Ötən günlərdə “Times Higher Education” (THE) tərəfindən 2027-ci il üzrə “Dünya universitetləri reytinqi”nin (THE World University Rankings) nəticələri açıqlanıb. Bu il reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 4-dən 5-ə yüksəlib.
Nəticələrə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ötən illə müqayisədə mövqeyini yaxşılaşdıraraq 801-1000 intervalından 701-800 intervalına yüksəlib və Azərbaycan universitetləri arasında ən yüksək nəticəni göstərib.
Lakin bu, UNEC-in ilk uğuru deyil. Universitet son illərdə beynəlxalq reytinqlərdə mövqeyini davamlı şəkildə yaxşılaşdırır.
AzEdu.az Azərbaycan Dövlət İqtisad Universitetinin davamlı uğurunun sirrini yaxından bilmək üçün UNEC-in keyfiyyət təminatı şöbəsinin müdiri, beynəlxalq əlaqələr üzrə prorektoru Hüseyn Həsənovla həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- Hüseyn müəllim, ötən gün “Times Higher Education”ın dünya universitetləri reytinqinin nəticələri açıqlanıb və UNEC yenə də Azərbaycan universitetləri arasında ən yüksək nəticəni göstərib. Son illər universitetin beynəlxalq reytinqlərdə mövqeyini davamlı şəkildə yaxşılaşdırdığını görürük. UNEC-in bu uğurunda əsas rol oynayan işlər və tətbiq olunan yeniliklər nələrdir?
- “Times Higher Education” reytinqi dünyada ən məşhur reytinq qurumlarından biridir. Bu reytinq siyahısına düşmək çox çətindir, çünki həqiqətən də xüsusi indikatorları və tələbləri var ki, ali təhsil müəssisələri həmin tələblərə cavab verməlidirlər ki, ilk növbədə sıralamaya düşə bilsinlər.
Bu il Azərbaycandan, bilirsiniz ki, 5 universitet sıralamaya düşüb və ötən ildən fərqli olaraq yeni bir universitet də əlavə olunub. Bu da onu göstərir ki, Azərbaycan təhsilində, xüsusilə tədris, beynəlmiləlləşmə və tədqiqat sahələrində ali təhsil müəssisələri artıq beynəlxalq rəqabətqabiliyyətli mövqe qazanırlar və inkişaf edirlər. “Times Higher Education” reytinqində sıralanmaq bunu sübut edir.
Sizin sualınızın birbaşa cavabına gəlincə, deyə bilərəm ki, burada qiymətləndirmə 5 əsas istiqamət üzrə aparılır. Bu istiqamətlərdən biri tədrisdir. Tədris istiqaməti əsasən 5 indikator üzrə qiymətləndirilir. Burada daha çox tələbə-müəllim nisbəti, tədrisdə reputasiya məsələsi, institusional gəlirlər, fəlsəfə doktoru və bakalavr pillələrində təhsil alan tələbələrin say nisbəti kimi bir neçə başqa indikator var ki, bunlar tədrisin keyfiyyətini göstərir. Həmçinin burada digər bir əlamət müəllim-tələbə nisbətidir. Onun da beynəlxalq standartları var ki, bu nisbət universitetdə təhsilin keyfiyyətindən xəbər verir.
Başqa bir məsələ tədqiqat mühitidir. Ümumiyyətlə, tədqiqatla bağlı iki əsas istiqamət var: bunlardan biri tədqiqat mühiti, digəri isə tədqiqatın keyfiyyətidir. Az əvvəl qeyd etdiyim kimi, bu sıralamaya düşmək ali təhsil müəssisələri üçün çox çətindir. Bunun əsas səbəblərindən biri qeyd etdiyim bu iki istiqamət üzrə inkişafın qısa vaxtda əldə olunmasının çətinliyidir. Çünki gərək tədqiqat materiallarınız olsun, bu materiallar elm aləmində özünə yer eləsin, istinadlar toplasın. Bunların hamısı zaman alan proseslərdir və elmi inkişafı göstərən mühüm indikatorlardır.
UNEC-in bu sahədə tədqiqat məhsuldarlığı, tədqiqat reputasiyası və fərqli alimlərin beynəlxalq səviyyədə qiymətləndirilməsi öz əksini tapır. İstinadların təsiri məsələsi, tədqiqat gücü, tədqiqatın nüfuzlu təsiri və tədqiqat mükəmməlliyi indikatorları tədqiqatın keyfiyyətini göstərən əsas amillərdəndir.
