“Hər bir müəllimin öz AI assistenti ola bilər”.
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
"Biz yeni modeli daxil edirdik və onun nəticələrini indi-indi görürük. Valideynlərin də təhsilə münasibəti dəyişib. İndiki nəticələrin bəhrəsini isə biz 5-10 ildən sonra görəcəyik.
Mən yenə də hamınızı ürəkdən təbrik edirəm. Bilirsiniz, ürəyim doludur, danışsam, vaxt mənə “reqlament 3 dəqiqədir” dedilər, yəqin ki, mən artıq o reqlamenti keçmişəm.
Amma çox ciddi şəkildə düşünürəm ki, biz birlikdə hansısa platformalar yarada bilərik. Xüsusilə müəllimlərə kömək üçün elə bir platforma yaratmaq olar ki, hər bir müəllim özü üçün AI assistent yaratsın və həmin AI assistent ona kömək etsin.
Mən ilk dəfə 1988-ci ildə mühazirələri Azərbaycan dilində oxuyanda səhər saat 6-da anamı oyadırdım, informatikadan ona mühazirəni oxuyurdum ki, məni dinləsin.
O zaman peşəkar terminləri Azərbaycan dilində düzgün ifadə etmək mənim üçün çətin idi və anam faktiki olaraq mənim assistentim idi. İndi isə hər şey tamamilə dəyişib. Hər bir müəllimin öz AI assistenti ola bilər.
Müəllimləri AI ilə işləmək üçün müəyyən təlimlərə cəlb etmək lazımdır. Bundan sonra biz bu prosesə müdaxilə etməyə də bilərik. Çünki hər bir insan özü üçün lazım olan cədvəli və iş planını müəyyən edə bilər.
Sonuncu suala- “time management”, yəni zamanı düzgün idarə etmək, vaxtı hiss etmək və onu itirməmək məsələsinə gəldikdə isə, bu, çox mürəkkəb məsələdir. Xüsusilə indiki uşaqlar və yeniyetmələr üçün.
Onlar zamanın qiymətini hiss etmirlər".