Azedu.az

Yüksək MİQ balı çox saat tələb etməyə əsas vermir - Şura üzvü

Müəllimlər və elm adamları

2 Oktyabr 2026, 10:17
Yüksək MİQ balı çox saat tələb etməyə əsas vermir - Şura üzvü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında dərs bölgüsü ilə bağlı mübahisə yaşanıb.

Müəllimlər arasında dərs bölgüsü necə aparılmalıdır ki, narazılıq və mübahisələrin qarşısı alınsın? 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib ki, dərs bölgüsündə əsas məsələ neçə saatın kimə verilməsi deyil, qərarın hansı meyarlarla və nə dərəcədə şəffaf qəbul edilməsidir:

“Müəllimlər arasında dərs bölgüsü məktəb idarəçiliyində ən həssas məsələlərdən biridir. Hesab edirəm ki, burada əsas məsələ yalnız neçə saatın kimə verilməsi deyil, həmin qərarın hansı meyarlarla və nə dərəcədə şəffaf şəkildə qəbul edilməsidir. Müəllim hansı əsasla ona müəyyən sayda dərs saatı ayrıldığını bilməlidir. Əgər meyarlar əvvəlcədən aydın şəkildə izah olunarsa, narazılıq və mübahisələrin də böyük ölçüdə qarşısını almaq mümkündür.

Dərs bölgüsü aparılarkən ilk növbədə mövcud normativ tələblər, müəllimin ixtisas uyğunluğu, qiymətləndirmə nəticələri, əvvəlki dərs yükünün davamlılığı, məktəbdə həmin fənn üzrə mövcud saatların sayı və müəllimlər arasında proporsionallıq nəzərə alınmalıdır. Burada subyektiv münasibətlərin qərara təsir etməsinə imkan verilməməlidir”.

MİQ-dən 90 və ya 100 bal toplamaq sonradan əlavə dərs saatı tələb etmək üçün əsas ola bilməz:

“MİQ nəticəsinə gəlincə, yüksək MİQ balı, əlbəttə, müəllimin müsabiqə zamanı göstərdiyi bilik və bacarıq səviyyəsini əks etdirən mühüm göstəricidir. Lakin dərs bölgüsünü yalnız MİQ balına əsaslandırmaq da düzgün yanaşma olmaz. Müəllimin hazırkı peşəkar qiymətləndirmə nəticələri, ixtisası, mövcud dərs yükü və qüvvədə olan digər meyarlar birlikdə nəzərə alınmalıdır. Yəni “MİQ balım daha yüksəkdir, deməli, mütləq daha çox dərs saatı mənə verilməlidir” yanaşmasını avtomatik qayda kimi qəbul etmək olmaz.

Bəzən müəllimlər MİQ balını ön plana çıxarırlar. Amma MİQ nəticəsinə əsasən məktəbə qəbul olunan müəllim seçdiyi məktəbdəki dərs yükünü əvvəlcədən bilir. Məsələn, X nömrəli məktəbdə 12 saat dərs yükü varsa və mən həmin məktəbi seçərək qəbul olmuşamsa, MİQ-dən 90 və ya 100 bal toplamağım sonradan əlavə dərs saatı tələb etmək üçün əsas ola bilməz. Çünki mən həmin məktəbi 12 saat dərs yükü ilə seçmişəm.

Bu, növbəti illərdə də müəllimin eyni saatla işləməli olduğu anlamına gəlmir. Sonrakı illərdə MİQ və sertifikasiya nəticələri, diaqnostik qiymətləndirmədəki göstəricilər, müəllimin pedaqoji fəaliyyəti, məktəbdə həmin fənn üzrə mövcud dərs saatlarının və müəllimlərin sayı kimi amillər nəzərə alınmalıdır.

Əsas məsələ odur ki, eyni vəziyyətdə olan müəllimlərə eyni meyarlar tətbiq edilsin. Məsələn, bir müəllim üçün qiymətləndirmə nəticəsi əsas götürülürsə, eyni fənni tədris edən digər müəllimə münasibətdə də bu prinsip nəzərə alınmalıdır. Əks halda müəllimlərdə haqlı olaraq ədalətsizlik hissi yarana bilər”.

Yüksək nəticə göstərən müəllimlə zəif nəticə göstərən müəllim arasında fərq olmalıdır, lakin dərs bölgüsündə yalnız bal meyarı əsas götürülməməlidir:

“Burada yalnız rəqəmlər deyil, humanist yanaşma da müəyyən rol oynaya bilər. Məsələn, müəllimlər arasında nəticə baxımından cüzi fərq olduğu halda, ehtiyacı daha çox olan həmkarına dəstək məqsədilə digər müəllimlərin öz saatlarının bir hissəsindən güzəşt etməsi mümkündür. Ona görə də dərs bölgüsünə yalnız “kim daha çox bal toplayıbsa, daha çox saat almalıdır” prinsipi ilə yanaşmaq bütün vəziyyətləri əhatə etmir.

Əlbəttə, yüksək nəticə göstərən müəllimlə zəif nəticə göstərən müəllim arasında fərq olmalıdır və burada diferensial yanaşma vacibdir. Lakin müəllimlərin qarşılıqlı anlayışı və rəhbərliyin bölgünün hansı prinsiplərlə aparıldığını açıq şəkildə izah etməsi narazılıqların qarşısını almağa kömək edə bilər”.

Dərs bölgüsü şəxsi münasibətlərə deyil, obyektiv göstəricilərə, vahid meyarlara və ədalətli yanaşmaya əsaslanmalıdır:

“Düşünürəm ki, məktəb rəhbərliyi dərs bölgüsü başa çatdıqdan sonra müəllimlərə sadəcə “sizə bu qədər saat düşdü” deməklə kifayətlənməməli, bölgünün hansı prinsiplərlə aparıldığını da izah etməlidir. Şəffaflıq yalnız sənədlərin düzgün hazırlanması deyil, verilən qərarın müəllim üçün anlaşılan və əsaslandırılmış olmasıdır.

Məktəbdə sağlam pedaqoji mühitin qorunması üçün dərs bölgüsü şəxsi münasibətlərə deyil, obyektiv göstəricilərə, vahid meyarlara və ədalətli yanaşmaya əsaslanmalıdır. Müəllim qərarla razılaşmasa belə, həmin qərarın hansı qayda və göstəricilər əsasında verildiyini aydın şəkildə görə bilməlidir. Bu yanaşma həm rəhbərliyə inamı artırar, həm də müəllimlər arasında lazımsız qarşıdurmaların qarşısını alar”.

TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ö*lənlər var
Son xəbərlərDaha çox