NASA-nın Marsda araşdırmalar aparan Curiosity kosmik aparatı planetin geoloji keçmişi ilə bağlı qeyri-adi struktur aşkar edib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, 14 il Marsın Gele kraterində tədqiqat aparan aparat Mount Sharp dağının sulfatlarla zəngin təbəqələrinin yerləşdiyi Valle Grande bölgəsində səthdə təxminən 1 santimetr genişliyində kiçik və dayaz dəliklər qeydə alıb.
NASA-nın məlumatına görə, dəliklərin ətrafında əvvəllər müşahidə edilən çökəkliklərdən fərqli olaraq, eroziya nəticəsində yaranan çınqıl və mineral qalıqları aşkarlanmayıb. Strukturların dayaz və geniş olması onların Marsda məlum olan aşınma proseslərindən fərqli mexanizmlə yarana biləcəyini göstərir.
Curiosity komandası dəliklərin mənşəyini müəyyənləşdirmək üçün aparatın MAHLI və Mastcam kameraları ilə əldə olunan görüntüləri və səthin üçölçülü modellərini təhlil edir.
Alimlər strukturların hələ məlum olmayan eroziya prosesi, yoxsa süxurların fiziki xüsusiyyətləri nəticəsində yarandığını müəyyənləşdirməyə çalışırlar.