Özbəkistanda Məktəbəqədər və Məktəb Təhsili Nazirliyi, Ali Təhsil, Elm və İnnovasiya Nazirliyi vahid Təhsil və Elm Nazirliyinə çevrilib.
AzEdu.az yerli mediaya istinadən xəbər verir ki, müvafiq fərman Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanıb.
Məlumata görə, islahatın əsas məqsədi ölkədə vahid təhsil, tərbiyə və elm sistemi yaratmaqdır. Yeni qurumun funksiyalarına təhsil müəssisələrinin işini təşkili, bu sahədə fəaliyyət üçün tələblərin müəyyən edilməsi, akkreditasiya və lisenziyalaşdırma daxil olacaq.
İslahat təhsilin müxtəlif səviyyələri üçün vahid idarəetmə sistemini və onlar arasında davamlılığın təmin edilməsini nəzərdə tutur. Sənəddə həmçinin təhsilin keyfiyyətinin və effektivliyinin artırılması, eləcə də sistemin cəmiyyət qarşısında hesabatlılığının gücləndirilməsi məqsədi də qoyulub.
Müvafiq olaraq, ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov, məktəbəqədər və məktəb təhsili naziri Ezozxon Kərimova vəzifələrindən azad ediliblər.
Özbəkistanda ali təhsil sahəsində bir sıra islahatlar planlaşdırılır, o cümlədən hökumətin müdaxiləsinin azaldılması, universitetlərin muxtariyyətinin genişləndirilməsi və qeyri-hökumət sektorunun inkişafı üçün şərait yaradılması.