Azedu.az

Xüsusi təyinatlı döyüşçü, ADMİU tələbəsi, məşhur xanəndə - "Müharibə məni çox dəyişdi"  

Müsahibə və reportajlar

27 Sentyabr 2026, 11:22
Xüsusi təyinatlı döyüşçü, ADMİU tələbəsi, məşhur xanəndə - "Müharibə məni çox dəyişdi"  

27 Sentyabr- Anım Günü Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinin ehtiramla yad edildiyi, onların uğrunda döyüşdüyü torpaqların və yaşanan müharibənin yaddaşımızda bir daha canlandığı gündür.

Bu tarix hər bir müharibə iştirakçısı üçün isə fərqli bir xatirə, fərqli bir itki və unudulmaz bir hekayə deməkdir.

Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Xocavənd, Şuşa və Laçın istiqamətlərində döyüşən xanəndə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Cahangir Əliyev də həmin günləri bu gün sənəti və təhsili ilə davam etdirən gənclərdən biridir.

AzEdu.az Anım Günü ilə əlaqədar Cahangir Əliyevlə əlaqə saxlayıb. O, müsahibəsində müharibə günlərindən, şəhid silahdaşlarından, döyüş zamanı verdiyi qərarlardan, müharibədən sonra həyatında baş verən dəyişikliklərdən, musiqinin şəhidlərin xatirəsinin yaşadılmasındakı rolundan danışıb.

Müsahibəni təqdim edirik:

-Cahangir bəy, 27 Sentyabr- Anım Günü sizin üçün hansı məna daşıyır? Bu tarix deyəndə Vətən müharibəsinin hansı anı ilk olaraq gözünüzün önünə gəlir?

-Vətən müharibəsinin başlaması deyəndə ilk olaraq Allah rəhmət eləsin, milli qəhrəmanımız Polad Həşimovu xatırlayıram. Çünki bizim üçün böyük ruh yaradan, düşmənə qarşı mübarizədə bizi daha da qürurlandıran simalardan biri Polad Həşimov oldu. Allah ona və onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin.

Müharibənin başlanğıcında, məncə, həmin ruhun və mübarizə əzminin xüsusi yeri var. Bu, bizim üçün bir tərəfdən böyük qürurdur, digər tərəfdən isə hər birimizin ürəyini yandıran hadisədir. Çünki bizim fəxr və qürur mənbəyimiz olan şəhidlərimiz var. Onların məzarları bizim üçün müqəddəs yerlərdir. 27 Sentyabr deyəndə bütün bunlar gözümün önünə gəlir.

-Siz Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Xocavənd, Şuşa və Laçın istiqamətlərində döyüşmüsünüz. Həmin günlərdən bu günə qədər yaddaşınızda dəyişməyən, hər xatırladığınızda sizi həmin günlərə qaytaran bir hadisə varmı?

-Bunu sözlə ifadə etmək çox çətindir. Müharibəni görmək, yaşamaq lazımdır ki, nə olduğunu anlayasan. Məsələn, bir hadisə var ki, heç vaxt yadımdan çıxmayacaq. Beş dəqiqə əvvəl bir qabın içində çörək yediyimiz, çay içdiyimiz qardaşımız beş dəqiqə sonra artıq həyatda yox idi.

Bundan böyük dəhşət təsəvvür etmək çətindir. Bir insanın gözünün qabağında saniyələr ərzində “qardaş” dediyi adamın əlini, ayağını itirməsi və ya artıq həyatda olmaması çox ağırdır. Bu, sosial mediada gördüyümüz müharibə görüntülərindən tamamilə fərqlidir. Orada hadisənin içindəsən və hər şeyi öz gözünlə görürsən. Mən heç vaxt istəmərəm ki, hansısa ölkəyə, hansısa xalqa müharibə nəsib olsun. Çünki müharibənin əsl ağırlığını yalnız onun içində olan insan anlayır.

-Müharibə sizin üçün 19-20 yaşlarında bir gənc olaraq ilk böyük həyat sınaqlarından biri olub. Döyüşlərə getməzdən əvvəlki Cahangirlə müharibədən qayıdan Cahangir arasında hansı dəyişikliklər baş verdi?

