“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri açıqlanıb.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, magistratura səviyyəsi üzrə qəbul olunanların ölkələr üzrə bölgüsündə Böyük Britaniyadan sonra ən çox namizədin Amerika Birləşmiş Ştatlarındakı universitetlərə üstünlük verdiyi məlum olub.
Belə ki, magistratura səviyyəsi üzrə qəbul olunan 353 nəfərdən 82-si ABŞ universitetlərini seçib.
Ən çox seçilən universitetlərin siyahısı:
Magistratura səviyyəsi üzrə ABŞ universitetlərini seçən 82 namizəd arasında ən çox üstünlük Kolumbiya Universitetinə (Columbia University) verilib. Bu universitetə 17 nəfər qəbul olunub.
Siyahıda ikinci yeri 12 nəfərlə Berkli Kaliforniya Universiteti (University of California, Berkeley) tutub.
Üçüncü yerdə isə Çikaqo Universiteti (University of Chicago) qərarlaşıb. Bu universitetə 9 nəfər qəbul olunub.
Karnegi Mellon Universiteti (Carnegie Mellon University) və Con Hopkins Universiteti (Johns Hopkins University) isə 6 nəfərlə növbəti yerləri bölüşür.
Yel Universiteti (Yale University) və Merilend Universitetinə (University of Maryland) hər birinə 4 nəfər qəbul olunub.
Nyu-York Universiteti (New York University), Dyuk Universiteti (Duke University), Miçiqan Universiteti - Enn Arbor (University of Michigan-Ann Arbor), Harvard Universiteti (Harvard University) və Stanford Universitetinə (Stanford University) hər birinə 3 nəfər qəbul olunub.
Kaliforniya Universiteti, Los-Anceles (University of California, Los Angeles), Pensilvaniya Universiteti (University of Pennsylvania) və Kornell Universitetinə (Cornell University) hər birinə 2 nəfər qəbul olunub.
Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology), Vaşinqton Universitetinə (University of Washington) və Manhetten Musiqi Məktəbinə (Manhattan School of Music) isə hər birinə 1 nəfər qəbul olunub.