Azedu.az

607 bal toplayıb regionda müəllimlik oxuyur - “Arzum ürəyimdə qalmasın istədim”

AzEdu Təhsil Platforması

2 Oktyabr 2026, 15:55
607 bal toplayıb regionda müəllimlik oxuyur - “Arzum ürəyimdə qalmasın istədim”

Qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərdən biri də Aysu Mustafayevadır.

O, qəbul imtahanında 607,7 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub.

“Bu balla niyə məhz bura?” sualını eşitsə də, o, uşaqlıq arzusundan dönməyib.

Bu münasibətlə AzEdu.az Aysu ilə əlaqə saxlayıb.

Müsahibəni təqdim edirik:

- Aysu, oxucularımıza özün haqqında məlumat ver.

- Mən Mustafayeva Aysu Rəşad qızı, Quba rayonunun Digah kənd Fərhad Əhmədəliyev adına tam orta məktəbini bitirmişəm. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının birinci kurs tələbəsiyəm.

- Maraqlıdır, müəllimlik peşəsinə uşaqlıqdan həvəsin var idi, yoxsa ailən səni yönləndirdi? Necə oldu bu seçim?

- Müəllim olmaq uşaqlıq arzum olub. İbtidai sinifdə oxuyanda da yaxınlarım deyirdilər ki, oyuncaqları və gəlincikləri qarşına düzüb onlara dərs keçirdin. Bu həvəs məndə o vaxtlardan var. Bir də mən kiməsə nəsə öyrətməkdən böyük zövq alıram. Mən öyrədəndə qarşımdakı insan yeni bir şey mənimsəyirsə, özümü çox xoşbəxt hiss edirəm. Abituriyent vaxtı dərsləri də bu üsulla öyrənirdim: mövzunu oxuyandan sonra sanki qarşımda şagird varmış kimi müəllim ədası ilə onlara izah edirdim və görürdüm ki, bu zaman mövzu yaddaşımda daha yaxşı qalır. Bundan başqa, Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq anamın da uşaqlıq arzusu olub, lakin müəyyən səbəblərdən o, bu arzusuna çata bilməyib. İstədim ki, həm öz istəyimi reallaşdırım, həm də anamın arzusu ürəyində qalmasın.

- Ailədə başqa müəllim var, yoxsa bu yolda təksən?

- Düzünü desəm, nəsildə ilk ali təhsil alan mənəm.

- Nə xoş təsadüf... Bəs nəyə görə paytaxtdakı ali məktəbləri deyil, məhz Quba filialını seçdin?

- Mən Qubaya yaxın bir kənddə yaşayıram. Mərkəzə avtobusla gedib-gəlmək mənim üçün cəmi 15 dəqiqəlik yoldur. Düşünürəm ki, məsafə insanın arzularına mane olmamalıdır. 10-11-ci sinifdə oxuyanda məndən hansı universiteti istədiyimi soruşanda hər zaman Quba filialını yazacağımı deyirdim. İmtahan nəticələri elan olunandan və 607 bal topladığım bəlli olandan sonra da soruşanlar oldu ki, Bakı Dövlət Universitetini, Pedaqoji Universitetin əsas filialını və ya Qarabağ Universitetini seçə bilərsən. Mən Quba filialını seçmək istədiyimi deyəndə çoxları təəccübləndi, hətta məni tənqid edənlər də var idi. Mən həm seçdiyim ali məktəbin təhsilinə və tədris sisteminə güvənirəm, həm müəllimlərin savadına və bacarığına inanıram. Filial olmasına baxmayaraq, çox yaxşı universitetdir, nəyə görə də seçməyim?

- Aydındır. Bəs təkcə Quba filialını seçdiyin üçün təəccüblənirdilər, yoxsa müəllimliyi seçməyinə də təəccüblə baxanlar var idi? Nəzərə alsaq ki, bu gün sertifikasiya, MİQ kimi imtahanlar var və müəllimlər daim üzərlərində çalışmalıdırlar.

