Azedu.az

Cəbrayılı ailələrinin xatirələrindən tanıyanlar, indi orada məktəbə gedirlər...

Şərqi Zəngəzur

4 Oktyabr 2026, 10:12
Cəbrayılı ailələrinin xatirələrindən tanıyanlar, indi orada məktəbə gedirlər...

Cəbrayıl şəhərində yaşayan və təhsil alan şagirdlər üçün doğma torpaqda məktəbə getmək yalnız təhsil prosesi deyil, həm də ailələrinin keçmişi ilə bağlı xatirələrin içində böyümək deməkdir.

AzEdu.az-a danışan Cəbrayıl şəhərində fəaliyyət göstərən Mehdi Mehdizadə adına məktəbin 8-ci sinif şagirdi Quliyeva Aybəniz Eldar qızı Cəbrayıl haqqında əvvəllər əsasən ailəsindən eşitdiyini bildirib:

“Əvvəllər Cəbrayıl haqqında əsasən ailəmdən eşitmişdim. Mənim üçün bir qədər uzaq, amma çox doğma bir yer idi. İndi burada yaşamaq və oxumaq isə tamam başqadır”.

Şagird doğma torpaqda təhsil almağın onun üçün qürurverici olduğunu deyib:

“Çox qəribə və gözəl hissdir. Fikirləşirəm ki, babalarımın, nənələrimin yaşadığı yerdə indi mən məktəbə gedirəm. Bu, mənim üçün çox qürurvericidir”.

Aybəniz Cəbrayılda məktəbə başladığı ilk günün əvvəlcə onun üçün həyəcanlı olduğunu, sonradan isə həm məktəbə, həm də şəhərə uyğunlaşdığını qeyd edib.

O, ailəsinin Cəbrayılla bağlı xatirələrinin də onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Ailəm Cəbrayıl haqqında çox danışıb. Uşaqlıqları, getdikləri yerlər, yaşadıqları ev haqqında xatirələrini bölüşüblər. İndi həmin yerləri görəndə onların danışdıqları yadıma düşür”.

Şagird Cəbrayılın yenidən qurulmasını gələcəyə ümid yaradan amil kimi dəyərləndirib:

“Yeni məktəblərin, yolların tikildiyini görəndə düşünürəm ki, gələcəkdə burada həyat daha da gözəl olacaq”.

Aybəniz Cəbrayılın onun üçün həm keçmiş, həm bu gün, həm də gələcək olduğunu bildirib:

“Keçmişimizdir, çünki ailəmizin xatirələri buradadır. Bu günümüzdür, çünki burada təhsil alıram. Gələcəyimizdir, çünki burada çox şeyin dəyişəcəyinə inanıram”.

8-ci sinif şagirdinin sözlərinə görə, o, gələcəkdə Cəbrayılın müasir və insanların rahat yaşadığı şəhərə çevrilməsini istəyir:

“İstəyirəm ki, bura çox gözəl və müasir şəhər olsun. İnsanlar burada rahat yaşasınlar. Uşaqlar da bizim kimi burada təhsil alsınlar”.

Aybəniz gələcəkdə doğma şəhərinə fayda vermək istədiyini də bildirib:

“Böyüyəndə burada öz işimi görmək, Cəbrayıla faydalı olmaq istəyirəm. Doğma şəhərimə faydam dəysin, mənim üçün ən gözəl şey bu olar”.

Cəbrayıl şəhərində fəaliyyət göstərən Mehdi Mehdizadə adına məktəbin 10-cu sinif şagirdi Qasımlı Musa Gündüz oğlu isə Cəbrayıl haqqında məlumatlarının əsasən ailəsinin danışdıqları və böyüklərin xatirələri əsasında formalaşdığını deyib.

“Bilirdim ki, bura ata-babalarımızın yaşadığı, çox gözəl təbiəti və zəngin tarixi olan doğma torpağımızdır. Bura, demək olar ki, ailəmin keçmişini ifadə edir”, – deyə şagird bildirib.

Musa doğma torpaqda yaşamağın və məktəbə getməyin onda qürur və sevinc hissi yaratdığını söyləyib:

“Əvvəllər yalnız haqqında eşitdiyim yerləri indi öz gözlərimlə görmək çox fərqli hissdir”.

O, Cəbrayılda ilk dəfə məktəbə gəldiyi günü də xüsusi xatırladığını bildirib:

“Həmin gün həm həyəcanlı, həm də sevincli idim. Yeni məktəb, yeni sinif yoldaşları və doğma torpaqda təhsil almaq mənim üçün unudulmaz idi”.

Musa ailəsinin ona Cəbrayılın təbiəti, insanları və keçmişi ilə bağlı danışdığı xatirələrin hazırda şəhərdə gördükləri ilə daha da mənalandığını qeyd edib:

“İndi həmin yerləri öz gözlərimlə görəndə ailəmin danışdıqlarını daha yaxşı anlayıram. Onların xatirələrindəki doğmalığı burada yaşadığım günlərdə hiss edirəm. Bu da mənim üçün çox dəyərlidir”.

10-cu sinif şagirdi Cəbrayılın gündən-günə yenilənməsinin onda gələcəyə böyük ümid yaratdığını deyib:

“Yeni məktəblərin, yolların və evlərin tikilməsi göstərir ki, doğma şəhərimiz yenidən inkişaf edir. İnanıram ki, gələcəkdə Cəbrayıl daha da gözəlləşəcək”.

Musa Cəbrayılın onun üçün keçmişi, bu günü və gələcəyi ifadə etdiyini vurğulayıb:

“Keçmişimdir, çünki ata-babalarımın yurdudur. Bu günümdür, çünki hazırda burada yaşayıram və təhsil alıram. Gələcəyimdir, çünki bütün arzularımın və planlarımın bir hissəsində doğma Cəbrayıl var”.

Şagird gələcəkdə Cəbrayılı müasir, inkişaf etmiş və insanların rahat yaşadığı şəhər kimi görmək istədiyini bildirib:

“Burada müasir məktəblərin, universitetlərin, xəstəxanaların və müxtəlif iş imkanlarının olmasını arzulayıram”.

Musa gələcəkdə seçəcəyi ixtisasla doğma şəhərinin inkişafına töhfə vermək istədiyini də qeyd edib:

“Mənim ən böyük arzularımdan biri yaxşı təhsil alaraq savadlı və peşəkar bir mütəxəssis olmaq, qazandığım bilik və bacarıqları doğma torpağımın inkişafı üçün istifadə etməkdir”.

Rus ordusunda PANİKA BAŞLADI - Əsgərlərdən kütləvi etiraz
Son xəbərlərDaha çox