Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Məktəbli startapçılar” layihəsi davam edir.
AzEdu.az xəbər verir ki, layihənin əsas məqsədi paytaxt məktəblərində təhsil alan istedadlı və təşəbbüskar şagirdlərin innovativ ideyalarını ictimaiyyətə təqdim etmək, onların startap fəaliyyətlərini işıqlandırmaq və gənclər arasında sahibkarlıq düşüncəsini təşviq etməkdir.
Layihə çərçivəsində şagirdlər öz ideyalarını, hazırladıqları startap layihələrini və gələcək planlarını geniş auditoriya ilə bölüşmək imkanı əldə edirlər.
Layihənin budəfəki iştirakçısı 247 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Ayxan Mehdilidir.
O, IX siniflər üzrə keçirilən buraxılış imtahanında 258,12 bal toplayıb. Gələcəkdə hansı ali məktəbdə təhsil alacağı ilə bağlı hələ qərar verməsə də, I ixtisas qrupu üzrə informasiya təhlükəsizliyi ixtisasına qəbul olmağa hazırlaşır.
Ayxanın layihəsi “Ağıllı Suvarma Sistemi” adlanır. Bu layihə vasitəsilə bitkilərin ehtiyacına uyğun avtomatik suvarma həyata keçirməyi planlaşdırır.
Həmsöhbətimizin sözlərinə görə, layihənin əsas məqsədi suya qənaət etməkdir:
“Bu layihəni hazırlamaqda məqsədim suya qənaət etmək və bitkilərin ehtiyac duyduğu vaxtda avtomatik şəkildə suvarılmasını təmin etməkdir. Layihə vasitəsilə həm su israfının qarşısını almaq, həm də bitkilərin düzgün qulluq almasına kömək etmək istəyirəm.
Sistemdə torpağa rütubət sensoru yerləşdirilir. Sensor torpağın nəmlik səviyyəsini ölçür. Əgər torpağın rütubəti müəyyən olunmuş həddən aşağı düşərsə, su nasosu avtomatik olaraq işə başlayır və bitki suvarılır. Torpaq kifayət qədər su aldıqdan sonra isə nasos dayanır. Rütubət yenidən azaldıqda sistem avtomatik olaraq suvarmanı bərpa edir.
Sistemin hazırlanmasında Arduino lövhəsi, rütubət sensoru, su nasosu və enerji mənbəyindən istifadə olunur”.
“Layihənin bütün ideyası mənə məxsusdur”
“Onu da qeyd edim ki, prosesdə müəllimlərim mənə istiqamət verib, müəyyən məsələlərdə dəstək göstəriblər. Layihəni bir neçə ay əvvəl hazırlamışıq və artıq onun işlək nümunəsi mövcuddur.

Sistemin hazırlanması üçün lazım olan avadanlıqlar məktəb tərəfindən təmin olunub. Biz bu sistemi dərs çərçivəsində hazırlamağa başlamışıq və istifadə olunan qurğular məktəb tərəfindən qarşılanıb. Sistemin qurulması üzərində isə özüm çalışmışam".
Hazırda layihəni daha çox ideya və praktiki həll kimi inkişaf etdirmək istəyirəm:
"Satış və ya biznes tərəfi barədə konkret planım yoxdur. Gələcəkdə imkan yaranarsa və layihəyə maraq olarsa, onun kommersiyalaşdırılması da mümkündür.
Hesab edirəm ki, ağıllı suvarma sistemi həm suya qənaət baxımından, həm də bitkilərin daha səmərəli şəkildə qulluq alması baxımından faydalı ola bilər.
Layihənin gələcək inkişaf mərhələsində cihazın mobil telefonla əlaqələndirilməsini də nəzərdə tuturam. Bu halda istifadəçilər torpağın rütubət səviyyəsini telefon vasitəsilə izləyə və suvarma prosesini uzaqdan idarə edə bilərlər. Hətta xüsusi mobil tətbiq hazırlanarsa, sistemdən istifadə daha rahat və əlçatan olar.
Bu layihəni hazırlayarkən proqramlaşdırma, mühəndislik və yaradıcı düşünmə bacarıqlarımı inkişaf etdirdim. Gələcəkdə texnologiya sahəsində daha böyük layihələr hazırlamaq istəyirəm".
“Dərslərimi və layihələrimi vaxtımı düzgün planlaşdıraraq həyata keçirirəm”

“Hazırlıq dərslərinə gedib gəldikdən sonra boş vaxtım qalarsa, layihələrim və maraq dairəmə uyğun fəaliyyətlərlə məşğul oluram.
Dərslərdən əlavə müxtəlif hobbilərim də var. İdmana böyük maraq göstərirəm və xüsusilə futbolu sevirəm. Bundan başqa, boş vaxtlarımda kitab oxumağı da sevirəm. Daha çox detektiv janrda olan əsərlərə maraq göstərirəm.
Bundan əlavə, Respublika Fənn Müsabiqəsində və fənn olimpiadalarında iştirak etmişəm. Respublika Fənn Müsabiqəsində ikinci mərhələyə qədər yüksələ bilmişəm. Bu təcrübə mənim üçün faydalı olub və gələcəkdə də bu cür müsabiqələrdə iştirak etməyi planlaşdırıram”.