Bəzi tarixlər var ki, təqvimdə bir gün kimi görünür, amma insanın yaddaşında illər keçsə də dünən qədər canlı qalır. 27 Sentyabr da Zahir müəllim üçün məhz belə tarixlərdəndir. O, 44 günlük Vətən müharibəsinə sadəcə hərbçi kimi deyil, doğulduğu torpağın işğalını ailəsinin və yaxınlarının itkiləri ilə yaşamış bir insan kimi yollanıb. Bu gün isə vaxtilə azadlığı uğrunda döyüşdüyü Qarabağ ərazisində Qarabağ Universitetində tələbələrə dərs deyir.
Qarabağ Universitetində müəllim kimi fəaliyyət göstərən, 44 günlük Vətən müharibəsinin iştirakçısı Əvəzli Zahir Vətən oğlu müharibə xatirələrini, şəhid olan yaxınlarının onun həyatında buraxdığı izi, 27 Sentyabrın onda yaratdığı hissləri və Qarabağda müəllimlik fəaliyyətini AzEdu.az-a danışıb.
Müsahibəni təqdim edirik:
-Zahir müəllim, siz 44 günlük müharibəyə sadəcə hərbçi kimi yox, doğulduğunuz torpağın işğalını yaşamış bir insan kimi getmisiniz. Müharibəyə yollananda sizin üçün “Vətən borcu” ifadəsi konkret olaraq nə demək idi?
Konkret olaraq, əslində, “Vətən borcu” mənim üçün tək bir şeyi ifadə etmirdi, bir çox məqamı özündə birləşdirirdi. Bunun bir neçə əsas səbəbi var idi. Birincisi, doğulduğum torpağın işğal altında olması, ikincisi isə əmimin şəhid olması və digər itkilərimiz. Bütün bunlar məndə olan intiqam hissini daha da alovlandırırdı.
-Əminiz Zahid Abdullayevin 1993-cü ildə, dayınız oğlu Ruhin Qəhrəmanovun isə 2016-cı ildə şəhid olması həyatınızda hansı izləri buraxıb? Bu itkilər illər sonra verdiyiniz qərarlara necə təsir göstərdi?
-Əlbəttə, təsiri çoxdur. Amma düşünürəm ki, onlar olmasaydı belə, mən yenə həmin qərarları verə bilərdim. Doğmalarımın orada itirilməsi isə verdiyim qərarlara qəti şəkildə əmin olmağıma birbaşa təsir edib. Hətta müharibənin başlayacağını bildiyim üçün əvvəlcədən hərbi xidmətə müraciət etdim ki, mən də getmək istəyirəm.
-2016-cı il Aprel döyüşlərindən çox keçməmiş hərbi xidmətə getdiniz, daha sonra isə 44 günlük müharibədə könüllü iştirak etdiniz. Sizcə, insanın daxilində illərlə yığılan Vətən həsrəti hansı məqamda artıq sadəcə hiss olmaqdan çıxıb qərara çevrilir?
-Dediyim kimi, hətta 2016-cı ildə Aprel döyüşləri zamanı da gedib müraciət etmişdim ki, döyüşlərə qatılmaq istəyirəm. O vaxt yaşım çatmırdı, eyni zamanda bakalavr təhsili alırdım. Müharibə də çox uzun sürmədi və mən cəlb olunmadım. Bunu deməyimdə səbəb odur ki, 2020-ci ildə verdiyim qərar qəfil yaranmış bir qərar deyildi.
Bəlkə də mənim ağlım kəsəndən, valideynlərimin mənə Cəbrayıldan, əmimdən və baş verən hadisələrdən danışdığı ilk gündən bu qərarı vermişdim. Sadəcə, qərarımı həyata keçirmək üçün imkan 2020-ci ildə yarandı.
Düzdür, heyfsilənirik ki, torpaqlarımız 30 il işğal altında qaldı. Amma bəzən düşünürəm ki, yaxşı ki, müharibə mənim yaşımın düşdüyü bir vaxta təsadüf etdi və mən iştirak edə bildim.
