Azedu.az

Uşaqları internetdən uzaq tutmaq lazımdır, yoxsa öyrətmək?

AzEdu Təhsil Platforması

3 Oktyabr 2026, 11:35
Uşaqları internetdən uzaq tutmaq lazımdır, yoxsa öyrətmək?

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması üçün yeni yanaşmaların tətbiqi gündəmdədir.

Sosial şəbəkələrdə yaş məhdudiyyətləri, platformaların məsuliyyətinin artırılması, məktəblərdə cihaz istifadəsinin tənzimlənməsi və rəqəmsal savadlılığın təhsil proqramlarına daxil edilməsi bu istiqamətdə əsas müzakirə mövzularındandır.

Mütəxəssislər hesab edirlər ki, uşaqların internetdə təhlükələrdən qorunması yalnız nəzarət mexanizmləri ilə məhdudlaşmamalı, onlara rəqəmsal mühitdən təhlükəsiz və düzgün istifadə bacarıqları da aşılanmalıdır.

AzEdu.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib ki, təhsil proqramlarına rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının daxil edilməsi ən vacib addımdır:

"Çünki texnologiyanı uşağın əlindən almaq mümkün deyil, amma onu düzgün istifadə etməyi öyrətmək mümkündür.

Bu proses mərhələli olacaq. Əvvəlcə kurikulum yenilənəcək, sonra dərsliklər və metodik materiallar uyğunlaşdırılacaq, paralel olaraq müəllimlər üçün praktiki təlimlər keçiriləcək. Müəllim özü rəqəmsal riskləri başa düşməlidir ki, şagirdə düzgün istiqamət verə bilsin. Burada məqsəd ayrıca bir mövzu keçmək deyil, şagirddə düşünmə və seçim etmə bacarığını formalaşdırmaqdır.

Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, bir çox ölkələr artıq bu istiqamətdə konkret addımlar atıb. Avropada platformaların məsuliyyəti gücləndirilir, bəzi ölkələrdə yaş təsdiqi mexanizmləri tətbiq olunur, ABŞ-də uşaqların məlumatlarının qorunması ilə bağlı ciddi hüquqi çərçivə mövcuddur. Amma ən vacibi odur ki, inkişaf etmiş ölkələr belə bu mövzuda hələ də öyrənmə prosesindədir. Yəni bu, dinamik sahədir və hər ölkə öz sosial reallığını nəzərə alaraq model qurur".

Qanunvericilikdə əlavə dəyişikliklərin olması da təbiidir:

"Çünki rəqəmsal mühit çox sürətlə dəyişir və hüquqi baza da bu tempə uyğunlaşmalıdır. Xüsusilə yaş məhdudiyyətləri, şəxsi məlumatların qorunması və platforma məsuliyyəti ilə bağlı daha konkret tənzimləmələr gözlənilə bilər. Amma burada balans çox önəmlidir. Uşaqları qorumaq istəyərkən onların inkişaf imkanlarını məhdudlaşdırmamaq lazımdır.

Mən bu prosesi daha çox rəqəmsal mədəniyyətin formalaşdırılması kimi görürəm. Çünki məsələ təkcə texnologiya deyil, davranışdır. Uşağa internetdən qorxmağı yox, onu düzgün və təhlükəsiz istifadə etməyi öyrətməliyik. Əsl qoruma da məhz buradan başlayır".

Rus ordusunda PANİKA BAŞLADI - Əsgərlərdən kütləvi etiraz
Son xəbərlərDaha çox