Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Məktəbli startapçılar” layihəsi davam edir.
AzEdu.az xəbər verir ki, layihənin əsas məqsədi paytaxt məktəblərində təhsil alan istedadlı və təşəbbüskar şagirdlərin innovativ ideyalarını ictimaiyyətə təqdim etmək, onların startap fəaliyyətlərini işıqlandırmaq və gənclər arasında sahibkarlıq düşüncəsini təşviq etməkdir.
Layihə çərçivəsində şagirdlər öz ideyalarını, hazırladıqları startap layihələrini və gələcək planlarını geniş auditoriya ilə bölüşmək imkanı əldə edirlər.
Layihənin budəfəki iştirakçısı 247 nömrəli tam orta məktəbin X sinif şagirdi Ayşən Bədəllidir.
O, IX sinif üzrə buraxılış imtahanında 264 bal toplayıb. Hazırda I ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan Ayşən gələcəkdə ADA Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsil almağı hədəfləyir.
Ayşənin layihəsi “Caloni X” adlanır. Layihə mikrobioloji analizlər zamanı bakteriya koloniyalarının sayılması prosesinin avtomatlaşdırılmasını nəzərdə tutur. Bu sistem qida təhlükəsizliyi, dərman istehsalı və ictimai sağlamlıq sahələrində aparılan analizlərin daha dəqiq və operativ şəkildə həyata keçirilməsinə xidmət edir.
A.Bədəllinin sözlərinə görə, hazırladığı sistem mikrobioloji analizlərdə bakteriya koloniyalarının sayılması prosesini həyata keçirir:

"Mikrobioloji analizlər qida təhlükəsizliyi, dərman istehsalı və ictimai sağlamlıq üçün kritik əhəmiyyət daşıyır. Bu analizlərdə bakteriya koloniyalarının düzgün və vaxtında sayılması nəticənin etibarlılığını birbaşa müəyyən edir. Əgər sayım gecikərsə və ya səhv aparılarsa, bu, həm maddi itkilərə, həm də sağlamlıq risklərinə səbəb ola bilər.
Mikrobiologiyada koloniyaların manual şəkildə sayılması hələ də geniş istifadə olunur. Manual sayım zamanı koloniyalar qələmlə tək-tək işarələnir və sayılır. “Caloni X” isə süni intellekt və robotexnika əsaslı texnologiyası vasitəsilə mikrobioloji analizlərdə bakteriya koloniyalarını avtomatik, sürətli və yüksək dəqiqliklə tanıyıb sayan ağıllı sistemdir.
Bu proses bir nümunə üçün 3-5 dəqiqə vaxt aparır və nümunələrin sayı çox olduqda ciddi vaxt itkisinə səbəb olur. Əvvəlki araşdırmalar da göstərir ki, eyni nümunə müxtəlif mütəxəssislər tərəfindən sayıldıqda nəticələr dəyişə bilir. Yəni proses hələ də tam standartlaşdırılmayıb. Məhz bu səbəbdən avtomatlaşdırılmış və süni intellekt əsaslı sistemlərə ehtiyac yaranır".
Həmsöhbətimiz sistemin işləmə qaydasına diqqət çəkib:
"“Caloni X” bu problemi kökündən həll etməyi hədəfləyir. Sistem ilk olaraq qabın görüntüsünü əldə edir, daha sonra süni intellekt modeli real vaxt rejimində bakteriya koloniyalarını tanıyır, ayırd edir və saniyələr ərzində sayır.
Bu sistem yalnız sayım aparmır, eyni zamanda istifadəçiyə tam hesabat təqdim edir. Nəticələr PDF, Excel və şəkil formatında əldə olunur ki, bu da laboratoriyalarda iş prosesini xeyli asanlaşdırır. “Caloni X” yalnız tibbi məqsədlərlə aparılan koloniya sayma prosesində deyil, eyni zamanda qida və dərman təhlükəsizliyi üçün zəruri olan tədqiqatlarda, peyvəndlərin hazırlanmasında, ətraf mühitin monitorinqində və ictimai sağlamlıq sahələrində də geniş istifadə oluna bilər".

