Azedu.az

Gənc müəllimlərdə bir çox keyfiyyətlər çatışmır - Məşhur pedaqoqlardan irad

Ali təhsil

21 Sentyabr 2026, 15:36
Gənc müəllimlərdə bir çox keyfiyyətlər çatışmır - Məşhur pedaqoqlardan irad

Müasir təhsil mühitində gənc müəllimlərin məktəbə və pedaqoji fəaliyyətə uyğunlaşması diqqət çəkən məsələlərdən biridir. Peşəyə yeni başlayan müəllimlər nəzəri biliklərə malik olsalar da, bəzi hallarda sinfin idarə olunması, şagirdlərlə düzgün kommunikasiya və müasir təlim metodlarının tətbiqi baxımından çətinliklərlə üzləşirlər.

Bəs bu gün gənc müəllimlərin fəaliyyətində daha çox hansı nöqsanlar müşahidə olunur və bu çatışmazlıqların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən  ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov bildirib ki, gənc müəllimlərin məktəb həyatına adaptasiyasında həmişə müəyyən problemlər olub, bu gün də var və gələcəkdə də olacaqdır:

"Əvvəlki illərlə müqayisədə bu problemlərin sayı artıb, məzmun və xarakteri köklü şəkildə dəyişib. Əksər hallarda sevərək deyil, əlacsızlıqdan 4 illik müəllimlik ixtisasında təhsil alan gənc, sonradan məcburiyyət qarşısında qalaraq  müəllim işləməli olur. Lakin ruhunda, təbiətində və fitrətində müəllimlik olmayan birisinin həmin ixtisası ən yüksək səviyyədə bilməsi belə, onun əsl peşəkar pedaqoq kimi yetişməsinə mane olur.

Uşaqlarla işləmək böyük səbr, təmkin, həvəs, maraq və ən başlıcası, fədakarlıq tələb edir ki, yeni fəaliyyətə başlayan müəllimlərin əksəriyyətində məhz bu keyfiyyətlər çatışmır. Məktəbə sadəcə, adi iş yeri kimi deyil, əsl "insanlıq emalatxanası" kimi baxmayan gənc müəllim heç vaxt şagird və valideynlərin sevimlisi ola bilməz.

Bununla yanaşı, təhsil müəssisələrində sistemli mentorluq institutunun olmaması vəziyyəti daha da çətinləşdirir. Gənc müəllimə çətin anlarda kimin kömək edəcəyi, dəqiq məsləhət verəcəyi müəyyən edilməyib. Məktəblərdə çalışan digər müəllimlərin də əksəriyyəti öz gündəlik iş yükünün çoxluğu səbəbindən gənc həmkarlarına istiqamət verməkdə o qədər də həvəsli və maraqlı deyillər.

Bu problemin aradan qaldırılması üçün məktəblərdə peşəkar mentorluq sisteminin qurulması, gənc müəllimlərə psixoloji və metodiki dəstək proqramlarının tətbiq edilməsi, eləcə də onların peşəyə daxili motivasiyasını artıracaq stimullaşdırıcı mexanizmlərin yaradılması vacib şərtlərdəndir. Çünki məktəb gələcək nəsillərin mənəvi təməlinin qoyulduğu müqəddəs ocaqdır.

Gənc müəllimlərin fəaliyyətində ilk vaxtlar nəzərə çarpan nöqsanları belə ümumiləşdirmək olar: nəzəri biliklərin praktikaya tətbiqindəki çətinliklər, müasir interaktiv təlim metodlarından və fəal təlim texnologiyalarından istifadədə yaranan çətinliklər, dərs prosesində vaxtı səmərəli idarə edə bilməmələri, dərsin mərhələlərinin (motivasiya, tədqiqat, müzakirə, ümumiləşdirmə və qiymətləndirmə) düzgün tənzimlənməməsi, şagirdlərlə işləyərkən pedaqoji taktın, tolerantlığın və fərdi yanaşmanın həmişə qorunmaması, intizam yaradarkən bəzən sərt və ya qeyri-adekvat üsullara üstünlük verilməsi.

Ancaq bütün bu nöqsanlar tezliklə aradan qaldırıla bilər. Əgər gəncdə müəllimliyə və pedaqoji fəaliyyətə qarşı daxili sevgi varsa, bu çatışmazlıqları aradan qaldırmaq çox asandır. Ötən əsrin 20–30-cu illərində Azərbaycan məktəblərində işləyən müəllimlərin çoxunun ali təhsili yox idi, onların böyük əksəriyyəti pedaqoji məktəb və ya 3–6 aylıq kurslar bitirmişdilər, lakin buna baxmayaraq, böyük bir ziyalılar nəsli formalaşdırdılar. Çünki onlarda məktəbə, maarifə və maarifçiliyə qarşı böyük sevgi və fədakarlıq var idi".