-Müharibədən əvvəl çox çılğın, pozitiv, hər yerdə üzü gülən bir Cahangir var idi. İndi də həmin pozitivlikdən müəyyən qədər qalıb, amma əvvəlki kimi deyil. Deyərdim ki, əvvəlki pozitivliyimin bəlkə də 30 faizi qalıb. Məni müharibədən əvvəl tanıyan insanlar da bunu deyirlər. Hamı deyir ki, əvvəlki Cahangir tamam başqa idi, indiki Cahangir tamam başqadır. İnsan o qədər şey görür ki, istər-istəməz xarakteri dəyişir, ağırlaşır.

Bəzən özüm də düşünürəm ki, bu dəyişiklik necə baş verdi. Mən də bunu tam izah edə bilmirəm. Amma müharibəyə gedib qayıdan insan üçün əvvəlki həyata tam şəkildə qayıtmaq çətindir. Mən özümü bir kənara qoyuram. Qazilərimiz var, əlini, qolunu itirən insanlar var. Şəhid valideynləri var. Onların yaşadıqlarını isə bizim tam hiss etməyimiz mümkün deyil. Biz yalnız onların yanında olduğumuzu deyə bilərik. Onların yaşadığı ağrını yalnız özləri bilir.

-Müsahibəmizdə Həbibzadə Əli ilə bağlı hadisəni danışmışdınız. Onun yeni doğulan övladını düşünərək döyüşə onun əvəzinə getmisiniz. Bu hadisəni illər sonra xatırlayanda həmin qərarınıza münasibətiniz necədir?

-Yenə belə bir vəziyyət olsa, yenə eyni qərarı verərdim. Çünki Əlinin yeni doğulan körpəsi var idi. Mənim üçün bu, çox ağır məsələ idi. Düşünürdüm ki, bu uşaq həyatının ilk addımlarını atır və atasız böyümək ehtimalı var.
Təbii ki, mənə bir şey olsaydı, valideynlərim ağlayacaqdı. Bu da böyük çətinlikdir. Amma yeni doğulmuş bir körpənin atasız böyüməsini qəbul edə bilmirdim.

İnsanın atasının olması çox böyük şeydir. Mənim bu yaşımda belə atamın arxamda olması, onun varlığı, nəfəsi mənim üçün çox dəyərlidir. Atanın varlığı insanın arxasında böyük bir dağın olması kimidir. Ona görə də düşündüm ki, həmin körpənin atasına ehtiyacı var.Əli də əvvəlcə bunu qəbul etmirdi. Mənim üzərimə düşən isə Əlini bir şəkildə razı salmaq və onun yerinə getmək idi. Mən də bunu etdim. Bu gün həmin hadisəni xatırlayanda qərarımdan peşman deyiləm.

-Müharibədə insan çox şey itirir, amma bəzi xatirələr ömür boyu qalır. Silahdaşlarınızdan şəhid olanlarla bağlı yaddaşınızda xüsusi yeri olan bir xatirəni bölüşərdinizmi?

-Əlbəttə, belə xatirələr çoxdur. Orada şəhid olan qardaşlarımızın böyük əksəriyyətinin siması mənim yaddaşımda çox fərqli qalıb. Mən şəxsən gördüyüm bir çox şəhidimizin üzündə həyatla bağlı narazılıq hiss etməmişəm.Məsələn, döyüş yoldaşlarımızdan biri vardı ləzgi qardaşımız. Çox cəsur insan idi. Heç nədən qorxmurdu. Onun adı gələndə belə, ətrafdakı insanların reaksiyasını xatırlayıram.Şuşada da bir tarix müəllimi şəhid olmuşdu. Onun bədənini aşağıdan yuxarıya, təxminən üç kilometr məsafədə çiyinlərimizdə daşımışdıq. Orada bir çox şəhid qardaşlarımızı çiyinlərimizdə çıxarmışıq. Bunlar insanın yaddaşından heç vaxt silinmir.

-Şəhidlik anlayışı sizin üçün müharibədən əvvəl necə idi, müharibədən sonra necə dəyişdi?

