Azedu.az

Dövlət kolleclərində müəllimlərin sayı azaldı, özəllərdə artdı - RƏQƏMLƏR

Müəllimlər və elm adamları

29 Avqust 2026, 11:38
Dövlət kolleclərində müəllimlərin sayı azaldı, özəllərdə artdı - RƏQƏMLƏR

Azərbaycanda dövlət orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin sayı son 25 ildə əhəmiyyətli dərəcədə azalıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.

Statistik göstəricilərə əsasən, 2000/2001-ci tədris ilinin əvvəlində dövlət orta ixtisas təhsili müəssisələrində əsas heyət üzrə 6 316 professor-müəllim çalışıb. 2005/2006-cı ildə bu göstərici 6 706 nəfərə yüksəlib. 2010/2011-ci ildə 6 998 nəfər, 2015/2016-cı ildə isə 5 953 nəfər olub. 2020/2021-ci tədris ilində dövlət orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin sayı 6 582 nəfər təşkil edib. 2024/2025-ci ildə bu rəqəm 6 160, 2025/2026-cı tədris ilinin əvvəlinə isə 6 034 nəfər olub. Beləliklə, 2000/2001-ci illə müqayisədə 2025/2026-cı tədris ilində dövlət orta ixtisas təhsili müəssisələrində əsas heyət üzrə professor-müəllimlərin sayı 282 nəfər azalıb.

Elmi dərəcəsi olan müəllimlərin sayı

Dövlət orta ixtisas təhsili müəssisələrində elmi dərəcəyə malik professor-müəllimlərin sayı da illər üzrə dəyişib.
2000/2001-ci tədris ilində 34 elmlər doktoru və 105 fəlsəfə doktoru çalışıb. 2005/2006-cı ildə elmlər doktorlarının sayı 15, fəlsəfə doktorlarının sayı 112 nəfər olub. 2010/2011-ci ildə bu göstəricilər müvafiq olaraq 18 və 127 nəfər təşkil edib. 2015/2016-cı ildə isə 10 elmlər doktoru və 98 fəlsəfə doktoru qeydə alınıb.

2020/2021-ci tədris ilində dövlət orta ixtisas təhsili müəssisələrində 10 elmlər doktoru və 95 fəlsəfə doktoru çalışıb. 2024/2025-ci ildə elmlər doktorlarının sayı 10, fəlsəfə doktorlarının sayı 96, 2025/2026-cı ildə isə müvafiq olaraq 7 və 92 nəfər olub. Elmi adı olan professor-müəllimlərin sayına gəlincə, 2025/2026-cı tədris ilinin əvvəlinə dövlət orta ixtisas təhsili müəssisələrində 8 professor və 27 dosent fəaliyyət göstərib.

Qeyri-dövlət orta ixtisas müəssisələrində müəllimlərin sayı artıb

2000/2001-ci tədris ilində qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində cəmi 145 professor-müəllim çalışıb. 2005/2006-cı ildə bu göstərici 107 nəfərə, 2010/2011-ci ildə 128 nəfərə, 2015/2016-cı ildə isə 148 nəfərə çatıb.
2020/2021-ci tədris ilində müəllimlərin sayı kəskin artaraq 290 nəfər olub. 2024/2025-ci ildə 291, 2025/2026-cı tədris ilinin əvvəlinə isə 318 nəfər təşkil edib.

Beləliklə, 2000/2001-ci illə müqayisədə qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində əsas heyət üzrə professor-müəllimlərin sayı 173 nəfər və ya təxminən 119 faiz artıb.2025/2026-cı tədris ilinin əvvəlinə qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 1 elmlər doktoru və 12 fəlsəfə doktoru çalışıb.

Elmi adı olanların sayına görə isə həmin müəssisələrdə 2 professor və 4 dosent fəaliyyət göstərib. Ümumilikdə, statistik məlumatlar dövlət orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin sayının son illərdə azaldığını, qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində isə bu göstəricinin əksinə, artdığını göstərir.

SON DƏQİQƏ! DİN kritik əməliyyat keçirdi - Saxlanılanlar var
Son xəbərlərDaha çox