Azedu.az

BMU professorunun monoqrafiyası “Springer”də nəşr olunacaq

Ali təhsil

29 Sentyabr 2026, 14:23
BMU professorunun monoqrafiyası “Springer”də nəşr olunacaq

Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamovun yeni monoqrafiyası dünyanın nüfuzlu “Springer” nəşriyyatında nəşr olunacaq.

AzEdu.az xəbər verir ki, “Computational Modeling, Design, and Performance Optimization of Advanced Wireless and Telecommunication Systems” (“Qabaqcıl simsiz və telekommunikasiya sistemlərinin hesablama modelləşdirilməsi, layihələndirilməsi və performansının optimallaşdırılması”) adlı monoqrafiyada müasir simsiz və telekommunikasiya sistemlərinin hesablama modelləşdirilməsi, layihələndirilməsi və optimallaşdırılması məsələləri araşdırılır.

Kitabda elektromaqnit modelləşdirmə, antenaların layihələndirilməsi və optimallaşdırılması, telekommunikasiya sistemlərinin təhlükəsizliyi, enerji səmərəliliyi və maneələrə davamlılığı, akustik və elektroakustik sistemlərin modelləşdirilməsi, eləcə də elektron mübarizə şəraitində pilotsuz uçuş aparatlarının rabitə və telemetriya sistemləri kimi aktual elmi-texniki istiqamətlər kompleks şəkildə tədqiq edilir.

Monoqrafiyanın əsas xüsusiyyətlərindən biri simsiz rabitə və telekommunikasiya sistemlərinin müxtəlif komponentlərinin vahid hesablama və mühəndislik yanaşması çərçivəsində nəzərdən keçirilməsidir. Kitabda nəzəri yanaşmalarla yanaşı, kompüter modelləşdirilməsi, hesablama eksperimentləri və eksperimental qiymətləndirmə metodlarından istifadə olunması onun həm elmi, həm də tətbiqi əhəmiyyətini artırır. Monoqrafiyada təqdim olunan yanaşmalardan yeni nəsil simsiz rabitə, peyk rabitəsi, antena sistemləri, telekommunikasiya şəbəkələri və pilotsuz sistemlər üzrə elmi-tədqiqat və layihələndirmə işlərində istifadə edilə bilər.

Nəşr radiotexnika, telekommunikasiya və simsiz rabitə sahələri üzrə bakalavr və magistr tələbələri, doktorantlar, elmi tədqiqatçılar, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də qeyd olunan istiqamətlər üzrə fəaliyyət göstərən mühəndislik və istehsalat mütəxəssisləri üçün nəzərdə tutulub.

Monoqrafiyanın nüfuzlu beynəlxalq nəşriyyatda çapa qəbul edilməsi BMU-da aparılan elmi-tədqiqat işlərinin beynəlxalq elmi-nəşr mühitinə inteqrasiyası baxımından əhəmiyyətli göstəricidir. Kitab professor İslam İslamovun radiotexnika, antena mühəndisliyi, elektromaqnit modelləşdirmə və telekommunikasiya sistemləri istiqamətində apardığı tədqiqatların nəticələrinin beynəlxalq elmi ictimaiyyətə təqdim olunmasına töhfə verəcək.

Türkiyəli generaldan canlıda xəbərdarlıq - Ağlınızı başınıza yığın!
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox