Azedu.az

Magistraturaya qəbul imtahanlarının modeli dəyişəcək?- AÇIQLAMA

Magistratura

21 Sentyabr 2026, 10:52
Magistraturaya qəbul imtahanlarının modeli dəyişəcək?- AÇIQLAMA

 

Artıq IV  kurs tələbələri magistratura imtahanlarına hazırlaşmağa başlayıblar. Amma belə bir reallıq var ki, magistratura imtahanlarında vaxtilə I və II qrupa hazırlaşan tələbələr daha uğurlu olurlar. Çünki tələb olunan məntiq və informatika predmetlərini I qrup abituriyentləri daha yaxşı bilirlər. Nəticədə isə 3 və 4-cü qrupa hazırlaşan tələbələr çətinlik çəkirlər.

Bu halda sual yaranır: nəyə görə bütün qruplar üzrə ixtisasa uyğun fərqli suallar olmur? Qruplar üzrə ayrılıqda magistratura imtahanları təşkil oluna bilərmi? Nəzərə alsaq ki, son illərdə magistraturaya maraq da azalıb, maraqlıdır, bu kimi yeniliklər baş verə bilərmi? Ümumiyyətlə, bu çətinlikdən çıxış yolunu nədə görürsünüz?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, magistratura üçün ixtisas qrupları üzrə ayrı-ayrı imtahanların keçirilməsi beynəlxalq təcrübəyə uyğun deyil:

“Sentyabr ayından etibarən həm öz mərkəzimizdə, həm də respublika səviyyəsində IV kurs tələbələrinin magistratura istiqamətində hazırlıqlara başladığı müşahidə olunur. 

Magistraturaya olan marağın kəskin azaldığını demək olmaz. Sadəcə, məzunların bir hissəsinin iş həyatına başlaması, oğlanların hərbi xidmətə yollanması və ya xanımların işə düzəlməsi kimi amillər ümumi sayda müəyyən azalma təəssüratı yaradır.

İmtahan prosesində I və II qrup tələbələri üçün riyazi təfəkkür tələb edən suallar daha rahat olsa da, məntiq bloku yalnız riyazi suallardan ibarət deyil. 50 məntiq sualının cəmi 5-6-sı riyazi testlərdir; qalanı təhlil etmə, düşünmə, fəza təsəvvürü və məlumatların analizi ilə bağlıdır. Əsas məqsəd tədqiqat yönümlü magistrlərin seçilməsidir. 

Hazırlıq keçən III və IV qrup tələbələri bu məntiqi təfəkkür sayəsində gələcəkdə Dövlət Qulluğu imtahanlarını da asanlıqla keçə bilirlər. Həmçinin "Yüksəliş" müsabiqəsində də abstrakt, rəqəmsal və verbal məntiq vasitəsilə analitik düşüncəyə malik şəxslər seçilir.

Magistratura üçün ixtisas qrupları üzrə ayrı-ayrı imtahanların keçirilməsi beynəlxalq təcrübəyə uyğun deyil. Bəli, əvvəllər hər ixtisas üzrə xüsusi suallar salınırdı, lakin sonradan ali təhsil müəssisələrinin rəhbərlərinin imtinası ilə bu sistem ləğv edildi. Hazırda imtahan modeli sırf məntiq, informatika və xarici dil yönümlü test tapşırıqlarından ibarətdir”.

Azərbaycanla Türkiyə Xəzərdə hərəkətə keçdi - Rusiyaya kritik mesaj
Son xəbərlərDaha çox