Bir sıra “təhsil ekspertləri” var ki, müxtəlif sosial platformalardan istifadə edərək şöhrət qazanmağa çalışır və valideynlərə, eləcə də şagirdlərə yanlış informasiyalar yayırlar.
Bu cür dırnaqarası ekspertlər tədris ili boyunca görünmür, yalnız qəbul mövsümü başlayanda ortaya çıxır, imtahan prosesləri ilə bağlı qeyri-dəqiq və bəzən də tamamilə əsassız iddialarla ictimai rəyi çaşdırırlar.
Valideynlər və şagirdlər qəbul məsələləri ilə bağlı düzgün mütəxəssis seçimini necə etməlidirlər, hansı meyarlara əsaslanaraq onlara təqdim olunan məlumatın etibarlı olub-olmadığını ayırd edə bilərlər və ümumiyyətlə, bu sahədə fikir bildirən şəxsin real peşə hazırlığı və təcrübəsi hansı göstəricilərlə müəyyən olunmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyevin (Əfəndi) sözlərinə görə, təəssüf ki, təhsil sahəsinə aidiyyəti olmayan müxtəlif ixtisas sahibləri, xüsusilə də imtahanlar ərəfəsində sanki yağışdan sonra göbələk kimi ortaya çıxaraq insanları yanlış istiqamətə yönləndirirlər:

“Bunun mənfi nəticələrini isə həm valideynlər, həm də biz bu sahədə çalışanlar hiss edirik. Bəzən elə açıqlamalar verilir ki, onlar reallıqla heç bir uyğunluq təşkil etmir. Qeyri-real və yanlış fikirlər geniş şəkildə yayılır. Məsələn, iddia olunur ki, 60 bal toplayan hər kəs dizayn ixtisasına qəbul ola bilər. Halbuki bu, doğru deyil. 60 bal yalnız müsabiqəyə buraxılmaq üçün kifayət edə bilər, qəbul üçün isə bu bal yetərli olmaya bilər.
Digər bir yanlış məlumat isə ondan ibarətdir ki, guya əvvəlki tarixlərdə imtahan vermiş abituriyentlər (məsələn, martın 5-i, 9-u və ya 15-i) aprelin 19-da keçiriləcək buraxılış imtahanında yenidən iştirak edə bilərlər. Bu da tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatdır. Bu cür informasiyalar əsasən valideynlərin diqqətini çəkmək və onları aldatmaq məqsədi daşıyır.
Bəs bu cür məlumatları kimlər yayır? Təəssüf ki, özlərini “təhsil eksperti” və ya “təhsil mütəxəssisi” kimi təqdim edən, lakin bu sahə üzrə heç bir ixtisası və ya ciddi təcrübəsi olmayan şəxslər. Bəziləri sosial şəbəkələrdə fəaliyyət göstərən bloqqerlərdir, bəziləri isə tamamilə fərqli sahələr üzrə təhsil almış insanlardır. Onların nə qəbul proqramı barədə dolğun məlumatı var, nə də “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunvericilikdən xəbərləri var. Buna baxmayaraq, müxtəlif platformalarda çıxış edərək yanlış və çaşdırıcı fikirlər səsləndirirlər.
Bu isə nəticə etibarilə valideynlərin yanlış qərarlar verməsinə səbəb olur. Ona görə də valideynlər bu məsələdə son dərəcə diqqətli olmalıdırlar”.
Təhsil sahəsi üzrə fikir bildirən şəxslərin ən azı bu sahəyə uyğun ixtisasa malik olmaları vacibdir:
“Bu, təhsil menecmenti, təhsilin idarə olunması və ya digər uyğun sahələr ola bilər. Məsələn, politoloq dövlətin təhsil siyasəti haqqında ümumi fikirlər səsləndirə bilər, lakin qəbul proqramları və ya təhsil qanunvericiliyi ilə bağlı detallı və peşəkar rəy verməsi doğru deyil.
Eyni zamanda, jurnalistika üzrə təhsil almış bir şəxs təhsil sahəsində məlumatları ictimaiyyətə çatdıra bilər, lakin bu, onun ixtisaslaşma, qəbul qaydaları və ya qanunvericiliklə bağlı ekspert kimi çıxış etməsi anlamına gəlmir. Həmçinin, texniki sahələr üzrə təhsil almış şəxslərin də özlərini təhsil eksperti kimi təqdim etməsi düzgün yanaşma hesab olunmur.
Valideynlər nəzərə almalıdırlar ki, peşəkar mütəxəssis dedikdə yalnız diplom kifayət etmir. Bu sahədə uzun illər, ən azı 10-15, ideal halda isə 20 ilə yaxın təcrübə də mühüm rol oynayır. Bundan əlavə, həmin şəxslər qəbul imtahanı proqramlarını, təhsil qanunvericiliyini və ümumi sistemin iş prinsiplərini dərindən bilməlidirlər.
Məsələn, sosial şəbəkələrdə tez-tez “keçid balları açıqlandı” kimi başlıqlarla paylaşımlar edilir. Halbuki real vəziyyətdə keçid balları əvvəlcədən açıqlanmır. Yalnız müsabiqə nəticəsində formalaşır. Paylaşılan rəqəmlər isə əksər hallarda əvvəlki illərin göstəriciləridir və yanlış təqdim olunur.
Bu səbəbdən valideynlər informasiya mənbələrini düzgün seçməlidirlər. Daha çox rəsmi qurumların açıqlamalarına, tanınmış və etibarlı mütəxəssislərin fikirlərinə üstünlük vermək lazımdır. Xüsusilə də dövlət televiziyalarında və rəsmi nəzarətdə olan kütləvi informasiya vasitələrində çıxış edən mütəxəssislərə etibar etmək daha məqsədəuyğundur.
Nəticə olaraq, valideynlər aldadıcı və əsassız məlumat yayan şəxslərdən uzaq durmalı, övladlarının gələcəyi ilə bağlı qərar verərkən yalnız etibarlı və peşəkar mənbələrə əsaslanmalıdırlar. Bu, həm şagirdlərin düzgün istiqamətləndirilməsi, həm də ümumi təhsil mühitinin sağlamlaşdırılması baxımından son dərəcə vacibdir”.