Layihənin analoqlarının dünya praktikasında istifadə olunduğunu deyən Ayşən, öz sisteminin fərqli tərəflərindən də danışıb:
"Bəli, dünyada oxşar cihazlar mövcuddur. Lakin əsas fərq ondadır ki, həmin cihazlar əsasən klassik görüntü emalı üsullarına və ya təkmərhələli modellərə əsaslanır.
Onlar ya bahalıdır, ya da bütün bakteriya növlərini eyni dəqiqliklə tanıya bilmirlər. Yəni “Caloni X” təkcə sadə koloniya sayma cihazı deyil, sürətli, dəqiq və innovativ bir həlldir. Bu da onu dünyadakı oxşar layihələrdən fərqləndirir.
Mən inanıram ki, bu layihə inkişaf etdirilsə, nəinki ölkəmizdə, hətta bütün dünyada bu sahədə mövcud olan ciddi bir boşluğu doldura bilər".
"İdeya tamamilə mənim olsa da, sistemin hazırlanmasında bir neçə şəxs mənə kömək göstərir"
"Əlbəttə ki, mən bir şagird olaraq bunu təkbaşına tam hazırlaya bilməzdim. Bu proseslər, yəni koloniyaların yetişdirilməsi və digər mərhələlər laboratoriya şəraitində aparıldığı üçün mənə mentorum dəstək olub, müəllimlərim və ayrı-ayrı mütəxəssislərlə də əlaqələr saxlanılıb. Bu səbəbdən dəstək almışam, amma ideya tamamilə mənə məxsusdur.
Öz üzərimdə işləyərək, inkişaf edərək layihəmi dünyaya tanıtmaq istəyirəm. Gələcəkdə bunun satışı ilə də məşğul olmaq fikrim var. Çünki bayaq da qeyd etdiyim kimi, dünyada oxşar cihazlar mövcud olsa da, onlar çox bahalıdır və maliyyə baxımından əlçatan deyil.
Məsələn, bizim hazırladığımız cihaz təxminən 450 manata başa gələcək.
“Caloni X” layihəm barədə onu da demək istərdim ki, bu, çox ciddi bir layihədir. Məsələn, Azərbaycanda insanlara peyvəndlər və antibiotiklər tətbiq olunur. Bildiyiniz kimi, antibiotiklər hər insana eyni təsir göstərmir və müxtəlif allergik reaksiyalar yarana bilər. Analizlərin vaxtında və dəqiq aparılmaması insanların həyatını risk altına qoya bilər".
Ayşən daha əvvəl məktəblərdə bullinq hallarının qarşısını almağa yönəlmiş bir layihə üzərində də çalışıb:

"Mənim başqa bir layihəm də var idi. Onu 2025-ci ildə “Sabahın alimləri” müsabiqəsinə təqdim etmişdim və finala qədər yüksəlmişdim. Bu layihə süni intellekt vasitəsilə uşaqların emosiyalarını tanıyan və təqdim edən kamera sistemi idi.
Son zamanlar bullinq halları çox yayılıb və bu, daha çox azyaşlılar arasında müşahidə olunur. Layihənin məqsədi də bunun qarşısını almaq idi. Kameralar məktəblərə yerləşdirilir və hər gün uşaqların məktəbə əsəbi, qəmgin və ya xoşbəxt gəldiklərini müəyyən edərək məlumatları cədvəl şəklində toplayır. Daha sonra bu məlumatlar həftəlik olaraq məktəbin psixoloquna təqdim edilir ki, o da uşaqlarla müvafiq söhbətlər apara bilsin.
Həmin layihə ilkin mərhələdə qaldı, lakin mən “Calony X” layihəsini davam etdirmək istəyirəm".
Gənc startapçı boş vaxtlarını da şəxsi inkişafına sərf edir:
"Mən həm özümə, həm dərslərimə, həm də bu cür layihələrə rahatlıqla vaxt ayıra bilirəm. Çünki bunlara marağım var. Mən bu layihələrə hansısa dərs və ya məcburi iş kimi baxmıram. Maraqlı olduğu üçün edirəm və artıq bu fəaliyyətlər mənim üçün hobbi halını alıb.
Gün ərzində musiqi dinləyir, filmlər izləyir, piano çalır və kitablar oxuyuram.
Kitablar arasında əsasən fəlsəfi əsərləri sevirəm. Dostoyevski, Tolstoy, Viktor Hüqo və Albert Kamyunun əsərlərini oxumağı xoşlayıram. Musiqiyə də böyük marağım var. Piano çalmağı bacarıram və hazırda gitara çalmağı da öyrənirəm.
Dil biliklərimə gəldikdə isə, ingilis dilini orta səviyyədə bilirəm. Gələcəkdə xaricdə təhsil almaq niyyətim var. Bakalavr təhsilimi ADA Universitetində başa vurduqdan sonra magistratura təhsilimi Böyük Britaniyada almaq istəyirəm".
O, layihələrlə yanaşı, müxtəlif bilik və intellekt yarışlarında da özünü sınayıb:

"Mən indiyədək çoxsaylı yarışlarda iştirak etmişəm. Məsələn, “Sabahın alimləri” müsabiqəsinə iki dəfə qatılmışam və hər iki dəfə finala qədər yüksəlmişəm, lakin müəyyən səbəblərdən mükafat qazana bilməmişəm. Bununla belə, mənim üçün əsas olan qazandığım təcrübədir.
Bundan başqa, “Fibonacci” və “Brain Ring” kimi komanda yarışlarında iştirak etmişəm. Həmçinin informatika olimpiadasında final mərhələsinə qədər yüksəlmişəm, lakin orada da mükafat qazanmaq nəsib olmayıb.
İnanıram ki, bu yarışlarda qazandığım təcrübələr gələcəkdə mənə daha böyük uğurlar qazandıracaq və inşallah, növbəti yarışlarda qaliblər sırasında yer alacağam".