Bakı Mühəndislik Universiteti (BMU) “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat işinin nəticəsi olan məhsul və innovativ həllərlə təmsil olunur.
AzEdu.az xəbər verir ki, sərgidə BMU-nun Kimya mühəndisliyi laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin nəticələri, o cümlədən müxtəlif müdafiə sistemlərində istifadə üçün hazırlanmış yeni tərkiblər təqdim edilir.
BMU-nun rektoru Yaqub Piriyev universitetin stendinə baxış keçirib, burada müdafiə sənayesi üçün əhəmiyyətli kimyəvi məhsulların təqdimatını izləyib və sərgi iştirakçıları ilə söhbət edib.
Elmi nəticələrin müdafiə sənayesi üçün əhəmiyyətini artıran əsas məqamlardan biri onların praktiki sınaqlardan keçirilməsidir. Yeni tərkiblər müvafiq aidiyyəti qurumlarda konkret istiqamətlər üzrə sınaqdan keçirilib və müsbət nəticələr əldə olunub. Bu, universitetdə aparılan tətbiqyönümlü tədqiqatların real istehsal və sənaye ehtiyaclarına uyğunlaşdırılması baxımından mühüm göstəricidir.
Universitetin sərgidə nümayiş etdirdiyi elmi-tədqiqat nəticələri ilkin alışdırma və enerji impulsunun formalaşdırılması, enerjinin ötürülməsi və gücləndirilməsi, yanma prosesinin və vaxt intervalının tənzimlənməsi, eləcə də hərəkətverici qüvvənin təmin edilməsi kimi müdafiə sənayesi üçün mühüm istiqamətləri əhatə edir. Bu məhsulların müxtəlif müdafiə təyinatlı sistemlərin funksional komponentlərinin hazırlanmasında tətbiq imkanları var.
Təqdim olunan həllər sırasında alışdırıcı, aktivləşdirici, ləngidici və gücləndirici tərkiblər, bərk raket yanacağı və nitrosellüloza xüsusi yer tutur. Bu tədqiqatlar energetik materialların hazırlanması, ilkin alışdırma, enerjinin ötürülməsi və gücləndirilməsi, yanma prosesinin tənzimlənməsi və hərəkətverici sistemlər üçün material təminatı kimi istiqamətləri əhatə edir.
Tədqiqatların digər istiqamətini energetik materiallar və onların komponentləri təşkil edir. Bura tüstüsüz barıt istehsalında və bərk raket yanacaqlarında energetik bağlayıcı, həmçinin pirotexniki kompozisiyalarda əsas komponent kimi istifadə olunan tərkiblər daxildir. Bərk raket yanacağı müxtəlif təyinatlı raket və reaktiv sistemlərdə hərəkətverici qüvvənin təmin edilməsində tətbiq edilir. Yüksək energetik xüsusiyyətlərə malik digər kimyəvi tərkib isə müxtəlif hərbi təyinatlı partlayıcı kompozisiyalarda istifadə imkanları ilə seçilir.