-Müharibədən əvvəl şəhidlik haqqında müəyyən təsəvvürümüz var idi. Amma onu real olaraq yaşamaq tamam başqa məsələdir. Şəhidlik haqqında danışmaqla şəhid olan insanın yanında dayanmaq, onu görmək eyni şey deyil.Müharibədən sonra şəhidlərə münasibətim tamamilə dəyişdi. Mən artıq şəhidlik anlayışına sadəcə bir söz kimi baxmıram.

Onun arxasında bir ailə, ata, ana, övlad, dost, silahdaş və böyük bir həyat dayanır. Biz bəzən deyirik ki, şəhid ailələrinin yanındayıq. Əlbəttə, yanındayıq. Amma onların yaşadığı ağrını tam hiss etdiyimizi demək düzgün olmaz. İnsan övladını itirəndə nə yaşadığını yalnız övladını itirən insan bilər.

-Bu gün siz həm Vətən müharibəsi iştirakçısı, həm xanəndə, həm də ADMIU tələbəsisiniz. Bu üç fərqli həyat təcrübəsi dünyaya və insanlara baxışınıza necə təsir edib?

-Bunların hər biri mənim həyatımın bir hissəsidir. Vətən müharibəsində iştirak etmək mənim üçün vətəndaş borcu idi. Mən heç vaxt “müharibədə iştirak etmişəm” deyib bunu xüsusi şəkildə önə çıxarmağa çalışmıram. Bu, mənim borcum idi və etdim.

Amma bəzən hansısa məclisdə bir insan yaxınlaşıb “səninlə fəxr edirəm, sən bizim müharibəmizdə iştirak etmisən” deyəndə insanın özünə də xoş gəlir. İncəsənət də mənim üçün çox vacibdir. Mən hazırda bu sahədə təhsil alıram və sənətə xidmət etmək istəyirəm. Müharibə təcrübəsi isə insanlara, şəhidlərə, qazilərə, onların ailələrinə baxışımı dəyişib. Məsələn, bir şəhid ailəsini, qazimizi görəndə onun yaşadıqlarına daha fərqli yanaşıram.

-Bu gün ADMIU-da tələbə kimi təhsil alarkən universitet həyatınızda müharibə iştirakçısı olmağınızın hər hansı təsiri hiss olunurmu? Tələbə yoldaşlarınızın sizə münasibəti necədir?

-Əlbəttə, müəyyən təsiri var. Amma mən özüm bunu xüsusi şəkildə ön plana çıxarmıram. Mənim üçün əsas məsələ tələbə olmaq, təhsil almaq və sənətimi inkişaf etdirməkdir. Məni tanıyan insanlar müharibə iştirakçısı olduğumu bilirlər. Bəzən bu barədə danışırıq. Mən də bunu normal qarşılayıram. Çünki bu, mənim həyatımın bir hissəsidir.

-Universitetdə gənclərlə bir yerdə olmaq sizə onların Vətən müharibəsinə münasibəti barədə nə göstərir? Sizcə, gənclər 27 Sentyabrın mahiyyətini necə dərk edirlər?

-Məncə, bu gün gənclərin böyük əksəriyyəti bunu anlayır. Çünki bu, çox böyük hadisədir. Torpaqların azad olunması, müharibə və həmin dövrdə baş verənlər gənclərə də təsir edib. Mən universitetdə gənclərlə bir yerdəyəm və görürəm ki, bu mövzu onlara yad deyil. Onlar 27 Sentyabrın nə olduğunu, şəhidlərimizin kim olduğunu və bu torpaqların hansı mübarizə nəticəsində azad edildiyini bilirlər.

-Bir sənətçi kimi şəhidlərin və Vətən müharibəsi iştirakçılarının hekayələrinin gələcək nəsillərə çatdırılmasında musiqinin hansı rolunu görürsünüz?

-Musiqinin çox böyük rolu var. Bəzən bir mahnının sözündə və musiqisində elə bir ağırlıq olur ki, insan onu dinləyəndə müəyyən hissləri yaşayır.

