Elm və təhsil naziri Emin Əmrullayevin təbiət elmləri üzrə nəticələrin yaxşılaşdırılması üçün məktəblərdə bu fənlərin tədrisinə yanaşmanın dəyişdirilməsinə ehtiyac olduğunu bildirməsi mövzuya diqqəti artırıb.
Maraqlıdır, kimya üzrə şagird nəticələrinin yüksəldilməsi üçün müəllimlərin tədris prosesində hansı dəyişiklikləri etməsinə ehtiyac var?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən "Örnək müəllim", kimya müəllimi Zamin Allahverdiyev qeyd edib ki, təbiət elmlərində - məsələn, elə kimya fənnində - ənənəvi izahetmə və əzbərləmə üsulundan daha çox tədqiqatyönümlü və praktik yanaşmalara keçmək lazımdır:

"Xüsusilə aşağıdakı metodlar faydalı olar. Probleməsaslı təlim- şagirdə hazır qaydanı vermək əvəzinə, problem təqdim olunmalı və onun həllini araşdırmağa istiqamətləndirilməlidir.Tədqiqata əsaslanan təlim - şagird “Niyə?”, “Necə?” suallarını verməli, fərziyyə irəli sürməli və nəticə çıxarmalıdır. Real həyatla əlaqələndirmə kimyəvi hadisələr gündəlik həyatla bağlanmalıdır.
Məsələn, paslanma, qida məhsullarının xarab olması, dərmanlar, məişət kimyası, ekologiya və sənaye prosesləri. Layihə və qrup işləri şagirdlərin araşdırma, əməkdaşlıq və təqdimat bacarıqlarını inkişaf etdirir. Situativ və mətnəsaslı tapşırıqlar şagird yalnız düsturu bilməməli, verilən məlumatı oxuyub təhlil etməyi də bacarmalıdır.
Rəqəmsal simulyasiyalar və modellər atomun quruluşu, kimyəvi rabitə və molekulyar proseslər kimi gözlə görünməyən mövzuların daha yaxşı anlaşılmasına kömək edir. Əsas məqsəd şagirdin “kimyanı əzbərləməsi” deyil, kimyəvi hadisələri anlaması və tətbiq etməsi olmalıdır.
Laboratoriya məşğələlərinin rolu son dərəcə böyükdür. Kimya sadəcə kitabdan oxunaraq tam mənimsənilən fənn deyil. Şagird reaksiyanı görməli, müşahidə aparmalı, nəticəni təhlil etməli və səbəb-nəticə əlaqəsini özü müəyyən etməlidir".
Praktiki məşğələlər şagirdin fənnə marağını artırır, nəzəri bilikləri konkretləşdirir, müşahidə və tədqiqat bacarığını inkişaf etdirir, elmi düşüncəni formalaşdırır, şagirdi daha fəal öyrənənə çevirir:
"Hətta hər məktəbdə geniş laboratoriya imkanları olmadıqda belə, sadə, təhlükəsiz təcrübələr, nümayişlər və virtual laboratoriyalardan istifadə etmək mümkündür.Məncə, şagird bir kimyəvi reaksiyanı sadəcə oxuyub yadda saxlayanda deyil, onu müşahidə edib nəticəsini izah edəndə həmin bilik daha qalıcı olur.Kimya üzrə nəticələrin yüksəldilməsi üçün müəllimin əsas dəyişikliklərindən biri dərsin mərkəzini müəllimdən şagirdə keçirməkdir.
Bunun üçündaha az izah, daha çox şagird fəaliyyəti, əzbərləmədən daha çox məntiqi anlama, hazır qaydadan daha çox araşdırma və nəticə çıxarma, yalnız test həllindən daha çox analitik və situativ tapşırıqlar, bütün şagirdlərə eyni yanaşmadan daha çox fərdi ehtiyaclara uyğunlaşdırılmış təlim tətbiq edilməlidir. Bundan başqa, müəllimlər şagirdlərin oxu və mətnlə işləmə bacarıqlarına da diqqət yetirməlidirlər. Çünki şagird sualı düzgün anlamırsa, kimyəvi biliyi olsa belə, onu tətbiq etməkdə çətinlik çəkə bilər. Bu məqam nazirin son çıxışında da xüsusi vurğulanıb.
Kimyanın gələcək tədrisi “nəyi yadda saxladın?” sualından “nəyi anladın və bunu harada tətbiq edə bilərsən?” sualına keçməlidir. Məncə, ən böyük dəyişiklik məhz budur: kimyanı əzbərlənən fənn kimi deyil, düşünməyi, araşdırmağı və həyatı anlamağı öyrədən bir elm kimi tədris etmək lazımdır".