Azedu.az

6 ildir şəhid şagirdini ziyarət edən müəllim: “Bu, mənim borcum yox, ürəyimin səsidir”

Müsahibə və reportajlar

23 İyun 2026, 15:32
6 ildir şəhid şagirdini ziyarət edən müəllim: “Bu, mənim borcum yox, ürəyimin səsidir”

37 ildən artıq pedaqoji fəaliyyət yolu keçən, Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Qərənfil Babayeva üçün müəllimlik yalnız dərs demək deyil, həm də şagirdlərinin həyatına toxunmaq, onların taleyində iz qoymaq deməkdir.

O, dərs dediyi yüzlərlə şagird arasında xüsusi yeri olanlardan birini 2020-ci ildə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əzim Həsənovu bu gün də ilk günkü kimi xatırlayır. Qərənfil müəllim artıq 6 ildir ki, hər il şəhid şagirdinin məzarını ziyarət edir, onun ailəsi ilə əlaqələrini davam etdirir və yeni nəsillərə Əzimin qəhrəmanlıq hekayəsini danışır.

AzEdu.az bu münasibətlə Qərənfil müəllimlə həmsöhbət olub. O, bizə şəhid Əzim Həsənovun uşaqlıq və məktəb illəri ilə bağlı xatirələrini bölüşüb.

Şəhid Əzim Həsənov: 13 iyun 1998-ci il tarixində Balakən rayonun anadan olub.Əslən Ağdam rayonun Xıdırlı kəndindəndir.

2004-cü ilin sentyabrında  müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində yerləşən  52 nömrəli Ağdam məktəbininbirinci sinfinə daxil olub. Ailənin ilk və yeganə oğlu olan Əzim, Mingəçevir şəhər 19 saylı orta məktəbi 2015-ci ildə  əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub. Univesiteti fərqlənmə diplomu ilə  bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq, Paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Sentyabr ayının 27 -də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam edir.

Cəbrayıl, Hadrut, Horadiz, Füzuli, Xocavənd  istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən, düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır.

- Qərənfil müəllim, Əzim Həsənovu necə bir şagird kimi xatırlayırsınız? 

185679

- Artıq 37 ildən çoxdur ki, ibtidai sinif müəllimi kimi çalışıram və bunun 21 ildən artıq hissəsi Mingəçevir şəhər 19 nömrəli məktəbdə keçib. Bu illər ərzində yüzlərlə, minlərlə şagird yetişdirmişəm. Əzim də həmin şagirdlər arasında xüsusi yeri olanlardan biridir.

Onu ilk növbədə tərbiyəsi, Vətən sevgisi və insanlığı ilə xatırlayıram. Çox sakit, mehriban və ağıllı uşaq idi. Danışanda sözünü ölçüb-biçər, diqqətlə dinləyər, sonra cavab verərdi. Vətənini sevən, böyüyə hörmət edən, dostlarına dəyər verən bir uşaq olub. Əzimin haqqında danışsam, həqiqətən, dastan yazmaq olar.

Mənim yüzlərlə seçilən şagirdim olub, amma Əzim onların arasında xüsusi seçilirdi. O, çox ağır şəraitdə böyüyürdü, amma heç vaxt ruhdan düşmürdü. Çox çalışqan idi. Mən həmişə hiss edirdim ki, onun daxilində böyük potensial var.

Valideynlərinə tez-tez deyirdim ki, bu uşağı çox ağır işlərə cəlb etməyin,“Bu uşağın fitri istedadı var, alim başıdır”, - deyirdim. Amma ailənin çətin şəraiti vardı və Əzim hər işdə valideynlərinə kömək etməyə çalışırdı.

- Görünür, Əzimə bir şagird kimi deyil, doğmanız kimi dəyər verirdiniz. Yəqin ki, şəhid olduğu xəbərini eşitmək sizin üçün çox ağır oldu...

- O xəbəri eşidəndə sanki dünya dayandı. İlk anda inanmadım. Elə bil gözlərim böyüdü, ürəyimin döyüntüsü ağlımı başımdan aldı. Özümü necə hiss etdiyimi izah etmək çox çətindir.

İbtidai sinif müəllimi uşaqların ikinci anası olur. Bəzən anaların bilmədiyi xüsusiyyətləri müəllim bilir. Ona görə də bu xəbər mənə çox ağır təsir etdi. Uzun müddət özümə gələ bilmədim.

- Bir müəllim üçün şagirdinin şəhidlik zirvəsinə yüksəlməsi hansı hissləri yaşadır?

- Bəziləri üçün bu, yalnız qürur hissidir. Mənim üçün isə qürurla yanaşı, çox böyük ağrı idi. Çünki bir gənci, bir igidi itirirdik.

Əlbəttə, Vətən uğrunda şəhid olmaq ən ali zirvədir. Amma müəllim kimi düşünəndə, onun gələcəyini, arzularını, planlarını xatırlayırsan. Buna görə də qürur hissi ilə yanaşı, böyük kədər də yaşayıram.

- Artıq 6 ildir ki, məzarını ziyarət edirsiniz. Bunu özünüzə borc kimi görürsünüz?