Mən “Mən övlad itirmişəm” adlı mahnı ifa etmişəm. Bu əsər həm şəhidlərimizə, həm də dənizdə həlak olan əkiz qardaşlara həsr olunub. Orada sözlərin ağırlığı insanı birbaşa ana və atanın fəryadına kökləyir.
Amma mən düşünürəm ki, biz həmin ağrının bəlkə də yalnız bir faizini çatdıra bilərik.

Övlad itirmək elə böyük dərddir ki, onu heç bir musiqi, heç bir söz tam ifadə edə bilməz. Biz yalnız çatdırmağa çalışa bilərik.Mən də sənətimlə bunu etməyə çalışıram.

-Heç səhnədə ifa etdiyiniz zaman şəhid silahdaşlarınızdan hər hansı birini xatırladığınız və ifanı ona ithaf etdiyiniz an olubmu?

-Əlbəttə, belə anlar olur. Müəyyən mahnıları ifa edəndə müharibə yoldaşlarım yadıma düşür. Çünki onlar mənim üçün sadəcə döyüş yoldaşı deyildilər, qardaş idilər.Bəlkə onların hamısı ilə eyni yerdə, eyni döyüşdə olmamışıq. Ola bilər, biri başqa istiqamətdə, mən başqa istiqamətdə olmuşam. Amma o mənim silahdaşımdır. Bu bağın özü kifayətdir ki, onu xatırlayasan.

-Sizin ifanızda klassik muğamla yanaşı, xalq mahnılarına da xüsusi münasibət var. Şəhidlərin xatirəsinə bir əsər seçməli olsaydınız, hansı muğamı və ya xalq mahnısını ifa edərdiniz?

-Bu gün şəhidlərimizlə bağlı artıq xüsusi bir musiqi var və o da “Xudayar təsnifi”dir. Mənə elə gəlir ki, bu əsər artıq şəhidlərimizlə bağlı bir növ möhürə çevrilib.“Xudayar təsnifi” deyəndə insanların gözündə Xudayar Yusifzadə və şəhidlərimizin obrazı canlanır. Ona görə şəhidlərin xatirəsinə bir əsər seçmək lazım gəlsə, mənim üçün ilk ağla gələn əsərlərdən biri məhz budur.

-Son dövrlərdə “Məni yandırma” ifanız böyük maraq doğurdu. Sizcə, sənətçinin geniş auditoriyaya çatması ona milli-mənəvi dəyərləri, o cümlədən Vətən və şəhidlik mövzusunu çatdırmaq baxımından əlavə məsuliyyət yaradırmı?

-Əlbəttə, yaradır. Sənətçi insanlar tərəfindən tanınırsa və sevilirsə, deməli, onun üzərində müəyyən məsuliyyət də var.Xüsusilə şəhid ailələrinə və şəhidlərin yaxınlarına daha diqqətli yanaşmaq lazımdır. Bizim üzərimizə düşən müəyyən məsələləri insanlara çatdırmaqdır.

Ona görə sənətçi kimi daha diqqətli olmaq lazımdır.Mən bunu yalnız özüm üçün demirəm. Bütün həmkarlarımın da bu mövzuya həssas yanaşmasını istərdim. İnsanların qarşısına çıxırıqsa, bacardığımız qədər yaxşı mesajlar verməliyik.

-Siz qədim və unudulmuş xalq mahnılarını yeni formada təqdim etmək istədiyinizi deyirsiniz. Vətən müharibəsi ilə bağlı yaşadığınız xatirələri də gələcəkdə yaradıcılığınıza gətirmək istəyirsinizmi?

-Əlbəttə, istəyərəm. Hələlik bunu böyük bir layihə kimi planlaşdırmamışam. Amma belə bir layihənin olmasını çox istəyirəm.Biz qələbəmizlə bağlı Şuşada bir mahnı da ifa etmişdik. O əsər şəhidlərimizə də həsr olunmuşdu. Amma bundan daha böyük və xüsusi bir layihə gələcəkdə həyata keçirmək istəyərəm.Çünki müharibə ilə bağlı yaşadığım çoxlu xatirə var və düşünürəm ki, onların bir hissəsini sənət vasitəsilə çatdırmaq mümkündür.

