"Bu gün heç kimə sirr deyil ki, Azərbaycan təhsilinin həlli ən vacib məsələlərindən biri məktəbin real həyatda problemləri həll edə bilən şəxsiyyət yetişdirmək əvəzinə, qəbul və buraxılış imtahanlarında yüksək nəticə göstərəcək, əsasən nəzəri və faktoloji biliklərə sahib şagird yetişdirməyə fokuslanmasıdır".
Bu sözləri AzEdu.az-a açıqlamasında Binəqədi rayon 298 nömrəli tam orta məktəbin STEAM və Coğrafiya müəllimi, "Örnək müəllim" Tuqay Rzazadə qeyd edib.

"Halbuki mövcud kurikulumlar məktəbdən və müəllimdən məhz qeyd etdiyim birinci yanaşmanı şagirdin həyati bacarıqlarının formalaşdırılmasını tələb edir. Elm və Təhsil Nazirliyi, eləcə də şəxsən cənab nazir dəfələrlə mövcud sistemin günün tələblərinə tam cavab vermədiyini dilə gətirib.
Lakin Dövlət İmtahan Mərkəzinin bu gün tətbiq etdiyi qəbul prosesi və cəmiyyətin bitib-tükənməyən universitet sevgisi bir çox hallarda “filankəsin uşağı universitetə qəbul oldu, mənim uşağım da qəbul olsun” yanaşması son nəticədə məktəbi və müəllimi mövcud vəziyyətə gətirib çıxarıb.
Bəs bu problemdən çıxış yolları nələrdir?Mən bir orta məktəb müəllimi olaraq bu problemin həlli üçün bir neçə çıxış yolu təklif edərdim.Birinci məsələ buraxılış və qəbul imtahanlarının formatının dəyişdirilməsidir.Uzun illərdir əsasən faktoloji və nəzəri biliklərin yoxlanılmasına söykənən imtahan modelindən tədricən uzaqlaşaraq, praktiki və tətbiqi bacarıqları daha çox ölçən qiymətləndirmə sistemi formalaşdırmalıyıq".
DİM son illərdə, xüsusilə dil biliklərinin qiymətləndirilməsi istiqamətində ciddi addımlar atıb:
"Dinləmə mətnlərinin tətbiqi, esse yazılması və digər yeniliklər bunu göstərir.Ancaq onu da başa düşmək lazımdır ki, imtahan formatının dəyişdirilməsi DİM-in bir gündə verə biləcəyi qərar deyil. Çünki buna nə məktəb, nə müəllim, nə də cəmiyyət olaraq tam hazırıq.Bununla belə, ümid edirəm ki, yaxın gələcəkdə DİM bu dəyişikliklərin tempini artıracaq və beynəlxalq təcrübəyə, xüsusilə də PISA yanaşmalarına əsaslanan daha müasir qiymətləndirmə sistemi formalaşdıracaq.İkinci problem məktəblərdə tədris prosesinin təşkilidir.
Hesab edirəm ki, bu problem müəyyən mənada birinci problemdən də qaynaqlanır. İmtahanlarda əsasən nəzəri biliklər tələb olunduğu üçün məktəblərdə də tədris prosesi çox vaxt ənənəvi qaydada məlumatın ötürülməsi və mənimsənilməsi üzərində qurulur.Praktiki tapşırıqların, laboratoriya işlərinin, eksperimentlərin və real həyat nümunələrinin dərslərə daha çox inteqrasiya edilməsinə ehtiyac var.
Burada son illərdə yeni məktəb binalarının tikilməsi, həmçinin əvvəllər inşa edilmiş məktəblərdə laboratoriyaların yenilənməsi və digər maddi-texniki imkanların yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları da qeyd etmək lazımdır. Lakin buna baxmayaraq, hələ də vəziyyət tam ürəkaçan deyil.
Üçüncü və hesab edirəm ki, ən böyük problem isə müəllimin akademik və pedaqoji hazırlığı məsələsidir.Burada şəxsi təcrübəmdən bir hadisəni qeyd etmək istərdim.2024-cü ildə ölkəmizin də iştirak etdiyi TALIS Tədris və Öyrənmə Beynəlxalq Sorğusunda mən də iştirak etmişəm. Bu sorğuda müəllimlərin tədris mühiti, peşəkar fəaliyyəti və müxtəlif bacarıqları ilə bağlı məsələlər qiymətləndirilir.
Sorğu zamanı müşahidə etdiyim mənzərələrdən biri xüsusilə diqqətimi çəkdi: yaşlı nəsli təmsil edən müəllimlərimizin bir qismi oxuyub-anlama və fərqli tipli suallarla işləməkdə ciddi çətinliklərlə qarşılaşırdı. Yəni müəllim öyrəşdiyi formatdan bir qədər fərqli sualla qarşılaşdıqda, bəzən sualın məğzini anlamaqda belə çətinlik yaşayırdı.Burada məqsədim müəllimi qınamaq deyil. Əksinə, bu məsələyə səbəb-nəticə əlaqəsi çərçivəsində yanaşmaq lazımdır".
Xüsusilə yaşlı müəllimlərimiz uzun illər ərzində ənənəvi metodlarla tədris həyata keçiriblər:
"Onların bir çoxunun işə qəbulu imtahansız həyata keçirilib, imtahanla işə qəbul olunanların isə qarşılaşdıqları qiymətləndirmələr uzun illər əsasən əzbərçiliyə və faktoloji biliklərə yönəlib.Bu problemin həlli üçün MİQ-in formatının da mərhələli şəkildə dəyişdirilərək beynəlxalq təcrübəyə əsaslanan, yalnız fənn biliyini deyil, həm də pedaqoji düşünmə, problem həlli, situasiyanı təhlil etmə və praktiki bacarıqları ölçən bir sistemə çevrilməsinə ehtiyac var.
Artıq fəaliyyət göstərən müəllimlər isə mütəmadi və keyfiyyətli peşəkar inkişaf proqramlarına cəlb edilməlidirlər. Xüsusilə müasir tədris metodları, rəqəmsal texnologiyalar və süni intellekt alətlərindən səmərəli və məsuliyyətli istifadə bacarıqları gücləndirilməlidir.Göründüyü kimi, bu problemlər bir-biri ilə sıx əlaqəlidir. Ona görə də məsələnin həlli kompleks yanaşma tələb edir.
Lakin mənim şəxsi mövqeyim bundan ibarətdir ki, Elm və Təhsil Nazirliyi bu problemləri görən və onları açıq şəkildə müzakirə edən əsas dövlət qurumlarından biridir. Ən önəmlisi isə budur ki, problemlərin həlli istiqamətində artıq müəyyən əməli addımlar atılır.
Problemlər qısa zamanda öz həllini tapacaqmı? Xeyr.Çünki təhsil ən gec bar verən ağaclardandır. Təhsildə bu gün atdığınız addımın nəticəsini bəzən illər sonra görürsünüz. Və ən əsası, təhsilin inkişafı yalnız nazirlikdən, məktəbdən və müəllimdən asılı deyil. Bu prosesdə cəmiyyətin, valideynin və bütövlükdə ictimai düşüncənin dəyişməsi də ən azı digər amillər qədər vacibdir.
Əgər biz yalnız “uşağım universitetə qəbul olsun” düşüncəsindən “uşağım həyatda uğurlu olsun, problem həll edə bilsin, müstəqil düşünsün və öz qərarlarını verə bilsin” düşüncəsinə keçə bilsək, o zaman məktəbin qarşısında duran əsas məqsədlərdən birinə daha yaxınlaşmış olarıq".