İqlim dəyişmələri təbii fəlakətlərin intensivliyinin artması, daşqınların və güclü yağıntıların çoxalması, buzlaqların əriməsi, torpaq və yaşayış məntəqələrinin deqradasiyası kimi proseslərlə müşayiət olunur. Son illərdə dünyanın müxtəlif bölgələrində baş verən təbii fəlakətlər iqlim dəyişmələrinin mümkün nəticələrinin daha aydın şəkildə müşahidə edilməsinə səbəb olub.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransın açılışında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.
O qeyd edib ki, bu tendensiyalar Azərbaycanda da özünü göstərir. Son onilliklə müqayisədə ölkədə sel hadisələrinin və meşə yanğınlarının sayında artım müşahidə olunur. Bu proseslərə iqlim dəyişmələrinin təsiri ilə yanaşı, müxtəlif təbii və antropogen amillər də təsir göstərə bilər.
Muxtar Babayev diqqətə çatdırıb ki, iqlim dəyişmələrinin səbəbləri və onların qarşısının alınması yolları ilə bağlı elmi müzakirələr davam edir. Bu çərçivədə BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupu (IPCC) tərəfindən aparılan tədqiqatlar və hazırlanan elmi qiymətləndirmə hesabatları xüsusi əhəmiyyət daşıyır.
“Uzun müddətdir ki, elmi dairələrdə qlobal temperatur artımının sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılmasının vacibliyi vurğulanır. Bu hədəfə nail olmaq üçün istixana qazı emissiyalarının, xüsusilə antropogen mənşəli emissiyaların azaldılması böyük əhəmiyyət daşıyır. İnsan fəaliyyətinin ətraf mühitə təsirinin minimuma endirilməsi iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində əsas şərtlərdəndir. İqlim dəyişmələrinin səbəbləri və nəticələri ilə bağlı müxtəlif elmi yanaşmalar mövcuddur. Antropogen təsirlərlə yanaşı, təbii və dövri iqlim proseslərinin də temperatur dəyişmələrinə təsiri araşdırılır. Bu baxımdan müxtəlif yanaşmaların obyektiv şəkildə öyrənilməsi və elmi məlumatların müqayisəli təhlili vacibdir. İqlim elminin inkişafı üçün davamlı tədqiqatların aparılması, alimlərin və elmi institutların dəstəklənməsi, həmçinin etibarlı məlumat bazasının formalaşdırılması mühüm əhəmiyyət daşıyır. İqlim siyasətinin elmi əsaslara söykənməsi daha əsaslandırılmış qərarların qəbuluna imkan verir”, – deyə Muxtar Babayev vurğulayıb.
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi bildirib ki, hazırda iqlim dəyişmələrinin səbəbləri, antropogen və təbii amillərin nisbəti, eləcə də gələcək iqlim ssenariləri ətrafında elmi müzakirələr davam edir. Bu baxımdan müxtəlif elmi yanaşmaların obyektiv şəkildə araşdırılması və əldə olunan nəticələrin elmi əsaslarla qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.