Digər iki indikator isə sənaye və beynəlmiləlləşmə ilə bağlıdır. Sənaye istiqamətində əsasən patentlər və sənayedən əldə olunan gəlirlər məsələsidir. Bir az sonra bu istiqamətlər üzrə əldə etdiyimiz nəticələri və keçən illə müqayisədə inkişafı qeyd edəcəyəm. Beynəlxalqlaşma istiqaməti üzrə qiymətləndirmə isə 3 indikator üzrə aparılır: beynəlxalq həmmüəllifli məqalələr, beynəlxalq akademik və inzibati heyət və əcnəbi tələbələrin sayı bu indikatorda mühüm rol oynayır.
Lakin bu indikatorların hər birinə nail olmaq üçün universitet uzun illər strateji fəaliyyət göstərməlidir ki, nəticə olaraq həm dəyər, həm də reytinq baxımından uğur qazansın.
Mən sizə ümumilikdə 5 istiqamət və onun indikatorları ilə bağlı məlumat verdim. Onu qeyd edim ki, UNEC bütün istiqamətlər üzrə bu reytinqdə, bu sıralamada çox yaxşı nəticələr qazanıb. Bir məsələni də istəyirəm indi qeyd edim sizə. Az əvvəl dediyim tədris istiqaməti üzrə UNEC keçən ilə nəzərən sırf bu istiqamətdə 120 yer irəliləyib. Beynəlxalqlaşma üzrə 276 yer, tədqiqat mühiti üzrə 104 yer, tədqiqat keyfiyyəti üzrə 158 yer və sənaye üzrə 11 yer irəliləyib.
Mən bir başqa məsələni də qeyd etmək istəyirəm ki, biz 701-800 sıralamasında yer alandan sonra dünyanın bir çox universitetlərini geridə qoymuşuq. Mən çox məşhur universitetlərin adını çəkə bilərəm bu məqamda: Rumıniyada Buxarest Universiteti; Türkiyədə Atatürk Universiteti, Hacettepe Universiteti, Yıldız Texniki Universiteti; Macarıstanda Debretsen Universiteti; İranın məşhur universitetlərindən Şiraz Universiteti; Polşada Varşava Universiteti, İspaniyada Sevilya Universiteti və s. Bu universitetləri UNEC artıq sıralamada keçib.
- Beynəlxalq əməkdaşlıq universitetlərin reytinqlərdəki mövqeyinə təsir edən əsas amillərdən biridir. UNEC-in xarici universitetlərlə əməkdaşlığı və həyata keçirdiyi ikili diplom proqramları bu nəticələrə necə təsir göstərib? Hazırda beynəlxalq əlaqələrin daha da gücləndirilməsi istiqamətində hansı yeni layihə və proqramlar üzərində iş aparılır?
- Deməli, beynəlxalq istiqamətdə biz bir sıra fəaliyyətlər həyata keçiririk. İlk növbədə, beynəlxalq akkreditasiyadır. Biz hazırda, bildiyiniz kimi, “FIBAA” akkreditasiyası üzrə 3 magistr proqramımızı və 17 ixtisaslaşmanı akkreditasiyadan keçirmişik. İndi “FIBAA” ilə geridə qalan 36 proqramın akkreditasiyasını həyata keçiririk. MBA proqramımızın “EFMD” akkreditasiyası ilə bağlı işlər aparılır. Başqa bir akkreditasiya da var ki, “EQUIS” adlanır. O akkreditasiya ilə bağlı da işlər görülür.
Başqa bir beynəlmiləlləşmə istiqaməti əcnəbi tələbələrin sayıdır. Biz bir sıra beynəlxalq sərgilərdə iştirak edirik, bir sıra məktəblərdə, xaricdə səfərlərdə oluruq və həmçinin reytinqlərdə çıxdığımız yer də bizə əcnəbi tələbələrin sayının artırılmasına kömək edir.
Başqa bir məsələ, sizin dediyiniz kimi, ikili diplom proqramlarıdır. Hazırda biz Türkiyə, Fransa, Koreya ilə artıq müqavilə imzalamışıq. Koreyanın Sejong Universitetinə bizim tələbələr gedəcək. Amerikanın Linkoln Universiteti, bu arada, Koreyanın Sejong Universiteti dünyada top universitetlərdəndir. Ege Universiteti ilə ikili diplom proqramımız var, Fransada Monpelye Universitetinə hər il tələbələrimiz gedir. Özbəkistanın Daşkənd Dövlət İqtisadiyyat Universitetində tələbələr ikili diplom alacaqlar, orada da ikili diplom proqramımız var. Hazırda bir sıra ikili diplom proqramları var ki, inkişaf etmiş ölkələrlə onların üzərində işləyirik.
- Xarici tələbələrin UNEC-ə marağını artırmaq üçün hansı addımlar atılır?