- Bu, mənim üçün sadəcə borc deyil. Bu, ürəyimin səsidir. Mən özümə söz vermişəm ki, yaşadığım müddətdə Əzimin məzarını ziyarət edəcəyəm.

Hər il onun doğum günündə məzarını ziyarət edir, sonra ailəsinin evinə gedirik. Şagirdlərimi də aparıram. Onlar bilməlidirlər ki, bu torpaqlar hansı qəhrəmanların hesabına azad olunub.

- Məzarını ziyarət etdiyiniz zaman onunla danışdığınızı hiss edirsinizmi?

- Bəli, çox vaxt elə bilirəm ki, Əzimlə söhbət edirəm. Bəzən ürəyimdə, bəzən də dilimlə ona müraciət edirəm.
Ona deyirəm ki, sən bizim qürurumuzsan. Deyirəm ki, səni heç vaxt unutmayacağıq və qəhrəmanlığını hər kəsə danışacağıq. Mən yaşadıqca onun adını yaşatmağa çalışacağam.

- Məktəb illərindən unutmadığınız bir xatirə varmı?

185674

- Əzim həmişə Ağdam haqqında danışardı. Atası Ağdamlı idi və o, doğma torpaqların həsrətini yaşayırdı. Deyirdi ki, “müharibə olsa, gedib Ağdamı alacağam”.

Biz o illərdə uşaqlara çoxlu vətənpərvərlik tədbirləri keçirirdik. Əzim həmin tədbirlərdə xüsusi həssaslıq göstərirdi. Onun Vətən sevgisi çox güclü idi.

- Müharibədən əvvəl onun gələcəkdə qəhrəman olacağını hiss etdirən xüsusiyyətləri vardımı?

- Bəli. Onda qeyri-adi Vətən sevgisi vardı. Torpaq, bayraq, Vətən mövzuları onun üçün çox önəmli idi.
Bu gün düşünəndə görürəm ki, o hisslər təsadüfi deyilmiş. Əzim uşaqlıqdan Vətən uğrunda hər şeyə hazır bir insan kimi formalaşırdı.

- Şəhid müəllimi olmaq fəaliyyətinizə necə təsir edib?

185675- Bu gün sinfə daxil olanda uşaqlara vətənpərvərlik hissini daha da güclü aşılamağa çalışıram. Əzim haqqında çox danışıram. Onun həyatından nümunələr gətirirəm. Düşünürəm ki, müəllimlər uşaqlara yalnız dərs öyrətməməli, həm də Vətəni sevməyi öyrətməlidirlər.

- Əzimin ailəsi ilə əlaqələriniz davam edirmi?

- Bəli, davam edir. Məktəb illərindən həmin ailə ilə yaxın münasibətimiz olub. Bu gün də tez-tez gedib-gəlirəm.
Hər görüşdə çox kövrəlirəm. Hər dəfə elə bilirəm ki, Əzimin şəhid xəbəri yenicə gəlib. Şəhid valideynlərinin yanında danışdığım hər sözə diqqət edirəm.

- Sizcə, şəhidlər məktəblərdə necə yaşadılmalıdır?

185677

- Təkcə lövhələrlə kifayətlənmək olmaz. Şəhidlərin həyat hekayələri danışılmalıdır. Şagirdlər onların ailələri ilə görüşməli, onları yaxından tanımalıdırlar. Mən öz şagirdlərimi dəfələrlə Əzimin ailəsinə aparmışam. Uşaqlar şəhidlərin necə insanlar olduğunu bilməlidirlər.

- İndiki şagirdlərinizə Əzim haqqında ən çox nə danışırsınız?

- Onlara Əzimin qəhrəmanlığından danışıram. Xüsusilə də yaralı döyüş yoldaşını xilas etmək istəyərkən şəhid olduğunu söyləyirəm. Dostluğun, sədaqətin, Vətən sevgisinin nə demək olduğunu onun həyat yolu ilə izah edirəm.

-Əgər bu gün Əzim qarşınızda otursaydı, ona nə deyərdiniz?

- Onu qucaqlayıb bağrıma basardım və bir cümlə deyərdim:
"Mən səni çox sevirəm, Əzim".

- Müəllimlər adətən şagirdlərinə qiymət yazırlar. Həyat isə Əzim Həsənova öz qiymətini verdi- şəhidlik zirvəsi. Siz müəllim kimi şagirdinizin ömür kitabının son səhifəsini necə oxuyursunuz?

 - Mən o kitabın son səhifəsini həm oxuyar, həm yazardım. Və yazardım ki, “sən mənim qürur yerimsən”.
Əzim Həsənov mənim üçün təkcə keçmiş şagird deyil. O, Vətən sevgisinin, mərdliyin və fədakarlığın canlı nümunəsidir. Mən yaşadığım müddətdə onun adını yaşadacaq, qəhrəmanlığını yeni nəsillərə danışacağam.

Qeyd edək ki, Əzim Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzim Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzim Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Əzim Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Putinin başına od ələnir - Ruslar işıqsız qaldı - Gündəm Masada
Son xəbərlərDaha çox