- Mənə bu balla paytaxtda hüquq ixtisasını yazmağı məsləhət görürdülər. Həm 600-dən çox bal toplayıb müəllimliyi seçməyimə, həm də region universitetinə üstünlük verməyimə təəccüblənənlər oldu. Amma bu seçimimi anlayışla qarşılayanlar da az deyildi. Mənim fikrimcə, yüksək bal toplamağım arzumun qarşısını kəsməməli idi. Paytaxtda oxumağa şansım var idi, amma xəyalımın ürəyimdə qalmasını istəmədim. Düşünürəm ki, dörd ildən sonra bu universiteti bitirəndə heç peşman olmayacağam. Özünü inkişaf etdirən tələbə üçün gələcəkdə iş imkanları həmişə mövcuddur.

- Bəs müəllimliyin çətinliklərindən çəkinib heç tərəddüd etdinmi bu yolu seçəndə?

- Məktəb illərində də dərslərimi yaxşı oxuyan, müəllimlərin sevimli şagirdi olmuşam. Çalışan, ixtisasını dərindən öyrənən kəs hər zaman özünə çörək pulu qazana bilər. Mənim gələcəkdən heç bir qorxum yoxdur.

- Paytaxta axın edən gənclərin fonunda sənin rayonda qalmaq seçimin də maraqlıdır. Bakı səni heç cəlb etmədi?

- Mən ailəmə çox bağlı biriyəm və indiyə qədər onlardan uzunmüddətli ayrı qalmamışam. Mən sakitliyi çox sevirəm. Bakı böyük və səs-küylü şəhərdir: nəqliyyatı, basırıq mühiti, tələsən insanları və s. İnsanlar orada işləri ilə bağlı bir az gərgindirlər və bu da paytaxt şəhəri üçün normaldır. Amma mən hiss edirdim ki, o mühitə uyğunlaşa bilməyəcəyəm, səs-küy mənlik deyil. Ailə üzvlərim də seçimimə qarşı çıxmadılar, dedilər ki, balını toplamısan, özün qərar ver. Mən də bildim ki, Bakıya getsəm, şəhərə gəldiyim ilk gündən evimiz üçün darıxacağam. Ona görə də burada qalmağı üstün tutdum.

- Bəs bakalavr təhsilini bitirəndən sonra magistraturanı davam etdirmək fikrin var?

- İnşallah, belə bir fikrim var.

- Magistr təhsilini harada almaq istərdin?

- İndi yaşım hələ azdır, bəzi şeyləri tam dərk etməyə bilərəm. Bakalavrı bitirəndən sonra yaşımın üstünə yaş gələcək və bir az da yetkinləşəcəyəm. O zaman iki illik magistr təhsili üçün Bakıya gedə bilərəm.

- Azərbaycan dili və ədəbiyyatı müəllimliyindən başqa hansı ixtisasları seçmişdin?

- Mən altı ixtisas yazmışdım. Birinci yerə Azərbaycan dili və ədəbiyyatı müəllimliyini, bundan başqa isə Quba filialında olan digər III qrup ixtisaslarını yazmışdım. Orada tarix, xarici dil müəllimliyi, sosial iş və məktəbəqədər təhsil ixtisasları var idi.

- Digər qrup yoldaşlarının balları ilə sənin balın arasında nə qədər fərq var?

- Düzünü desəm, 600-dən yuxarı bal toplayan bir tək mənəm. Bir qrup yoldaşım 551 balla qəbul olub, digər qrup yoldaşlarım isə 400-dən yuxarı balla bu ixtisası yazıblar.

- Bakıdan gələn var, yoxsa ancaq digər rayonlardan gələnlərdir?

- Bizim qrupda Bərdədən, Ağcabədidən, Ağdaşdan, həmçinin Qubanın özündən, Xaçmazdan və Şabrandan olan tələbələr var.

- Bəs qrup yoldaşlarının və ya müəllimlərinin sənin bu balla burada olmağına reaksiyası necə oldu?