-Magistratura təhsilinizi davam etdirdiyiniz vaxt müharibə başladı. Sizə “təhsilinizi davam etdirin” deyildiyi halda cəbhəyə getməyi seçdiniz. Bu iki seçim- təhsil və döyüş arasında qaldığınız bir an oldumu?
-Əslində, qərarımı çoxdan vermişdim. Ona görə də artıq təhsildən çox döyüşü düşünürdüm. Çünki illər ərzində yığılan intiqam hissi, işğalçılara qarşı nifrət hissi məni artıq seçim qarşısında qoymamışdı. Yəni “bunu seçirsən, yoxsa bunu?” kimi bir tərəddüdüm olmadı. Mənim seçimim illər əvvəl edilmişdi.
-Müharibədə insan həm qorxu, həm məsuliyyət, həm də böyük bir məqsəd hissini eyni anda yaşayır. Siz döyüş zamanı özünüzü psixoloji olaraq necə toparlayırdınız və sizi irəli aparan əsas fikir nə olurdu?
-Əsas hiss o idi ki, mən heç vaxt əmimin qəbrini ziyarət edə bilməmişəm. O, Cəbrayılda dəfn olunub. Ümumiyyətlə, doğmalarımın məzarlarını ziyarət etmək imkanım olmayıb. Onlardan yalnız şəkillər qalmışdı və mən onları həmin şəkillərdən xatırlayırdım. Müharibədə məni irəli aparan əsas fikir əmimin qəbrini ziyarət etmək idi. Düşünürdüm ki, gedəcəyəm və əmimin qəbrini ziyarət edəcəyəm. Müharibəyə gedəndən sonra şəhid ola biləcəyimi də düşünürdüm. Amma bir tərəfdən bunun mənə qəribə bir rahatlığı var idi: torpaqlarımız işğaldan azad olunacaq, bəlkə də mən şəhid olacağam, amma qardaşım, atam, nənəm və digər doğmalarım artıq əmimin qəbrini ziyarət edə biləcəklər.
-İlk dəfə real döyüşə girdiyiniz anı xatırlayırsınızmı? Həmin an insanın müharibə haqqında təsəvvürləri ilə reallıq arasında nə qədər fərq olduğunu hiss etdiniz?
-Əslində, insan həmin vaxt özü də baş verənləri tam anlamır. Mənim ilk döyüşüm Cəbrayıla daxil olanda, Ağoğlan yüksəkliklərini ələ keçirəndə oldu. Ondan əvvəl ora getmək üçün bir neçə kilometr yol qət etməli, bir neçə yüksəkliyi keçməli idik. İlk hücuma başlayanda artıq Cəbrayılın mərkəzinə doğru irəliləyirdik. Bizi ora maşınlarla gətirmişdilər. Yəni biz həmin vaxta qədər müharibənin tam olaraq nə olduğunu bilmirdik. Maşınları idarə edən sürücülər isə hərbçilər idi, yanımızda olanlar da bu sahədə çalışan insanlar idi. Ona görə onlar bilirdilər ki, necə hərəkət etmək lazımdır, nə etmək lazımdır.
Hücuma keçdik. Üç maşınla irəliləyirdik. Maşınlarımızdan birini vurdular. İlk dəfə onda həmin vəziyyətlə üz-üzə qaldıq. Maşın vurulsa da, biz dayanmadıq. Mütləq irəli getməli idik. Çünki dayansaydıq, bizi də vuracaqdılar.
Vurulan maşının yanından keçdik. Keçəndə gördük ki, yaralı əsgərlərimiz var. Halbuki hardasa 20 dəqiqə, yarım saat əvvəl bir yerdə olmuşduq. Birlikdə maşına minmiş, silah-sursatımızı bir-birimizə kömək edərək maşına yükləmişdik. Həmin uşaqları yaralı, qanın içində görəndə insan artıq dərk edir ki, bura kino deyil, oyun deyil. Bura real həyatdan da daha ağır bir reallıqdır.
