20 oktyabr Zəngilan Şəhəri Günü doğma yurda qayıdışın, tarixi ədalətin və gələcəyə inamın rəmzidir. Bu gün azad Zəngilanda böyüyən, təhsil alan və gələcəklə bağlı arzular quran uşaqların sevincində Böyük Qayıdışın əsl mənası əks olunur. Doğma torpağında təhsil alan, gələcəkdə hüquqşünas olmaq və Zəngilanın inkişafına töhfə vermək istəyən Ağalı kənd tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Fatimə Göyüşova da bu sevincin daşıyıcılarındandır.
AzEdu.az onunla həmsöhbət olaraq doğma yurdda yaşamaq, təhsil almaq və gələcək arzuları barədə düşüncələrini öyrənib.
Zəngilan rayon Ağalı kənd tam orta məktəbinin VIII sinif şagirdi Fatimə Göyüşova qeyd edib ki, burada 4 ildir ki, təhsil alır:

“Mən Zəngilan rayonunun Ağalı kəndində yaşayıram. Artıq dörd ildir ki, burada təhsil alıram. Atam tərəfdən İmişli rayonundanam, anam isə Zəngilanın Üdgün kəndindəndir.
20 oktyabr Zəngilanın işğaldan azad olunduğu gündür. Bu tarixi günün qeyd edilməsi mənim üçün çox qürurvericidir. İşğaldan azad edilmiş torpaqlarda yaşamaq, şəhidlərimizin qanı tökülmüş, qazilərimizin mübarizə apardığı bu torpaqlarda böyümək mənim üçün xüsusi məna daşıyır.
Valideynlərim Zəngilanın havasını, təbiətini həmişə tərifləyirdilər. Buraya köçməzdən əvvəl də bu torpaqlar haqqında çox eşitmişdim. Onlar ümid edirdilər ki, köçdən sonra burada yaşayış bərpa olunacaq, təbiət yenidən canlanacaq. Bu gün həmin dəyişikliklərin şahidi olmaq sevindiricidir.
Zəngilanda yaşamağa başlayanda ilk növbədə qürur hissi keçirdim. Qohumlarımın çoxu Bakıda yaşadığı üçün onlar üçün də darıxıram. Ancaq burada həyat şəraiti çox yaxşıdır, yaşamaq rahatdır. Məktəbimizdə təhsil almağımız üçün hər cür imkan yaradılıb. Siniflərimizdə smart lövhələr var, kimya, biologiya və fizika fənləri üçün ayrıca kabinetlər fəaliyyət göstərir. Texnologiya otağımızda həm qızlar, həm də oğlanlar üçün müvafiq şərait yaradılıb. Burada rahat şəkildə təhsil ala bilirəm.Ailədə dörd bacıyıq və mən ən böyüyüyəm. İki bacım VI sinifdə, biri III sinifdə oxuyur, ən kiçik bacım isə Ağalı kəndindəki bağçaya gedir".
Gələcəkdə hüquqşünas olmaq istəyirəm:

"Üçüncü ixtisas qrupu üzrə hazırlaşmağı və ADA Universitetində təhsil almağı planlaşdırıram. Gələcəkdə harada işləyəcəyim barədə hələ dəqiq qərar verməmişəm. Ancaq Zəngilanda işləmək istərdim. Çünki burada təhsil almışam və doğma torpaqlarımın inkişafına öz töhfəmi vermək istəyirəm.
Zəngilanın gəzməli və görməli yerləri də çoxdur. Zəngilan Şəhəri Günü münasibətilə Məmmədbəyli türbəsini ziyarət etdik. Burada tarixi və mədəni məkanlarla yanaşı, geniş yaşayış kompleksləri də var.
Zəngilanın işğaldan azad olunmasından sonra burada belə tədbirlərin təntənəli şəkildə keçirilməsi bizi çox sevindirir. Bu günləri görmək bizim üçün böyük xoşbəxtlikdir. Zəngilanın bütün sakinlərini Şəhər Günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, bu torpaqlarda həyat daim inkişaf etsin, sevinc və əmin-amanlıq hökm sürsün”.