın dərsdəki nəticələri haqqında məlumat vermək kifayət deyil. Onun emosional vəziyyəti, sinif yoldaşları ilə münasibəti və məktəbə münasibəti də müzakirə olunmalıdır.

Valideyn evdə uşağın məktəb haqqında danışmasına imkan yaratmalı, onu digər uşaqlarla müqayisə etməməli və “filankəs artıq oxuyur, sən niyə bacarmırsan?” kimi ifadələrdən uzaq durmalıdır. Çünki birinci sinifdə hər bir uşağın inkişaf tempi fərqlidir. Ən vacib məqsəd – məktəbi sevdirmək. Birinci sinfin ilk aylarında müəllimin qarşısında duran ən böyük məqsəd yalnız proqramı vaxtında çatdırmaq olmamalıdır. Əlbəttə, təlim nəticələri vacibdir. Lakin uşağın məktəbə münasibətinin formalaşması daha uzunmüddətli nəticələr doğurur.

Əgər uşaq məktəbə qorxu ilə gəlirsə, səhv etməkdən çəkinirsə, müəllimdən qorxursa və özünü sinifdə rahat hiss etmirsə, onun öyrənmə potensialı da tam reallaşmaya bilər. Əksinə, uşaq özünü təhlükəsiz və dəyərli hiss edirsə, sual verməkdən, səhv etməkdən və yenidən cəhd etməkdən qorxmursa, öyrənməyə marağı da artır.

Birinci sinif müəllimi uşağın məktəb həyatındakı ilk bələdçisidir. Müəllimin bir təbəssümü, səbirli bir cümləsi, uşağın əlindən tutaraq “Mən sənin yanındayam” deməsi bəzən ən uzun izahdan daha təsirli olur. Çünki məktəbə ilk addım yalnız savad yolunun başlanğıcı deyil. Bu, uşağın özünə, müəlliminə, sinif yoldaşlarına və öyrənməyə inamının formalaşdığı ilk böyük addımdır.

Bu səbəbdən birinci sinifdə müəllimdən ən çox tələb olunan keyfiyyətlər yalnız peşəkarlıq və metodik bilik deyil, həm də səbir, empatiya, müşahidəçilik, düzgün ünsiyyət və hər bir uşağın fərdiliyinə hörmət etmək bacarığıdır. Uşağın məktəbə ilk günlərdə yaşadığı hisslər onun yaddaşında uzun illər qala bilər. Ona görə də çalışmalıyıq ki, bu xatirələr qorxu və gərginliklə deyil, sevinc, inam, dostluq və “Mən məktəbimi sevirəm” duyğusu ilə yadda qalsın".

İstəyirəm ki, illər sonra şagirdlərim məktəbdəki ilk günlərini xatırlayanda üzlərində təbəssüm yaransın:

"Bu il mənim də sinfim birinci və üçüncü komplekt sinifidir. Birincilərin yadında ilk dərs gününü, ilk həyəcanın, ilk müəllimin xoş bir xatirətək həkk olunması üçün əlimdən gələni edərəm. Qoy onların hər biri bir şəxsiyyət kimi formalaşsın.

Uşaqların hər birinin fərqli xarakteri, fərqli öyrənmə tempi və fərqli dünyası var. Mənim üçün əsas məqsəd onları bir-biri ilə müqayisə etmək deyil, hər birinin öz potensialını üzə çıxarmaqdır. Ulu Öndər Heydər Əliyevin məşhur kəlamında deyilir: “Təhsil millətin gələcəyidir.”

Mən bu fikri hər bir müəllimin məsuliyyətini ifadə edən ən böyük həqiqətlərdən biri hesab edirəm. Çünki bu gün qarşısında dayandığımız balaca birinci sinif şagirdləri sabah cəmiyyətimizin müxtəlif sahələrində öz sözünü deyəcək, ölkəmizin gələcəyini formalaşdıracaq insanlardır. Bu baxımdan mənim üçün bu tədris ili sadəcə yeni dərs ilinin başlanğıcı deyil. Bu, bir qrup balaca uşağın böyük həyata ilk addımlarına yol yoldaşı olmaq fürsətidir. Və mən istəyirəm ki, illər sonra onlar məktəbdəki ilk günlərini xatırlayanda üzlərində təbəssüm yaransın və desinlər: “Mənim məktəbə ilk addımım çox gözəl başlamışdı...” 

Rusiya Paşinyana OD PÜSKÜRDÜ: Onu lənətləməliyik!
Son xəbərlərDaha çox