Gənc müəllimlərin fəaliyyətində ilk vaxtlar nəzərə çarpan çətinliklər kompleks xarakter daşıyır və onları bir-birindən ayırmaq olmaz:

"Bunları yuxarıda sadaladığımız kimi, həm nəzəri biliklərin praktikaya tətbiqi, həm də sinfin idarə olunması və dərsin təşkili bir-biri ilə sıx bağlıdır. Bu problemin kökündə isə ali pedaqoji təhsil müəssisələrində təşkil olunan pedaqoji təcrübənin mövcud formatı dayanır. Müasir dövrdə ali pedaqoji məktəb tələbələrinin keçdiyi qısamüddətli təcrübə onların real məktəb həyatına və peşəkar müəllim kimi yetişməsinə tam təminat vermir.

Universitet divarları arasındakı nəzəriyyə ilə sinif otağındakı canlı reallıq bir-birindən xeyli fərqlənir. Bu boşluğu aradan qaldırmaq müəyyən dəyişikliklərə ehtiyac var. Ya ümumtəhsil məktəblərində peşəkar mentorluq institutu yaradılmalı, ya da MİQ (müəllimlərin işə qəbulu) imtahanında uğur qazanan gənc müəllimlər real dərsə başlamazdan əvvəl qabaqcıl, təcrübəli müəllimlərin yanında 6 və ya 9 ay müddətində stajor-təcrübəçi kimi fəaliyyət göstərməlidirlər. Yalnız bu cür uzunmüddətli və sistemli təcrübə keçməklə gənclər müəllimlik peşəsinin incəliklərinə mükəmməl yiyələnə bilərlər.

Gənc müəllimlərin adaptasiyası və peşəkar inkişafı ilə yanaşı, ümumiyyətlə, bütün müəllimlərin sistemli şəkildə təkmilləşdirilməsi məsələsi də son dərəcə aktualdır. Qeyd etdiyiniz kimi, məktəblərdə çalışan bütün müəllimlər 3 ildən bir məcburi şəkildə müxtəlif blokları əhatə edən bir neçə həftəlik təlimlərə cəlb edilməlidirlər. Bu kontekstdə tarixi təcrübəyə nəzər salsaq, vaxtilə ölkəmizdə ixtisasartırma institutları çox səmərəli fəaliyyət göstərirdi. Həmin dövrdə məktəb direktorları, direktor müavinləri və fənn müəllimləri hər 3 ildən bir məcburi şəkildə (əməkhaqqıları tam saxlanılmaqla) 1-3 aylıq həmin kurslara göndərilirdilər.

Bu kurslar zamanı müdavimlər peşələri üzrə zəruri informasiyalar alır, müasir yeniliklərlə yaxından tanış olur, hətta Bakı şəhərinin qabaqcıl məktəblərində olaraq təcrübə mübadiləsi aparırdılar. Ən əsası isə odur ki, həmin dərsləri indiki kimi hər hansı layihəni “udan” təsadüfi qurumlar və ya şəxslər deyil, Təhsil Nazirliyinin müvafiq idarə rəisləri, ölkənin tanınmış alimləri və peşəkar mütəxəssisləri deyirdilər ki, bu da təlimin keyfiyyətinə və elmi səviyyəsinə zəmanət verirdi".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər təhsil fakültəsinin dekanı Nailə Hüseynova qeyd edib ki, burada ilk növbədə “nöqsan” sözünə bir qədər düzgün yanaşmaq lazımdır:

"Çünki gənc müəllim məktəbə yeni daxil olur və onun müəyyən çətinliklərlə qarşılaşması təbiidir. Universitetdə nəzəri bilikləri əldə etməklə həmin bilikləri real sinifdə tətbiq etmək fərqli məsələlərdir və bu zaman gənc müəllimlər çətinliklərlə üzləşə bilirlər. Bu baxımdan peşəyə yeni başlayan müəllimlərin qarşılaşdığı müəyyən çətinlikləri təbii uyğunlaşma mərhələsi kimi qiymətləndirmək daha düzgün olardı.

Ən çox müşahidə etdiyimiz çətinliklərdən biri sinfin idarə olunmasıdır. Məsələn, müəllim mövzunu çox yaxşı bilir, amma sinifdə müxtəlif xarakterli, müxtəlif səviyyəli uşaqlar var. Hamısını dərsə cəlb etmək, vaxtı düzgün bölmək, intizamı qorumaq və eyni zamanda uşaqlarla müsbət münasibət yaratmaq müəyyən təcrübə tələb edir.