-Müharibə illərində yaşadığınız və bu gün də unutmadığınız bir hadisəni bizimlə bölüşə bilərsinizmi?
-Əslində, müharibə vaxtı yaşadığım çox hadisə var. İlk növbədə, biz Füzulidə olarkən bölündük. Biz könüllü getmişdik deyə, hərbi komissarlıq vasitəsilə qeydiyyata alınmışdıq. Müxtəlif istiqamətlərə bölürdülər: “Siz filan istiqamətə gedəcəksiniz, siz filan istiqamətə gedəcəksiniz”.
Sonra soruşdular: “Cəbrayıl hərbi komissarlığından olanlar haradadır?” Biz dedik: “Buradayıq”. Dedilər: “Siz Cəbrayıla gedirsiniz”.
Oktyabrın 2-si və ya 3-ü idi. Bu, mənim üçün elə sevindirici xəbər idi ki... Sanki həmin an artıq Cəbrayılı azad etmişdik. Çünki Cəbrayıllı olaraq Cəbrayıl istiqamətində getməyimiz bizim üçün çox böyük fəxr idi.Bundan başqa, qorxulu hadisələrdən biri də Cəbrayıl istiqamətində olarkən baş verdi. İki erməni qırıcısı düz bizim çox yaxın məsafəmizdən uçdu. Sadəcə, olduğumuz ərazidə bizi qoruyan dağlar var idi. Nihad hərbi hissəni bitirmişdi deyə, bizi kamuflyaj etmişdi. Ona görə bizi görə bilmədilər. Sonra bizim hava hücumundan müdafiə qüvvələrimiz həmin qırıcıları vurdu.
Biz orada üç günə yaxın bir yerdə uzanmış vəziyyətdə qaldıq. Susuz, demək olar ki, heç bir yerə tərpənmədən üç gün orada qaldıq. Bu, müharibəyə yeni alışdığımız, ilk əməliyyata və ilk hücuma keçdiyimiz vaxt idi. Ona görə bizim üçün ağır keçmişdi. Bəlkə də sonradan bundan daha ağır hadisələrlə qarşılaşdıq. Amma ilk olduğu üçün həmin hadisə bizim üçün daha ağır və yaddaqalan idi.
-Təsəvvür edin ki, 4 oktyabr 2020-ci ildə döyüş mövqeyində dayanarkən sizə “bir neçə ildən sonra Qarabağda tələbələrə dərs deyəcəksiniz” desəydilər, buna inanardınızmı?

-Əslində, yox. Heç ağla gəlməzdi ki, universitet açılsın və mən bir gün orada dərs deyim. Müharibə vaxtı artıq iş haqqında düşünmürsən. Orada sadəcə irəli getmək, hansısa mövqeni əldə etmək, verilən əmrləri yerinə yetirmək barədə düşünürsən. Müharibədən qayıtdıqdan sonra isə, düzdür, sağ-salamat qayıtmışdım və magistratura təhsilimi də başa vurmuşdum. Bakıda işləyirdim, amma həmişə istəyirdim ki, Qarabağda işləyim.
Bir neçə dəfə müəyyən qurumlara da müraciət etmişdim. Deyirdim ki, mənim sahəm budur, əgər bu istiqamətdə iş imkanı yaransa, Bakıdan çıxıb Qarabağa, öz torpağıma qayıtmaq istəyirəm. Mənim üçün fərqi yox idi, Qarabağ Cəbrayıl olsun, Zəngilan olsun, Qubadlı olsun, Xankəndi olsun, Şuşa olsun. Qarabağın hər yeri mənim üçün eyni Qarabağdır. Mən sadəcə ora qayıtmaq və orada işləmək istəyirdim. Qismət elə oldu ki, vakansiyalarda Qarabağ Universitetini gördüm. Görən kimi müraciət etdim. Həmin vaxt başqa bir işdə idim, bir layihə üzərində işləyirdik və layihənin də bitməsinə təxminən bir həftə qalmışdı.
