Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə start verilib. Artıq test mərhələsində uğurlu nəticə göstərən müəllimlər növbəti mərhələdə öz pedaqoji və metodik bacarıqlarını nümayiş etdirirlər. Onlardan biri də Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi Fidan Heydərovadır.
Belə ki, Fidan Heydərova 2025-2026-cı tədris ili üzrə sertifikasiya imtahanında 58 bal toplayıb və dünən müsahibə mərhələsində iştirak edib.
AzEdu.az bu münasibətlə Fidan müəllimin təəssüratlarını öyrənib.
O, müsahibə mərhələsinin necə keçdiyindən danışıb:
“Müsahibə mərhələsinə xüsusi hazırlaşmamışdım. Sadəcə olaraq dərslərimdə istifadə etdiyim metod və üsullar sertifikasiya müsahibəsində də köməyimə çatdı. Müsahibə şəffaf, aydın və rahat şəkildə keçdi. Suallar əsasən dərsin quruluşu və müəllimin metodik yanaşmaları ilə bağlı idi.
Müsahibənin ingilis dilində keçiriləcəyini gözləyirdim və özümü psixoloji olaraq buna hazırlamışdım. Lakin müsahibə Azərbaycan dilində keçirildi. Eyni zamanda, ingilis dilinin məzmun xətləri üzrə müəyyən suallar verildi.
Mənə görə, suallar müəllimin gündəlik məktəb fəaliyyətini və pedaqoji bacarıqlarını tam şəkildə ölçürdü. Xüsusilə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarında önəm verdiyimiz “writing” və “listening” bacarıqlarının şagirdlərdə necə inkişaf etdirilməsi, bunun üçün hansı metodlardan istifadə etdiyimizlə bağlı suallar səsləndirildi.
Mən də dərs prosesində tətbiq edib uğurlu nəticə əldə etdiyim metodları komissiya üzvləri ilə bölüşdüm.
Müsahibənin əsas üstünlüklərindən biri praktiki biliklərə üstünlük verilməsi idi. Nəzəri biliklər üzrə artıq test mərhələsində imtahan verdiyimiz üçün müsahibədə daha çox real dərs prosesini əhatə edən praktiki suallar səsləndirildi”.
4 illik pedaqoji fəaliyyət təcrübəsi olan Fidan, eyni zamanda iki dəfə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant layihəsinin qalibi olduğunu bildirib.Müəllim müsahibədən maksimum 40 bal gözlədiyini və tam bal toplayacağına inandığını deyib.
Həmkarlarına tövsiyələrini də bölüşən Fidan müəllim daim öz üzərində işləməyin vacibliyini vurğulayıb:
“Mənə görə, müəllim öyrətməyi sevdiyi qədər öyrənməyi də sevməlidir. Ən uğurlu müəllim daim öz üzərində işləyən, öyrənməyi sevən müəllimdir. Eyni zamanda, müəllim özü imtahanına nə qədər həyəcanla yanaşırsa, şagirdinin imtahanına da o dərəcədə can yandırmalıdır. Mən qazandığım uğurun səbəbini şagirdlərimlə necə məsuliyyətli işləməyimdə və onların uğurlarına qoyduğum əməydə görürəm. İmtahanda qazandığım uğurun ən böyük səbəbi məhz şagirdlərimdir”.