Azedu.az

Dəyişən dünya, yenilənməyən məlumatlar - Coğrafiya dərsliklərindəki PROBLEM

AzEdu Təhsil Platforması

16 Noyabr 2026, 10:15
Dəyişən dünya, yenilənməyən məlumatlar - Coğrafiya dərsliklərindəki PROBLEM

Coğrafiya dərslikləri hər il yenilənsə və onlara müxtəlif əlavələr edilsə də, məzmun və tərtibatla bağlı müzakirələr hələ də davam edir.

Valideynlər və müəllimlər dərsliklərdəki müxtəlif çatışmazlıqlara diqqət çəkir, onların daha anlaşıqlı və şagirdlər üçün cəlbedici olması ilə bağlı təkliflər irəli sürürlər.

Mövcud dərsliklərin əsas çatışmazlıqları nələrdir? Onların vizual tərtibatı və üz qabıqlarının dizaynı nə dərəcədə uğurludur? Bu sahədə hansı dəyişikliklərə ehtiyac var?

AzEdu.az-a mövzu ilə bağlı Coğrafiya müəllimi, “Örnək müəllim” Tuqay Rzazadə danışıb.

O qeyd edib ki, coğrafiya kitablarında və dərsliklərində coğrafi-statistik məlumatların yenilənmədiyinin şahidi oluruq:

"Dərslik məsələsi hər zaman mübahisəli mövzu olub. Bu problem, demək olar ki, bir çox ölkələrdə, hətta inkişaf etmiş dövlətlərdə belə cəmiyyət, Elm və Təhsil Nazirliyi, dərslikləri hazırlayan nəşriyyatlar və bu işə nəzarət edən qurumlar arasında fikir ayrılıqlarına səbəb olur.

Bunun əsas səbəbi odur ki, bir çox hallarda orta və ya yaşlı nəslin nümayəndələri gənc nəslin dərsliklərindəki məzmunla razılaşmırlar. Ən çox qarşılaşdığımız problemlərdən biri budur: orta yaşlı nəslin nümayəndələri deyirlər ki, “İndi şagird olan uşağımın kitabına baxıram, amma heç nə anlamıram”. Lakin nəzərə almalıyıq ki, artıq süni intellekt dövrüdür və nəzəri biliklərdən daha çox praktiki bacarıqlara üstünlük verilir. Ümumiyyətlə, 1980-1990-cı illərdə məktəbi bitirmiş bir insanın bu gün, 2020-ci illərdə yazılan dərsliyi anlamaması bəzi hallarda normaldır. Çünki hər dövrün öz tələbləri var.

Coğrafiya müəllimi olaraq dərsliklərdə bəyənmədiyim məqamlara gəlincə, qeyd edim ki, coğrafiya daim dəyişən və yenilənən fəndir. Məsələn, riyaziyyatda məsələlərin dəyişməsi nadir hallarda baş verir. Coğrafiyada isə, xüsusilə statistik məlumatlar hər il yenilənir. Lakin bəzi hallarda coğrafiya kitablarımızda və dərsliklərimizdə coğrafi-statistik məlumatların dəyişmədiyinin şahidi oluruq".

COP29 kimi beynəlxalq bir tədbirə ev sahibliyi edən Azərbaycanın dərsliklərində COP-la bağlı məlumatlar demək olar ki, yoxdur:

"Birinci problem, hesab edirəm ki, məhz budur: məlumatlar yenilənməlidir. Xüsusilə Azərbaycanın Qələbəsindən, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizlə bağlı məlumatlar mütəmadi olaraq yenilənməlidir.

Bundan əlavə, iqlim dəyişiklikləri ilə bağlı mövzulara daha çox yer verilməli və bu məsələlər şagirdlərə praktiki üsullarla izah olunmalıdır. Xüsusilə COP29 kimi beynəlxalq bir tədbirə ev sahibliyi edən Azərbaycanın dərsliklərində COP-la bağlı məlumatlar demək olar ki, yoxdur. Düzdür, tədbir nisbətən yaxın vaxtlarda keçirilib. Lakin artıq bir neçə il keçməsinə baxmayaraq, hazırda coğrafiya dərsliklərimizdə bununla bağlı məlumatlara rast gəlmirik.

Qeyd etmək istədiyim digər vacib məqam dərsliklərdəki vizual tərtibatdır. Xüsusilə daha keyfiyyətli xəritələrə, fotoşəkillərə və videomateriallara ehtiyac var. Çünki bilirik ki, ilk baxışda şəkillər, fotoşəkillər şagirdlərdə müəyyən təsəvvürlərin formalaşmasına kömək edir. Hətta məktəb illərində gördükləri bəzi şəkillər ömür boyu onların yaddaşında qalır. Ona görə də hesab edirəm ki, dərsliklərdəki vizual materiallar daha informativ və yüksək keyfiyyətli olmalıdır. Xüsusilə tərtibat məsələsində bu amilə diqqət yetirilməlidir.

Ən əsası isə hesab edirəm ki, Azərbaycan Respublikası Təhsil İnstitutunda dərsliklərin hazırlanmasına cavabdeh olan şəxslər mütəmadi olaraq beynəlxalq təlimlərə göndərilməli, beynəlxalq təcrübə proqramlarında iştirak etməlidirlər. Onlar xarici ölkələrin təcrübələrini öyrənməli, həmin təcrübələri Azərbaycan mühitinə necə inteqrasiya edə biləcəklərini müəyyənləşdirməlidirlər. Eyni zamanda, ölkəmizin milli, mənəvi, mədəni və tarixi xüsusiyyətləri də nəzərə alınaraq beynəlxalq təcrübə Azərbaycan reallığına uyğunlaşdırılmalıdır. Yəni beynəlxalq təcrübə çox vacibdir. Bu sahəyə daha çox maliyyə ayrılmalıdır ki, mütəxəssislər də yüksək keyfiyyətli dərsliklər hazırlaya bilsinlər".

TƏCİLİ! Rusiya sərhədində gərginlik! Təyyarə qaldırıldı
Son xəbərlərDaha çox