Qarabağ Universitetinə dedim ki, siz bu gün desəniz “gedirsən”, mən sabah tezdən Xankəndidə olacağam. Elə də oldu. Layihənin bitməsinə bir həftə qalmış mənə dedilər ki, artıq gedə bilərsən, səni rəsmiləşdirə bilərik, sabah orada ola bilərsənmi? Mən də dedim ki, ola bilərəm.
Buradakılar dedilər: “Bir həftəmiz qalıb, bunu başa çatdıraq, sonra gedərsən”. Mən isə dedim: “Rahat olun. Ərizəmi, istefamı verəcəyəm, burada işlərimizi tamamlayacağıq, amma mən mütləq getməliyəm. Burada qala bilmərəm artıq, orada vaxt itirmək istəmirəm”.
-Bu gün Qarabağ Universitetində müəllim kimi fəaliyyət göstərirsiniz. Bir vaxtlar azadlığı uğrunda döyüşdüyünüz Qarabağda indi auditoriyaya girib gənclərə dərs demək sizin həyatınızın hansı məqamını tamamlayır?
-Mənim həyatımın hansısa məqamını tamamlayırmı, bilmirəm. Amma həyatımda olan fəaliyyətimi yerinə yetirdiyimi düşünürəm. Bayaq da dedim ki, mən həmişə Qarabağda işləmək istəyirdim. Əslində, mən sadəcə işləmək yox, xidmət etmək istəyirdim. Düşünürəm ki, hələ də xidmət edirəm. Mənim fikrimcə, müharibə oldu, biz getdik, iştirak etdik və qayıtdıq. Amma məsələ yalnız Vətən borcunu ödəməkdən ibarət deyil. Biz Vətənə bir ömür borcluyuq. Ona görə də düşünürəm ki, müharibədən sonra da Vətənə olan borcumu hansısa formada qaytarmalıyam, ödəməliyəm.
Elə buna görə də Qarabağda işləməyi üstün tutdum. Qarabağ Universitetində işləməyim də məhz bununla bağlıdır. Burada tələbələrimizi yetişdirmək, gələcəyimizi formalaşdırmaq mənim üçün Vətənə xidmətin başqa bir yoludur.
-Müharibə iştirakçısı kimi auditoriyada tələbələr qarşısında dayananda heç olubmu ki, tələbələrinizə baxıb “biz bu torpaqlar uğrunda məhz gələcək nəsil üçün döyüşürdük” düşüncəsi keçsin ağlınızdan?
-Əlbəttə ki, olub. Hətta bəzi vaxtlar tələbələrimizlə söhbət edəndə bu barədə danışmışıq. Biz istəyirdik ki, Qarabağda təhsil olsun, gənclərimiz gəlsin, burada inkişaf etsin və Qarabağın inkişafına öz töhfələrini versin. Bu, mənim üçün ikiqat məsuliyyətdir. Təkcə müəllim kimi tələbələrə nəyisə öyrətmək və onlara bilik vermək məsuliyyəti deyil. Eyni zamanda, bu torpaqdan savadlı, bilikli və gələcəyə töhfə verə biləcək tələbələr yetişsin deyə daha çox səy göstərməyə çalışırıq.
-Sizcə, Qarabağ Universitetində dərs deyən müəllimlərin bir hissəsinin həyat hekayəsində Qarabağla bağlı fərqli bir bağ var. Bu universiteti digər ali məktəblərdən fərqləndirən əsas məqam yalnız yerləşdiyi ərazi deyil, burada formalaşan yaddaşdırmı?
