“Yalnız bilik və diplom verən universitetlər çətinliklə üzləşəcəklər”.
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov rəsmi “Facebook” hesabında paylaşımda qeyd edib.

"Hazırda reallıq belədir ki, uyğun iş tapmaq üçün hələ də (!) ali təhsil diplomu tələb edilir. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda universitetlər təhsil haqqından asılıdırlar və öz fəaliyyətlərini də əsasən təhsil haqqı hesabına maliyyələşdirirlər. Süni İntellekt dövründə də belə qalacaqmı? Bir anlıq təsəvvür edək ki, işə qəbul üçün ali təhsil diplomu tələb edilmir. Və yaxud insanlar zəruri bilik və bacarıqları universitetə gəlmədən, məsələn, sertifikat proqramları və yaxud Süni İntellektli platformalar vasitəsilə əldə edirlər. Belə olduqda bu günkü universitet modeli necə dəyişəcək? Gələcək universitet modeli necə olacaq? Yeni universitet modeli quruculuğuna dərhal yoxsa mövcud universitet modeli tam çökdükdən sonra başlanılmalıdır?
Şübhəsiz ki, Süni İntellekt mövcud universitet modelini dəyişəcək. Süni İntellekt tətbiqi ilə artıq fərdiləşdirilmiş təlim təşkil edilə, tələbə uyğun tədris proqramları hazırlana və fasiləsiz geribildirim verilə bilər.
Fiziki iştirak və əvvəlcədən müəyyən edilmiş dərs cədvəlləri də artıq zəruri olmaya bilər. Düzgün qurulmuş Süni İntellekt agentləri bacarıqların qiymətləndirilməsini diplomla müqayisədə daha ölçülə bilən edə bilər. Süni intellekt hətta biliklərin yaradılması, tədrisi və təsdiqlənməsi anlayışının özünü də dəyişə bilər.
Universitetlərin gələcəyinə gəldikdə isə çoxluğun fikri belədir ki, yalnız bilik və diplom verən universitetlər çətinliklə üzləşəcəklər. Lakin öz fəaliyyətlərini qabaqcıl tədqiqatlar, mentorluq və bacarıqlar üzərində quran universitetlərin gələcəyi var. Sadəcə, bu gələcək tamamilə yeni formada olacaq! Bu zaman gələcək universitet modelinə keçidin maliyyələşdirmə mənbəyi həlledici amilə çevrilir və Azərbaycanda yeni universitet modelini dövlətdən başqa kim maliyyələşdirə bilər? Amerika, Avropa üçün uyğun olan yeni universitet modeli Azərbaycan üçün də uyğundurmu? Hazır cavablar hələ də yoxdur!
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!"