Digər tərəfdən, şagirdlə effektiv ünsiyyət qurmağı bacarmaq  da çox vacibdir.  Müasir müəllim yalnız məlumat ötürən şəxs deyil, həm də şagirdin öyrənməsini istiqamətləndirən, onu dinləyən və motivasiya edən pedaqoqdur. Buna görə müəllimlərin kommunikativ və sosial-emosional bacarıqlarının inkişaf etdirilməsi vacib məsələlərdən biridir.

Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, bəzən gənc müəllim nəzəri cəhətdən çox yaxşı hazırlanır, amma real pedaqoji vəziyyət qarşısında “İndi mən nə etməliyəm?” sualı ilə üzləşir. Universitetdə öyrənilən nəzəri biliklərin praktikada istifadəsi zamanı real təlim mühitində bəzi maneələrlə qarşılaşa bilir. Bu səbəbdən müəllim hazırlığı zamanı praktiki fəaliyyətə, real pedaqoji situasiyalara və müşahidələrə diqqət yetirilməli və üstünlük verilməlidir".

Nəzəri bilik, praktiki bacarıq, kommunikasiya və sinfin idarə olunması müəllimin  peşə bacarıqlarının müxtəlif tərəfləridir:

"Lakin peşəyə yeni başlayan müəllimlər üçün xüsusilə nəzəri biliklərin praktikaya tətbiq edilməsi mühüm addımdır. Universitetdə müəllim olmağa namizəd olan tələbələr pedaqogika, psixologiya, metodika və digər fənlər üzrə bilik əldə edirlər. Amma müəllim real sinfə daxil olanda qarşısında artıq konkret uşaqlar olur. Onların biri daha aktivdir, digəri çəkingəndir, bir başqasının əlavə dəstəyə ehtiyacı var. Universitetdə aldığı biliyi real pedaqoji vəziyyətə uyğun istifadə edə bilmək isə peşəkar təcrübə tələb edir.

Müəllim sinfin idarə olunmasının nəzəri prinsiplərini bilməklə yanaşı, dərs zamanı yaranan real situasiyalarla necə rəftar etməyi bacarmalıdır. Eyni zamanda, müxtəlif öyrənmə ehtiyacları olan uşaqlara yanaşma yollarını bilməli, fərdi yanaşma və differensiyallaşmadan istifadə etməlidir.

Ona görə də bizim məqsədimiz gənc müəllimə yalnız “nəyi bilməli olduğunu” öyrətmək deyil, həm də “bildiyini real pedaqoji mühitdə necə tətbiq etməli olduğunu” formalaşdırmaqdan ibarətdir.

Gənc müəllimi məktəbə gətirib “buyur, artıq müəllimsən” demək kifayət deyil. İlk dövrdə onun yanında təcrübəli bir müəllimin olması çox faydalıdır. Bu zaman müəllimlərarası əməkdaşlığın vacibliyini qeyd etmək lazımdır. Təcrübəli müəllim onun dərsini müşahidə edə, hansı məsələlərin yaxşı alındığını və hansı istiqamətlərdə inkişaf etməli olduğunu deyə bilər".

Müasir müəllim bir dəfə diplom almaqla peşəkar inkişafını tamamlamır:

"Yeni təlim texnologiyaları, qiymətləndirmə üsulları, rəqəmsal resurslar, xüsusi təhsil ehtiyacları olan uşaqlarla iş və sinfin idarə olunması kimi istiqamətlərdə mütəmadi təlimlərə ehtiyac var.

Digər vacib məsələ isə universitetlə məktəb arasında əlaqənin gücləndirilməsidir. Biz universitetdə gələcək müəllimləri hazırlayırıq, məktəb isə onların peşəkar fəaliyyətə başladığı mühitdir. Bu iki tərəf arasında əlaqə nə qədər güclü olsa, nəticə də bir o qədər yaxşı olar.

Məktəbəqədər təhsil fakültəsi olaraq biz də məhz tələbələrə yalnız nəzəri bilik vermək yox, onları real pedaqoji fəaliyyətə hazırlamaq məqsədini daşıyırıq. Şagirdlə işləyəcək müəllimin həm peşəkar biliyi, həm kommunikasiya bacarığı, həm də uşağın fərdi xüsusiyyətlərini görmək və nəzərə almaq bacarığı olmalıdır".

Türkiyə raketlərlə vurulacaq! - Şok xəbərdarlıq edildi
Son xəbərlərDaha çox