-Mənim üçün bu, təkcə yer məsələsi deyil. Əlbəttə, onun da rolu var. Şəhidlərimizin qanı ilə alınmış bir torpaqda biz təhsil ocağındayıq. Amma bundan əlavə, bilmirəm, nəyə görə, mənə oralar daha fərqli gəlir. Universitet həyatı da mənim üçün daha fərqlidir. Müxtəlif yerlərdə, müxtəlif rayonlarda işləmişik, amma Qarabağ və Qarabağ Universitetinin atmosferi mənə daha fərqli təsir edir.
-Siz mühəndissiniz, eyni zamanda müəllimsiniz və müharibə iştirakçısısınız. Bu üç kimlikdən hansı digər ikisinə daha çox təsir edib?
-Müəllimlik. Çünki mühəndis, yəni mütəxəssis olduğum sahədə də müəllimliyim özünü göstərir. Məsələn, könüllü qruplar yaratmışıq, İT sahəsi ilə bağlı qrup formalaşdırmışıq. Dərsdən kənar vaxtlarda həmin uşaqlara nəsə öyrətməyə çalışırıq. Ona görə də mənim fikrimcə, müəllimlik digər kimliklərimdən daha üstündür.
-Müharibədən əvvəlki “siz”lə müharibədən sonrakı “siz” arasında ən böyük fərq nədir? Bunu özünüzdə daha çox hansı məqamda hiss etdiniz?
-Bir az daha çiynimdəki yükün azaldığını hiss etmişəm. Ən birinci növbədə budur. Bir az daha qürurlu, ən əsası isə özünəinamı yerinə qayıtmış biri olmuşam.Əslində, 1993-cü ildə müharibə gedəndə mən yox idim. Heç kim mənə deyə bilməzdi ki, “Sən orada idin, niyə nəsə etmədin?” Amma yenə də həmin yükü öz üzərimdə hiss edirdim. Elə bilirdim ki, o yük mənim çiynimdədir, mən onu daşıyıram. Buna görə də özümü həmişə bir qədər sınıq, bir qədər özünəinamsız hiss edirdim.
Xüsusilə xarici dostlarımızla, yaxud əməkdaşlıq etdiyimiz şirkətlərdə çalışan xarici vətəndaşlarla ünsiyyətdə özümü bir qədər sınıq hiss edərək danışırdım. Amma müharibədən sonra onlar “Where are you from?” deyəndə rahat şəkildə “Mən azərbaycanlıyam” deyə bilirəm. Hətta əvvəllər, yəni müharibədən əvvəl, azərbaycanlı olduğumu dedikdən sonra Qarabağlı olduğumu çox vurğulamasam da, indi onlar soruşmasalar belə deyirəm ki, “Mən Qarabağlıyam”.
-Siz öz tələbələrinizə müharibədən danışanda daha çox nəyi çatdırmağa çalışırsınız: döyüşün özünü, şəhidlərin xatirəsini, azadlığın qiymətini, yoxsa müharibədən sonra qurulmalı olan həyatı?
-Ən birinci növbədə müharibədən sonra qurulmalı olan yeni həyatdan danışıram. Mənim belə bir fikrim var ki, biz bir daha müharibə etməməliyik. Buna görə də maksimum çalışmalıyıq ki, texnologiya və elm baxımından inkişaf edək. Elə bir səviyyəyə çatmalıyıq ki, heç bir dövlət bizimlə müharibə etməyə belə risk etməsin. Ən birinci növbədə bunu çatdırmağa çalışıram. Bununla yanaşı, əlbəttə, şəhidlərimizi unutmamalıyıq. Mənim üçün şəhidlərimizi unutmamaq həm də onların uğrunda döyüşdüyü ölkəni inkişaf etdirmək deməkdir.
-27 Sentyabr sizin üçün yalnız şəhidlərin anıldığı tarixdir, yoxsa şəxsi həyatınızın da müəyyən bir nöqtəsinə çevrilib? Bu tarix gələndə ilk olaraq kimi və nəyi xatırlayırsınız?
