Azərbaycanda dövlət ümumi təhsil müəssisələrini bitirərək attestat alan şagirdlərin sayında son illərdə artım müşahidə olunur.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub. 2025-ci ildə ümumi orta təhsil haqqında attestat alan şagirdlərin sayı 154,4 min nəfər olub. Bu, son 20 ildə qeydə alınan ən yüksək göstəricidir.
2005-ci ildə ümumi orta təhsil haqqında attestat alanların sayı 152,1 min nəfər təşkil edib. 2010-cu ildə bu rəqəm 126,5 minə, 2015-ci ildə isə 107,6 minə qədər azalıb. 2020-ci ildə 115,9 min nəfər şagird ümumi orta təhsil haqqında attestat alıb.Sonrakı illərdə isə göstəricidə artım qeydə alınıb. Belə ki, 2024-cü ildə 146,9 min nəfər, 2025-ci ildə isə 154,4 min nəfər şagird ümumi orta təhsil haqqında attestat alıb.
Kənd yerlərində ümumi orta təhsil haqqında attestat alan şagirdlərin sayı 2025-ci ildə 55,5 min nəfər olub. 2005-ci ildə bu göstərici 71,8 min nəfər təşkil edirdi. 2010-cu ildə 54,5 minə, 2015-ci ildə 46,3 minə, 2020-ci ildə isə 46,4 minə düşüb. 2024-cü ildə kənd yerlərində attestat alanların sayı 53,5 min nəfər olub.
Tam orta təhsil üzrə də artım var
Tam orta təhsil haqqında attestat alan şagirdlərin sayında da son illərdə nəzərəçarpan artım müşahidə edilir.
Belə ki, 2025-ci ildə 109,8 min şagird tam orta təhsil haqqında attestat alıb. 2024-cü ildə bu göstərici 98,7 min nəfər olub. 2005-ci ildə tam orta təhsil haqqında attestat alanların sayı 122,2 min nəfər təşkil edib. 2010-cu ildə göstərici 80,1 minə, 2015-ci ildə 87,8 minə, 2020-ci ildə isə 78,1 minə qədər azalıb.
2020-ci ildən sonra tam orta təhsil haqqında attestat alanların sayında ardıcıl artım qeydə alınıb:
2020- 78,1 min;
2024- 98,7 min;
2025- 109,8 min.
Kənd yerlərində tam orta təhsil haqqında attestat alanların sayı isə 2025-ci ildə 37,2 min nəfər olub. Bu rəqəm 2005-ci ildə 55,2 min, 2010-cu ildə 32,7 min, 2015-ci ildə 39 min, 2020-ci ildə 31,8 min, 2024-cü ildə isə 35,6 min nəfər təşkil edib.
Ən yüksək göstərici 2025-ci ildə qeydə alınıb
Statistik göstəricilərin müqayisəsi göstərir ki, ümumi orta təhsil haqqında attestat alan şagirdlərin sayına görə 2025-ci il 2005–2025-ci illər üzrə ən yüksək göstəricinin qeydə alındığı il olub. Tam orta təhsil üzrə isə 2025-ci ilin göstəricisi 2005-ci ildəkindən aşağı olsa da, 2010, 2015 və 2020-ci illərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.Bu dinamika son illərdə ümumi təhsil müəssisələrini bitirən şagirdlərin sayında artımın olduğunu göstərir.