UNESCO müəllimlərin tədris prosesində şagirdlərin gündəlik həyatda istifadə edə biləcəyi bacarıqların inkişafına daha çox diqqət yetirməsinin vacibliyini vurğulayıb.
AzEdu.az xəbər verir ki, təşkilatın yayımladığı yeni materialda kimya, biologiya və vətəndaşlıq təhsilinin real həyatla əlaqələndirilməsinin əhəmiyyətindən bəhs olunur.
Qeyd olunur ki, dərslərin yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmaması, şagirdlərin əldə etdikləri məlumatları gündəlik həyatda tətbiq edə bilməsinə imkan yaratması vacibdir. Bu yanaşmanın onların problem həll etmə, qərarvermə və cəmiyyətdə fəal iştirak kimi bacarıqlarının inkişafına töhfə verə biləcəyi bildirilir.
UNESCO müəllimlərin bu prosesdə əsas rol oynadığını qeyd edib. Təşkilata görə, müəllimlər müxtəlif fənləri real həyatdakı məsələlərlə əlaqələndirməklə şagirdlər üçün tədrisi daha praktik və faydalı edə bilərlər.
Material 5 oktyabr – Ümumdünya Müəllimlər Günü ərəfəsində yayımlanıb. Bu gün dünyanın müxtəlif ölkələrində müəllimlərin cəmiyyətin inkişafındakı rolu diqqətə çatdırılır.
UNESCO hər il Ümumdünya Müəllimlər Günü münasibətilə müəllimlərin üzləşdiyi problemləri və təhsilin inkişafında onların rolunu gündəmə gətirir.