2013 - 2018-ci illərdə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin, eləcə də gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb və əməkhaqlarında artımlar edilib.
AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli sosial media hesabında məlumat verib.
Bildirib ki, ötən müddət ərzində sistemdə çalışan bəzi təhsilverənlərin isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmadığından onların əməkhaqlarına artımların tətbiq edilməsi mümkün olmayıb:
“Bu səbəbdən 8-10 sentyabr tarixlərində yalnız diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak etməyən şəxslər üçün proses təşkil ediləcək.
Diaqnostik qiymətləndirilməyə cəlb edilmiş və ya MİQ nəticəsində işə qəbul edilmiş şəxslərin prosesə cəlbi nəzərdə tutulmur.
Proses yalnız test imtahanı mərhələsindən ibarətdir. İştirakçılara 90 dəqiqə ərzində 40 ixtisas üzrə, 20 tədris metodikası və təlim strategiyaları olmaqla 60 sual təqdim ediləcək. Diaqnostik qiymətləndirmədən keçmiş hesab olunmaq üçün hər bölmə üzrə sualların ən azı 10 faizinə düzgün cavab vermək tələb olunur.
Prosesin təşkilində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarını müəyyənləşdirmək, onların peşəkar inkişafına dəstək olmaq və əməkhaqqı artımından yararlanmalarına imkan yaratmaqdır”, – deyə paylaşımda qeyd olunub.