- Filialımızın müəllimləri bu nəticəni çox yaxşı qarşıladılar və sevindilər. Mənə öz təşəkkürlərini bildirərək universitetimizə güvənib seçdiyim üçün şad olduqlarını dedilər. Nəticələr və universitetə qəbul elan olunandan sonra mənim ən çox eşitdiyim sual bu idi: “607 balla niyə Quba?” Hər dəfə bezmədən cavab verməyə çalışırdım ki, bu balla seçimim Quba olub. Qrup yoldaşlarıma da cavabım eyni olurdu. Bir daha qeyd edirəm ki, mən peşman olacağımı düşünmürəm.

- Bəs öz universitetinizdə qalıb müəllim kimi çalışmaq, özün kimi tələbələrə dərs demək istəyərsənmi?

- İnşallah, magistr təhsilindən sonra belə bir fikrim var.

- Sənin gözündə ən yaxşı müəllim necədir? Özünü müəllim kimi necə təsəvvür edirsən?

- Düzünü desəm, şagirdlər müəllimin yumşaq davrandığını görəndə bəzən həddi aşır və özlərini idarə edə bilmirlər. Bunu məktəbdə özüm də müşahidə etmişəm. Mən ciddiliyimi qoruyacağam. Özümə söz vermişəm ki, sinfə daxil olanda digər bütün problemləri unutmalı və şagirdlərə uyğunlaşmalısan. Mənim gözümdə ideal müəllim şagirdlərini başa düşən müəllimdir. Məndən qorxmalarına ehtiyac yoxdur, amma mənə və dərsimə hörmətlə yanaşsalar, bu mənim üçün bəs edər. Mənim keçdiyim fənni sevməyə bilərlər, bu normaldır. Əsas odur ki, mənim şəxsiyyətimə hörmət qoysunlar.

- Aysu, uğurunun sirri nədir?

- Düşünürəm ki, hər şey məsuliyyətdən başlayır. Məndə motivasiyadan daha çox intizam var idi. Özümə həmişə söz verirdim ki, masa arxasına otururdumsa, dərsi oxumadan qalxmayacağam. Hər dəfə özümə bacaracağımı deyirdim, başqa yolun olmadığını bilirdim. Bir də məndə bacara bilməmək qorxusu var idi. Bəzən qorxu insanı məqsədinə daha çox yaxınlaşdırır və dərslərini oxumağa məcbur edir. Düşünürdüm ki, qəbul olmasam, özümü necə hiss edərəm. Valideynlərim hər zaman mənə dəstək olurdular, əsas mənim sağlamlığım olduğunu deyirdilər. Mən gecə dərs oxumağı sevmirdim, həmişə səhər tezdən qalxıb oxuyurdum. Məncə, uğurun sirri məsuliyyət və insanın özünə inanmasıdır. İmtahanlara yaxın çox həyəcanlanıb ağlasam da, imtahanda soyuqqanlılığımı qorudum və özümə “bacaracaqsan” deyərək nəticə qazandım.

- Hazırlıq dövründə repetitor yanına getmisən, yoxsa özün hazırlaşmısan?

- Bəli, repetitor yanına getmişəm.

- Gün ərzində dərslərinə neçə saat vaxt ayırırdın?

- Gün ərzində 5-6 saat vaxt ayırırdım. Çünki mən kənddən Qubaya, müəllimlərin yanına gedib-gəlirdim, yol vaxt aparırdı. Bəziləri 7-8 saat oxuduqlarını deyirdilər, amma mən insanın özünə də vaxt ayırmalı olduğunu düşünürəm. Planlı şəkildə 5-6 saat oxumaq tamamilə kifayətdir.

- Bəs bu dövrdə telefondan və sosial şəbəkələrdən istifadə edirdinmi?