-Müharibədən qayıtdıqdan sonra musiqidə müəyyən çətinliklər yaşamısınız, səsinizdə dəyişiklik olub, bəzi müsabiqələrdə gördüyünüz haqsızlıqlar sizi ruhdan salıb. Bütün bunlara baxmayaraq, sizi sənətdən uzaqlaşmağa qoymayan nə idi?

-Mənim üçün musiqi həmişə həyatımın bir hissəsi olub. Çətinliklər olub, əlbəttə. Amma insanın bir məqsədi varsa, müəyyən çətinliklərə görə ondan vaz keçməməlidir.Mən yenidən təhsil almağa başladım, universitetə daxil oldum. Hazırda da 4-cü kurs tələbəsiyəm. İstəyirəm ki, öz üzərimdə işləyim və sənətimi daha da inkişaf etdirim.

-Bu gün universitetdə təhsil alırsınız və qarşınızda böyük yaradıcılıq planları var. Gələcəkdə əldə etmək istədiyiniz uğurlar arasında şəhid silahdaşlarınıza və müharibə xatirələrinizə bağlı hansısa xüsusi layihə varmı?

-Hələlik konkret və böyük layihə kimi planlaşdırmamışam. Amma əlbəttə ki, istəyərəm belə bir layihə olsun.
Məncə, bizim yaşadıqlarımızın gələcək nəsillərə çatdırılması vacibdir. Mən də bunu bacardığım qədər sənətim vasitəsilə etmək istəyirəm.

-Sizcə, müharibə iştirakçısı olan gənc sənətçilərin həyat hekayələri cəmiyyətdə kifayət qədər tanınırmı? Onların hekayələrinin daha çox eşidilməsi üçün nələr edilməlidir?

-Məncə, bu hekayələrin daha çox danışılmasına ehtiyac var. Çünki hər bir müharibə iştirakçısının ayrıca hekayəsi var. Biz eyni müharibədə iştirak etmişik, amma hər birimizin yaşadığı hadisələr fərqlidir.
Əsas məsələ bu hekayələrin düzgün şəkildə çatdırılmasıdır. İnsanlar bilməlidirlər ki, müharibə yalnız cəbhədə baş verən döyüşlərdən ibarət deyil. Orada insan münasibətləri, dostluqlar, itkilər, qərarlar və çox ağır xatirələr də var.

-Müharibə görmüş bir insan kimi bu gün sülh şəraitində yaşayan gənclərə baxanda ən çox hansı məqamın qədrini bilmələrini istəyirsiniz?

-Sülhün qədrini bilsinlər. Mən heç vaxt istəmərəm ki, ölkəmizə müharibə nəsib olsun. Müharibənin nə olduğunu görən insan bunu daha yaxşı anlayır.Bu gün gənclərin ən böyük qazancı rahat şəkildə təhsil ala bilmələri, işləmələri, ailələri ilə birlikdə olmaları və gələcəklə bağlı planlar qura bilmələridir. Bunların qədrini bilmək lazımdır.

-Sonda 27 Sentyabr- Anım Günü münasibətilə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına və xüsusilə sizin kimi müharibədən sonra təhsilini və həyatını davam etdirən gənclərə nə demək istərdiniz?

-İlk növbədə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Mənim üçün ən vacib məsələ budur ki, bu müharibəni şəhidlərimiz qazandı. Biz bu qələbəni onların hesabına qazandıq.

Şəhid analarına, atalarına, bütün şəhid ailələrinə minnətdarıq. Onların böyütdüyü və Vətən uğrunda canından keçən o insanlar bizim qardaşlarımızdır.Qazilərimizə də minnətdarıq. Onlar öz sağlamlıqlarını bu Vətən üçün itiriblər. Müharibə iştirakçılarına da hörmət və ehtiramımı bildirirəm.

Eyni zamanda, Ali Baş Komandanımıza, zabit heyətinə və Azərbaycan Ordusunun bütün hərbi qulluqçularına minnətdaram.Amma yenə də deyirəm, ən böyük minnətdarlığımız şəhid valideynlərinədir. Çünki onların böyütdüyü övladların hesabına biz bu qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox