Azedu.az

2 yaşında Cəbrayıldan ayrılıb, müəllim kimi geri qayıtdı: “Bu torpaq məni tanıyır” - MÜSAHİBƏ

Müsahibə və reportajlar

4 Oktyabr 2026, 09:07
2 yaşında Cəbrayıldan ayrılıb, müəllim kimi geri qayıtdı: “Bu torpaq məni tanıyır” - MÜSAHİBƏ

4 oktyabr - Cəbrayıl şəhəri Günüdür. Bu əlamətdar tarix münasibətilə doğma torpağına illər sonra müəllim kimi qayıdan, hazırda Cəbrayıl şəhərində fəaliyyət göstərən Mehdi Mehdizadə adına məktəbin coğrafiya müəllimi Günay Məmmədli ilə həmsöhbət olduq.

Uşaqlıq illərini Cəbrayıldan kənarda keçirən, doğma yurdunu uzun illər ailə üzvlərinin xatirələri əsasında tanıyan Günay Məmmədli üçün Cəbrayıla qayıdış yalnız doğulduğu torpağa dönüş deyil, həm də uşaqlıqdan eşitdiyi xatirələrin gerçəyə çevrilməsidir.

Qeyd edək ki Günay müəllim ötən gün “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

AzEdu.az-a danışan Günay müəllim Cəbrayılı ilk dəfə gördüyü anı, doğma torpağa müəllim kimi qayıdışını, ailəsinin illər ərzində ona danışdığı Cəbrayıl ilə bu gün gördüyü Cəbrayıl arasındakı fərqləri və burada yaşayan uşaqların gələcəyi ilə bağlı arzularını bölüşüb.

Müsahibəni təqdim edirik:

- Günay müəllim, 1991-ci ildə Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olmusunuz və hələ iki yaşınız tamam olmamış ailənizlə birlikdə doğma yurdunuzdan köçkün düşmüsünüz. Cəbrayıl sizin üçün uşaqlıqdan necə bir məkan kimi formalaşıb?

- Mən Cəbrayıldan çox kiçik yaşda ayrıldığım üçün onun küçələrini, evimizi, həyətimizi xatırlaya bilmirəm. Amma buna baxmayaraq, Cəbrayıl mənim üçün heç vaxt uzaq və yad bir yer olmayıb. Çünki mən Cəbrayılı ailəmin söhbətlərində böyümüşəm. Atamın, anamın, nənəmin, babamın danışdıqları xatirələr mənim üçün sanki bir uşaqlıq kitabının səhifələri olub. Mənim Cəbrayıl haqqında yaddaşım gözlə gördüklərimdən çox, ürəyimdə böyüyən xatirələrdən ibarətdir.

- Siz Cəbrayılı uzun illər öz gözlərinizlə deyil, ailənizin – nənənizin, babanızın, atanızın və ananızın xatirələri ilə tanımısınız. Onların sizə danışdığı Cəbrayıl necə idi?

- Onların danışdığı Cəbrayıl çox doğma, çox gözəl və həyat dolu bir yer idi. Evimizdən, kəndimizdən, qonşulardan, həyətlərdən, torpaqdan danışardılar. Mən həmin söhbətlərə qulaq asanda Cəbrayılı gözlərimdə canlandırmağa çalışardım. Bəzən elə hiss edirdim ki, sanki mən də o həyətlərdə gəzmişəm, o torpağın havasını udmuşam. Ailəmin danışdığı Cəbrayıl mənim üçün həmişə yaşıl, isti və doğma bir yurd olub.

- Uşaqlıq illərinizdə ailənizin Cəbrayılla bağlı danışdığı hansı xatirə sizin yaddaşınızda daha çox qalıb?

- Ən çox evimiz və doğma kəndimizlə bağlı danışılan xatirələr yadımdadır. Onların danışıq tərzindən hiss olunurdu ki, Cəbrayıl onlar üçün sadəcə yaşadıqları yer olmayıb, həyatlarının bir parçası olub. Mənə ən çox təsir edən də bu idi: illər keçsə də, insan doğulduğu torpağı ürəyindən silə bilmir.

- Cəbrayılı ilk dəfə öz gözlərinizlə gördüyünüz anı necə xatırlayırsınız? Həmin anda ilk hiss etdiyiniz duyğu nə oldu?

- Bu anı sözlə ifadə etmək mənim üçün çox çətindir. Çünki mən Cəbrayılı ilk dəfə görəndə həm uşaqlıqdan eşitdiyim bir yerə qayıdırdım, həm də heç vaxt öz gözlərimlə görmədiyim doğma torpağı ilk dəfə tanıyırdım. İçimdə qəribə bir hiss vardı – həm sevinc, həm kövrəklik, həm də böyük bir həsrət. Torpağa baxanda düşünürdüm ki, mən bu yeri xatırlamıram, amma bu yer məni tanıyır. Çünki mənim köklərim buradadır.

- Günay müəllim, 2024-cü ildə doğma torpağınıza bu dəfə müəllim kimi qayıtmısınız. İllər sonra Cəbrayıla qayıdışınız necə baş verdi?

- 2024-cü ildə Cəbrayıla qayıdışım könüllü müraciətimlə baş verdi. Mən artıq Mehdi Mehdizadə adına məktəbdə müəllim kimi fəaliyyət göstərirdim. Cəbrayılın yenidən qurulduğu və insanların doğma torpaqlarına qayıtdığı bir vaxtda burada işləmək üçün könüllü olaraq müraciət etdim. Doğma torpağıma qayıdaraq ilk müəllimlərdən biri olmaq mənim üçün sadəcə iş yeri dəyişikliyi deyildi. Bu, illərdir içimdə daşıdığım bir arzunun gerçəkləşməsi idi.

Müəllimlik mənim üçün onsuz da ən şərəfli peşədir. Amma bu peşəni öz doğma torpağımda, Cəbrayılın yenidən qurulmasının ilk illərində davam etdirmək həmin şərəfi mənim üçün daha da mənalı etdi. Bir vaxtlar bu torpaqdan uşaq yaşımda ayrılmışdım, illər sonra isə öz istəyimlə, müəllim kimi geri qayıtdım. Bu dəfə Cəbrayıla sadəcə doğulduğum yer kimi deyil, gələcəyinə töhfə vermək istədiyim bir yurd kimi qayıtdım.

- Ailənizin danışdığı Cəbrayılla qarşılaşdığınız Cəbrayıl arasında hansı fərqlər vardı? Dağıntıları öz gözlərinizlə görmək sizdə hansı hissləri yaratdı?

- Ailəmin danışdığı Cəbrayıl mənim xəyalımda çox gözəl və canlı idi. Qarşılaşdığım mənzərə isə çox ağır idi. Dağıntıları görəndə insanın ürəyi ağrıyırdı. Çünki burada bir vaxtlar insanların yaşadığı, uşaqların böyüdüyü evlər, küçələr, həyat vardı. Amma həmin ağrının içində bir ümid də hiss olunurdu. Çünki artıq Cəbrayıl yenidən qurulurdu. Mən dağıntılara baxarkən həm keçmişi düşündüm, həm də qarşıdakı gözəl günləri təsəvvür etdim.

- Doğma torpağa müəllim kimi qayıtmaq sizin üçün nə deməkdir? Sizcə, müəllim olaraq Cəbrayılın yenidən qurulmasına hansı töhfəni verirsiniz?

- Müəllim kimi qayıtmaq mənim üçün çox böyük mənəvi anlam daşıyır. Mən burada yalnız dərs demirəm. Mən həm də bu torpağın gələcəyini formalaşdıracaq uşaqlara bilik, sevgi və inam verməyə çalışıram. Cəbrayılın yolları, binaları yenidən qurulduğu kimi, onun təhsil mühiti və uşaqlarının arzuları da qurulur. Mən də bu prosesin kiçik bir parçası olduğum üçün özümü çox şanslı hiss edirəm.

- İllərlə ailənizdən eşitdiyiniz Cəbrayıl təsəvvürü ilə bu gün burada yaşadığınız Cəbrayıl arasında hansı ortaq duyğunu görürsünüz?

- Dəyişməyən ən böyük duyğu doğmalıqdır. Zaman keçib, çox şey dəyişib, amma bu torpağın insanın içində yaratdığı hiss dəyişməyib. Mən ailəmdən Cəbrayılı necə doğma eşitmişdimsə, bu gün burada yaşayanda da eyni doğmalığı hiss edirəm.

-İşğaldan azad olunmasından sonra Cəbrayılın yenidən qurulduğunu, insanların geri qayıtdığını və uşaqların burada təhsil aldığını görmək sizdə hansı düşüncələri yaradır?