-Bilmirəm, bu, məqaləyə və ya müsahibəyə uyğun olacaq, ya yox. Amma 27 Sentyabr deyəndə mənim yadıma Binəqədidə, gölün qırağında gecədən səhərə qədər oturmağım, yatmamağım düşür. Sadəcə müharibəni düşünürdüm. Çünki dediyim kimi, 27 Sentyabrda hələ müharibəyə qoşulmamışdım. O dörd günün demək olar ki, heç bir gecəsini yatmamışdım. İşə gedirdim, işdə bəzən çox yorğun olurdum, hardasa bir-iki saat yatardım. İş yoldaşlarım da bilirdilər ki, gecələr yatmıram, ona görə məni narahat etmirdilər. Amma gecələr yata bilmirdim.
-Sizə bir misal deyim.
-Buyurun.
-Sentyabrın son günü, yəni sabahı oktyabrın 1-i idi. Atam mənə zəng etdi. Atamın dediyi ilk söz bu oldu:
“Muştuluğumu ver”.
Mən də soruşdum: “Çağırıblar elə?”
Dedi: “Hə, çağırıblar”.
Yəni mənim üçün çağırılmağım sanki bir muştuluq idi. Elə bil çoxdan gözlədiyim xəbəri almışdım.
-Şəhid olan yaxınlarınızın adları sizin həyatınızda sadəcə xatirə kimi qalmayıb, verdiyiniz qərarlara da təsir edib. Sizcə, şəhidlərin xatirəsini yaşatmağın ən doğru yolu yalnız onları anmaqdır, yoxsa onların uğrunda can verdikləri dəyərləri gələcək nəsildə davam etdirməkdir?
-Yox, məncə, sadəcə onları anmaq və ya məzarlarını ziyarət etmək kifayət deyil. Əgər onların ruhlarının şad olmasını istəyiriksə, onların uğrunda canlarından keçdikləri bu torpaqlar üçün nəsə etməliyik. Onların bizə miras qoyduğu dəyərləri yaşatmalı və bu Vətən üçün faydalı işlər görməliyik.
-Bəs bu gün Qarabağ Universitetində qarşınızda əyləşən tələbələrə öz həyatınızdan çıxardığınız ən böyük və ən vacib dərs nə olardı?
-Həyatımda çıxardığım ən böyük dərsi həm müharibədən əvvəlki, həm də müharibədən sonrakı dövrə aid etmək olar. Mən bunu tələbələrimə də hər zaman deyirəm: siz gəncsiniz, yaşınız azdır, qayğılarınız da azdır. Hazırda sizin əsas qayğınız dərslərinizdir. Ona görə də dərslərinizə fokuslanmalısınız. Amma yalnız universitetdə verilən dərslərlə kifayətlənməməlisiniz. Özünüz də əlavə hazırlaşmalı, maraq göstərdiyiniz başqa sahələr üzrə bilik və bacarıqlar əldə etməlisiniz.
Elə etməlisiniz ki, dörd ilin sonunda universiteti bitirəndə yenidən sıfırdan nəyəsə hazırlaşmağa başlamayasınız. Dörd ilin sonunda artıq müəyyən bir sahənin mütəxəssisi ola biləsiniz.Buna görə də mənim Xankəndidə bir şirkətim də var. Orada əməkdaşlarımızın təxminən 80 faizi tələbələrimizdir. Tələbələrimizi həmin işə cəlb etməyə çox çalışıram ki, onlar dörd ilin sonunda yalnız nəzəri biliklərlə deyil, həm də müəyyən praktiki təcrübə ilə universiteti bitirmiş mütəxəssis olsunlar.
Yəni müəyyən yaşa çatdıqdan sonra nəyisə öyrənməyə başlamasınlar. Əksinə, həmin vaxta qədər ən azı müəyyən bilik və bacarıqlara sahib olsunlar, nələrisə öyrənmiş olsunlar. Beləliklə, onlar həm özlərinə, həm də Vətənə fayda verə bilsinlər.