Azedu.az

"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"

AzEdu Təhsil Platforması

2 Oktyabr 2026, 13:33
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"

Ötən günlərdə sabiq maliyyə naziri, professor Saleh Məmmədovla müsahibəmiz zamanı o, vaxtilə müəllimlərin orta əməkhaqqının məmurların orta əməkhaqqından xeyli yüksək olduğunu, hazırda isə bunun əksinə olaraq müəllimlərin maaşlarının bir neçə dəfə azaldığını bildirdi.

Bununla yanaşı, sosial şəbəkələrdə də müəllimlərin əməkhaqqı ilə bağlı etiraz və narazılıqlarına tez-tez rast gəlinir. Müəllimlərdən bəziləri deputatların maaşı ilə müqayisə apararaq bildirirlər: “Müəllimin əməkhaqqı deputatların maaşına yaxın miqdarda olsun. Axı müəllim bu millətin ziyalısıdır, gələcək nəsillərin Vətənə layiqli yetişməsi üçün ən çox əziyyət çəkənlərdəndir".

Maraqlıdır, müəllimlərə bu mövzuda haqq qazandırmaq olarmı?

AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, müəllimlərin maddi rifah səviyyəsinin kəskin şəkildə yüksəldilməsi tələbinə tamamilə fundamental və elmi əsaslarla haqq qazandırmaq mümkündür:

190459

"Müəllim əməyinin maddi dəyəri və onun cəmiyyətdəki sosial statusu məsələsi sadəcə bir peşə qrupunun rifahı kontekstində deyil, milli insan kapitalının inkişafı və dövlətin gələcək rəqabətqabiliyyətliliyi baxımından dəyərləndirilməli olan strateji mövzudur.

Sabiq maliyyə naziri, professor Saleh Məmmədovun tarixi ənənələrə əsaslanan fikirləri və sosial şəbəkələrdə geniş əks-səda doğuran ictimai çağırışlar müasir dövrdə təhsil işçilərinin iqtisadi motivasiyası ilə onların üzərinə düşən mənəvi və sosial məsuliyyət arasındakı uyğunsuzluğu aydın şəkildə ortaya qoyur. Müəllimlərin əməkhaqqının yüksək vəzifəli dövlət məmurları və ya millət vəkillərinin gəlirləri ilə müqayisə edilməsi, mahiyyət etibarilə, maliyyə bərabərliyi tələbindən daha çox, intellektual əməyə və millətin gələcəyini formalaşdıran qüvvəyə verilməli olan yüksək mənəvi dəyərin iqtisadi ekvivalentini müəyyənləşdirmək cəhdidir.

Bu aspektdən yanaşdıqda, müəllimlərin maddi rifahının əhəmiyyətli dərəcədə artırılması tələbinə fundamental və elmi əsaslarla haqq qazandırmaq mümkündür. İqtisadi nəzəriyyədə və inkişaf etmiş ölkələrin təcrübəsində geniş şəkildə qəbul olunur ki, təhsil sisteminə, xüsusilə də müəllim kapitalına qoyulan investisiyalar uzunmüddətli dövrdə iqtisadi artıma əhəmiyyətli töhfə verən amillərdəndir. Finlandiya, Sinqapur və Cənubi Koreya kimi təhsil sahəsində qabaqcıl modellərə malik ölkələrdə müəllimlik peşəsinin cəmiyyətdəki statusu və gəlir səviyyəsi yüksək qiymətləndirilir. Bu yanaşmanın istedadlı və potensiallı gənclərin pedaqoji sahəyə yönəlməsinə təsir etdiyi qeyd olunur".

Müəllim əməyinin qiymətləndirilməsi sosial yardım rejimindən çıxarılaraq strateji investisiya kateqoriyasına keçirilməlidir:

"Məsələnin digər mühüm tərəfi ondan ibarətdir ki, müəllim sadəcə sinif otağında dərs deyən şəxs deyil, cəmiyyətin mənəvi memarı, dəyərlər sistemini formalaşdıran, gələcək idarəçiləri, alimləri, eləcə də həmin deputatları və məmurları yetişdirən əsas fiqurlardan biridir. Əgər cəmiyyətin intellektual elitasını formalaşdıran bir ziyalı elementar məişət qayğıları və maliyyə sıxıntıları ilə qarşılaşırsa, onun tədris prosesinə yaradıcı və tam enerjisi ilə fokuslanması obyektiv olaraq çətinləşir. Bu baxımdan, müəllimlərin əməkhaqqının məmurların və millət vəkillərinin gəlir səviyyəsinə yaxınlaşdırılması istəyi subyektiv bir iddia deyil, təhsilin keyfiyyətinin müəllimin sosial-iqtisadi vəziyyəti ilə sıx bağlı olduğunu göstərən sosial-psixoloji reallıqdır.

Bununla belə, düşünürəm ki, bu iqtisadi disbalansın aradan qaldırılması dövlət büdcəsinin makroiqtisadi imkanları, fiskal siyasət və genişmiqyaslı islahatlarla paralel şəkildə həyata keçirilməlidir. Son illərdə ölkəmizdə tətbiq edilən sertifikasiya prosesi və əməkhaqlarına edilən əlavələr bu istiqamətdə atılmış ilkin müsbət addımlar olsa da, yanaşma kökündən dəyişməlidir: müəllim əməyinin qiymətləndirilməsi sosial yardım rejimindən çıxarılaraq strateji investisiya kateqoriyasına keçirilməlidir.

Hesab edirəm ki, müəllimin maddi təminatını yüksək dövlət standartları səviyyəsinə qaldırmaqla təhsil sistemində rəqabətliliyi artıra, repetitorluqdan asılılığı azalda və milli intellektual potensialımızın bütövlükdə inkişafına töhfə verə bilərik".

ŞOK VİDEO! İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər
Son xəbərlərDaha çox