-Məncə, bunun ən gözəl tərəfi həyatın yenidən qayıtmasıdır. Bir vaxtlar sükutun olduğu yerlərdə indi uşaqların səsi eşidilir. Məktəblər fəaliyyət göstərir, insanlar işləyir, ailələr qayıdır. Bu mənzərə mənə göstərir ki, yurd yalnız binalardan ibarət deyil. Əsl yurd insanlarla, uşaqların gülüşü ilə, məktəb zəngi ilə yenidən canlanır.

-Bu gün Cəbrayılın küçələrində uşaqların səsini eşitmək sizin üçün nə ifadə edir?

-Bu, mənim üçün çox böyük xoşbəxtlikdir. Çünki uşaqların səsi həyat deməkdir. Mən Cəbrayılın küçələrində uşaqların səsini eşidəndə düşünürəm ki, bu torpağın gələcəyi artıq buradadır. Bəlkə də mənim yaşaya bilmədiyim uşaqlığı bu gün başqa uşaqlar burada yaşayırlar. Bu fikir mənə xüsusi bir rahatlıq verir.

-Sizcə, Cəbrayılın yenidən qurulmasında məktəblərin və müəllimlərin rolu nədən ibarətdir?

-Məktəb bir yaşayış məntəqəsinin ürəyidir. Məktəb varsa, orada həyat var, gələcək var. Müəllimin vəzifəsi isə sadəcə dərs keçmək deyil. Uşaqlara öz torpaqlarını sevdirmək, onları savadlı, vətəninə bağlı və gələcəyə inamlı böyütməkdir. Mən düşünürəm ki, Cəbrayılın gələcək simasının formalaşmasında müəllimlərin böyük rolu olacaq.

-Doğma torpaqlarına qayıdan uşaqlara müəllim kimi baxanda onların Cəbrayılla bağlı hisslərində hansı fərqləri görürsünüz?

-Onların Cəbrayılla bağlı hissləri mənimkindən fərqlidir. Mən Cəbrayılı daha çox ailəmin xatirələri ilə tanımışam. Bu uşaqlar isə burada yaşayır, məktəbə gəlir, dostları ilə birlikdə böyüyürlər. Onlar Cəbrayılı artıq öz xatirələri ilə tanıyacaqlar. Mənim üçün bu, çox gözəl bir fərqdir.

-Siz Cəbrayılın keçmişini ailənizin xatirələrindən öyrənmisiniz. Bəs bu gün burada yaşayan uşaqların Cəbrayıl haqqında hansı xatirələrlə böyüməsini istəyərdiniz?

-İstəyərdim ki, onların Cəbrayıl haqqında xatirələri ağrı və dağıntılarla deyil, məktəb zəngi, dostluq, uşaqlıq, sevinc və gözəl günlərlə bağlı olsun. İstəyərdim ki, onlar illər sonra “Cəbrayıl mənim uşaqlığımın ən gözəl yeridir” deyə bilsinlər. Mənim üçün bundan böyük xoşbəxtlik olmazdı.

-Cəbrayılın yenidən qurulmasını ailənizin sizə danışdığı keçmişlə müqayisə etdikdə, gələcəklə bağlı hansı mənzərəni təsəvvür edirsiniz?

-Mən gələcəkdə Cəbrayılı daha da gözəl, canlı və insanların xoşbəxt yaşadığı bir şəhər kimi təsəvvür edirəm. Ailəmin danışdığı keçmiş Cəbrayılın doğmalığı ilə bu gün qurulan yeni Cəbrayılın imkanlarının birləşməsini istəyirəm. Elə bir Cəbrayıl ki, həm keçmişini qorusun, həm də gələcəyə inamla baxsın.

-İllər əvvəl bu torpaqdan ayrılan bir uşağın illər sonra həmin torpağa müəllim kimi qayıtması sizin üçün həyatınızın hansı mənasını daşıyır?

-Mən bunu həyatımın ən mənalı dönüş nöqtələrindən biri hesab edirəm. İki yaşına çatmamış bu torpaqdan ayrılan bir uşaq illər sonra yenidən həmin torpağa qayıdır və burada uşaqlara dərs deyir. Bu, mənim üçün sadəcə qayıdış deyil. Sanki həyat mənə yarımçıq qalmış bir hekayənin davamını yazmaq imkanı verib.

- Əgər bu gün Cəbrayıldan köçkün düşdüyünüz iki yaşınızdakı Günayla danışmaq imkanınız olsaydı, ona nə deyərdiniz?