- Marketinqlə bağlı bir çox işlər görülür. Sərgilərə qatılırıq. Daha sonra əcnəbi tələbələr ilk növbədə ölkədə universitetin reytinqi ilə maraqlanırlar. Həmçinin ikili diplom proqramları onlar üçün çox cəlbedici gəlir. Hansı ixtisaslarda ikili diplom proqramı varsa, həmin ixtisaslarda bizdə əcnəbi tələbə müraciətlərinin sayı da çox olur. Sərgilərdən əlavə, biz bir sıra xarici və yerli şirkətlərlə əcnəbi tələbələrin cəlbi ilə bağlı işləyirik.
Amma onu sizə deyim ki, artıq UNEC-in brendi formalaşıb, həm Azərbaycanda, həm də regionda məşhurdur. Ona görə də əcnəbi tələbələr bizi tanıyırlar. Hətta bizə daxil olan müraciətlər arasından təhsil səviyyəsi və dil bacarıqları uyğun gələn namizədləri seçirik.
Qeyd edim ki, UNEC-də ildən-ilə həm xarici müəllimlərin, həm də tələbələrin sayı artmaqdadır.
- Azərbaycanın digər ali təhsil müəssisələrinin mövcud səviyyəsini necə qiymətləndirirsiniz? UNEC üçün rəqabət yaradan və ya rəqib hesab etdiyiniz Azərbaycan universitetləri hansılardır?
- Bütün universitetlər bizim dostumuzdur. İstəyirik ki, bütün universitetlər reytinqlərdə yaxşı yerlərdə olsunlar, ölkəmizin təhsili inkişaf etsin və tanınsın. Təbii ki, aramızda bütün universitetlərlə, o cümlədən regiondakı top universitetlərlə inkişafa yönəlik xoş bir rəqabət var. Lakin biz hər zaman həmkarlarımızla bərabər işləyirik, təcrübəmizi paylaşırıq və bir-birimizə köməklik göstəririk. Kimdə nəyəsə ehtiyac varsa, hansısa resurs yoxdursa, bölüşürük.
Bilirsiniz ki, cənab Prezidentin də universitetlərin top-800-lükdə yer alması ilə bağlı tapşırığı və sərəncamı var. Ona görə biz bu istiqamətdə iş birliyi edirik ki, universitetlərimiz yaxşı yerlərdə olsun, adları yüksək reytinqlərdə çəkilsin. Xüsusi bir rəqib kimi baxmaqdan daha çox, münasibətlərimizi Azərbaycan təhsilinin inkişafı üçün bir əməkdaşlıq kimi görürəm. Reytinq elə bir şeydir ki, orada bir nöqtədə iki universitet yer ala bilməz. O mənada xoş bir rəqabət yaranır. Nəticələr də bunu göstərir: həm “Times”, həm də “QS” kimi fərqli reytinqlərdə universitetlərin göstəriciləri fərqlidir.
- Bəs UNEC-in təcrübəsini öyrənmək istəyən universitetlər varmı? İndiyədək sizə belə müraciətlər olunubmu?
- Əlbəttə. İndiyə qədər də olub, indi də davam edir və müraciətlər çoxdur. Universitetlər istəyirlər ki, beynəlxalq istiqamətdə əldə etdiyimiz nailiyyətlər, ikili diplom proqramları, əcnəbi tələbə və müəllimlərin sayı, həmçinin reytinqlərin ümumi nəticələrindəki digər indikatorlar üzrə təcrübəmizi bölüşək. Bu işləri necə həyata keçirdiyimizlə bağlı bizdən tövsiyə xarakterli məsləhətlər alırlar.
- UNEC-in qarşıdakı dövr üçün əsas strateji hədəfləri nələrdir? Universitetinizi gələcəkdə hansı səviyyədə görmək istəyirsiniz?
- UNEC-də bütün işlərimiz strateji fəaliyyət planımıza uyğun şəkildə nizamlanır. Bizdə “oturaq, görək nə iş görürük” kimi bir yanaşma yoxdur. Hər şeyi illər öncədən müəyyənləşdirmişik və o xətlə də irəliləyirik. Hər gün müəyyən olunmuş işlərin üzərindən xətt çəkərək onları yekunlaşdırırıq.
Bilirsiniz ki, 2030-cu ildə İqtisad Universitetinin 100 yaşı tamam olacaq. Yüzilliyimizlə bağlı strateji fəaliyyət planımızda bütün istiqamətlər üzrə konkret hədəflərimiz var. Bu plan ictimaiyyətə açıq bir sənəddir və veb-saytımızdan tanış olmaq mümkündür. Burada dünyanın qabaqcıl universitetləri arasında yer almaq göstəricimiz də əks olunub. 2030-cu ilə qədər qarşıya qoyulan məqsədlərə çatmaq üçün gərgin və əzmli fəaliyyətimizi davam etdiririk.