- Mənim kiçik yaşlarımda telefonum olmayıb. 9-cu sinifdə müəllimlər qrup açdıqları və materiallar göndərdikləri üçün mənə telefon alındı. Lakin “TikTok” və “Instagram” tətbiqlərindən istifadə etmirdim. Bilirdim ki, bu tətbiqlər olsa, diqqətim dağılacaq və saatlarımı orada itirəcəyəm. Özümə hakim ola bilməyəcəyimi bildiyim üçün həmin sosial şəbəkələri yükləməmişdim. Universitetə qəbul olunandan sonra isə sosial şəbəkələri yüklədim.

Amma indi görürəm ki, istər-istəməz dərsləri bir kənara atmağa çalışıram, əlim gedir telefona. Düzdür, yüksək bal toplamaq üçün mütləq telefonunun və ya sosial şəbəkə hesablarının olmaması şərt deyil. Məndə olmayıb, amma sosial şəbəkələrdən istifadə edib yüksək bal toplayanlar da var, əlbəttə.

- İndi dərslərin necə gedir? Dərslərə, qrup yoldaşlarına alışa bilirsənmi? Müəllimlərin necədir?

- Düzünü desəm, məktəb mühitindən 2-3 ay əvvəl çıxmışıq. Bir az, əlbəttə ki, mənim üçün uyğunlaşmaq problemi var idi. Çünki mühit dəyişikliyi var, yeni insanlar, yeni müəllimlər deməkdir. Artıq 11 il vərdiş etdiyimiz, alışdığımız məktəb mühitində deyilik. Hal-hazırda da uyğunlaşmağa çalışıram. Qrup yoldaşlarım, müəllimlərim, hər biri çox yaxşıdır.

Abituriyent vaxtı necə idimsə, tələbə olandan sonra da dərslərimə ciddi yanaşıram. Hələ ki, bir az uyğunlaşma problemi var, ancaq inanıram ki, onu da aradan qaldıracağam.

- Son olaraq, yüksək nəticə toplamış bir tələbə kimi abituriyentlərə hansı tövsiyələri verərdin? Ən çox nələrə diqqət etsinlər? “Mənim etdiyim səhvləri etməyin” dediyin nələr var?

- Bir az planlı işləmək lazımdır. Bayaq dediyim kimi, dərslərimə gün ərzində 5-6 saat vaxt ayırırdım. 7-8 saat oturmağa ehtiyac yoxdur, planlı olmaq lazımdır. Bir vərəq götürüb abituriyent gün ərzində hansı saatlarda hansı fənləri oxuyacağını, hansı mövzuları çatdırmalı olduğunu və müəllimə nə vaxt cavab verməli olduğunu planlaşdırmalıdır. Bir də yuxu rejiminə diqqət etsinlər. İndi deyəcəyim yuxu rejimi sizi təəccübləndirə bilər: mən saat 20:00-da yatıb, gecə saat 03:30-04:00-da durub dərslərimi oxuyurdum. İnsan normalda 7-8 saat yatmalıdır, abituriyentlərə tövsiyəm odur ki, yuxu rejiminə fikir versinlər. Bir müddətdən sonra görəcəklər ki, beyin əvvəlki kimi düzgün işləmir, dərslərə tam uyğunlaşa bilmirlər.

Bir də tövsiyə olaraq deyirəm ki, özlərinə inansınlar. III qrupda oxuyanların əksəriyyəti kimi, məndə də riyaziyyat zəif idi. Səhvlərimdən biri o oldu ki, riyaziyyatın üstünə çox düşmədim. Bu da buraxılış imtahanında nəticəmə təsir göstərdi. Mümkün qədər riyaziyyatı da öyrənməyə çalışsınlar. Buraxılış imtahanında nəticə təkcə ingilis dili və Azərbaycan dilindən asılı deyil. Riyaziyyatdan 5-10 bal artıq toplasanız, bunun xeyri var, ziyanı yoxdur.

ARA QARIŞDI! Rusiya öz helikopterini vurdu - Ö*lənlər var
Son xəbərlərDaha çox