- O balaca Günaya deyərdim ki: “Qorxma, bir gün yenidən doğma torpağına qayıdacaqsan. Həm də təkcə qayıtmayacaqsan, burada uşaqlara dərs deyən müəllim olacaqsan. Bir gün bu torpağın küçələrində yenidən uşaqların səsini eşidəcəksən".

Bəlkə də ən çox bunu deyərdim: “Sənin itirdiyini düşündüyün yurd səni heç vaxt unutmayıb".

- Cəbrayılın işğaldan azad olunması sizin ailəniz üçün nə dəyişdi? Bu xəbəri ilk eşitdiyiniz günü xatırlayırsınızmı?

- Bu xəbər bizim üçün illərlə gözlənilən bir xəbər idi. Cəbrayılın azad olunması ilə sanki ailəmizin uzun illərdir yarımçıq qalan bir cümləsi tamamlandı. Həmin günün sevincini sözlə ifadə etmək çətindir. Çünki bu, sadəcə bir torpağın azad olunması deyildi. Bu, bizim üçün ata-baba yurduna qayıtmaq ümidinin yenidən gerçəyə çevrilməsi idi.

- Bu gün Cəbrayılda yaşadığınız hissləri ailənizlə bölüşəndə onların reaksiyası necə olur?

- Onlar mənim danışdıqlarımı böyük maraq və kövrəkliklə dinləyirlər. Mən burada gördüklərimi, məktəbi, uşaqları, küçələri danışanda sanki onlar da mənimlə birlikdə Cəbrayıla qayıdırlar. Bəzən mənə elə gəlir ki, mən burada yalnız öz adımdan deyil, ailəmin adından da yaşayıram.

- Sizcə, Cəbrayılın yenidən qurulması yalnız binaların və yolların tikilməsi ilə ölçülür, yoxsa burada daha böyük bir qayıdış prosesi gedir?

-Məncə, bu, daha böyük bir qayıdışdır. Binalar, yollar, məktəblər, parklar əlbəttə ki, çox vacibdir. Amma əsl qayıdış insanların öz evlərinə, uşaqların öz məktəblərinə, ailələrin öz torpaqlarına dönməsidir. Həyatın yenidən başlamasıdır. Cəbrayılda bu gün məhz belə bir proses gedir.

- Gələcəkdə Cəbrayılı necə görmək istəyirsiniz? Mahmudlu kəndi və ümumilikdə Cəbrayıl sizin xəyalınızdakı yurd obrazına necə qayıda bilər?

- Mən Mahmudlunu insanların xoşbəxt yaşadığı, uşaqların böyüdüyü, evlərin işıqlarının yandığı bir kənd kimi görmək istəyirəm. İstəyirəm ki, bir gün orada uşaqların gülüşünü eşidim və düşünüm ki, mənim vaxtilə ayrıldığım torpaqda həyat yenidən öz axarına qayıdıb. Cəbrayılın mənim xəyalımdakı ən gözəl halı budur – doğma, canlı və gələcəyə ümidlə baxan Cəbrayıl.

- Sonda, Cəbrayılın işğaldan azad olunmasının ildönümündə doğma yurduna qayıdan bir müəllim kimi oxuculara nə demək istərdiniz?

- Demək istərdim ki, doğma torpaq insanın həyatında heç vaxt sadəcə bir ünvan olmur. Bəzən insan illərlə ondan uzaqda yaşayır, amma ürəyinin bir parçası həmişə orada qalır.

Mən iki yaşım tamam olmadan Cəbrayıldan ayrıldım. Amma Cəbrayıl məndən heç vaxt ayrılmadı. İllər sonra bu torpağa müəllim kimi qayıtmaq mənim üçün böyük bir xoşbəxtlikdir.

Bu gün burada uşaqların səsini eşidəndə düşünürəm ki, biz təkcə torpağa qayıtmamışıq, həyata qayıtmışıq. Mən istəyirəm ki, bu torpaqda böyüyən uşaqlar Cəbrayılı heç vaxt yalnız bir tarix kimi deyil, öz uşaqlıqları, arzuları və gələcəkləri kimi xatırlasınlar.

Mənim ən böyük arzum budur ki, bir gün Cəbrayıl haqqında danışanda artıq “qayıdış” sözünə ehtiyac qalmasın. Çünki insanlar öz doğma yurdlarında həmişəlik, rahat və xoşbəxt yaşasınlar.

Rus ordusunda PANİKA BAŞLADI - Əsgərlərdən kütləvi etiraz
Son xəbərlərDaha çox