Azedu.az

“Elə ailələr var ki, dörd üzvü də təhsil kreditindən yararlanıb” - Fond sədri ilə MÜSAHİBƏ

Müsahibə və reportajlar

2 İyul 2026, 12:50
“Elə ailələr var ki, dörd üzvü də təhsil kreditindən yararlanıb” - Fond sədri ilə MÜSAHİBƏ

Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyətə başlamasının 5 ili tamam olur. Bu müddət ərzində on minlərlə tələbənin təhsil haqqının maliyyələşdirilməsinə dəstək göstərən Fondun fəaliyyəti, əldə olunan nəticələr və gələcək hədəflərlə bağlı suallar cavablandırıb. Müsahibədə kreditlərin verilməsi və geriödəmə mexanizmi, statistik göstəricilər, tələbələr üçün yaradılan imkanlar, eləcə də sistemin inkişaf perspektivləri ətraflı müzakirə olunub.

Bəhruz Əzimovun AzEdu.az-a geniş müsahibəsini təqdim edirik.

- Bəhruz müəllim, bir neçə gün öncə Fondun fəaliyyətə başlamasının 5 ili tamam oldu. Bu dövrə nəzər saldıqda, hansı nəticələri ən böyük uğur hesab edirsiniz və qarşıdakı illər üçün əsas hədəfləriniz nələrdir?

186167

- İlk öncə bildirmək istərdim ki, Təhsil Tələbə Krediti Fondu 2021-ci ildə Cənab Prezidentin Fərmanına əsasən Elm və Təhsil Nazirliyinin tabeliyində   kommersiya məqsədi güdməyən, təhsilin əlçatanlığının artırılmasına və gənclərin təhsil imkanlarının genişləndirilməsinə xidmət edən vətəndaşyönümlü layihə əsasında yaradılan dövlət qurumudur.

Cənab Prezidentin Fərmanına müvafiq olaraq 1 ay sonra, 24 iyul tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəbul edilmiş, Fondun maddi-texniki bazası,  infrastrukturu qurulmuş, Nizamnaməsinin hazırlanmasının ardından elektron sistemi də yaradılmışdır.

Beləliklə, Fond öz işinə praktiki olaraq 2021-ci ilin noyabr ayından etibarən başlamışdır.  Nəticə olaraq deyə bilərik ki,  yaradılmasının 5 ili tamam olan Təhsil Tələbə Krediti Fondu Elm və Təhsil Nazirliyi tərəfindən qarşıya qoyulan hədəflərin öhdəsindən uğurla gəlmişdir.

Geridə qalan 5 tədris ili ərzində Fonda məxsus elektron sistemə 101 mindən çox müraciət ünvanlanıb, bu müraciətlər əsasında 85 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Bunun müqabilində isə təhsil haqqının maliyyələşdirilməsi məqsədilə 80 milyon manatdan artıq dövlət vəsaiti təyinatı üzrə xərclənib. 

Bundan əlavə, qeyd etmək istərdim ki, xərclənmiş vəsaitin əsasında tələbələr tərəfindən geri ödənişlərin başlanması nəticəsində bu günədək 5 milyon manatdan çox vəsait artıq geri ödəniş qismində qaytarılmışdır. Bu da indiyədək bağlanmış  85 mindən çox müqavilənin və öz növbəsində, 33 mindən çox tələbənin içərisində geriödənişi başlayanların olduğunun göstəricisidir.

Müqavilə bağlananların 13 minini məzunlarımız təşkil edir ki, onların arasında 2024/2025-ci tədris ilində məzun adını qazanan tələbələr də yer alır. Məzunlarımızın artıq 8  mindən çoxu kreditlərini geri ödəməyə başlayıb. Geridə qalan tədris illəri ərzində “Məzun hovuzu”muzda da genişlənmənin müşahidə olunması, məzun sayı və geridönüşlərin artan dinamikası layihənin dayanıqlı olmasının bariz nümunəsidir.

Bizim üçün əsas məqsəd  Təhsil Tələbə Krediti Fondu olaraq təhsilin əlçatanlığını təmin etmək, bu imkanların əhatə dairəsini daha da genişləndirməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir. Təcrübələrimiz göstərir ki,  kreditə müraciət edən tələbə növbəti dəfə bu şansdan yararlanmaq, həmçinin daha yaxşı oxuyaraq faizsiz ödəmə imkanı, bağışlanma, bir sözlə, güzəştlərdən istifadə etmək üçün təhsil göstəricilərini daha da artırmağa çalışır və  nəticədə kreditə müraciət edən tələbələrin növbəti tədris göstəricilərindəki dinamika artan tendensiya ilə davam edir. Bunu Fondun uğur göstəricilərindən biri kimi də qiymətləndirə bilərik.  Belə ki, təhsil tələbə krediti bir maliyyə aləti olaraq, həm də tələbələrin akademik motivasiyasını artıran mühüm təşviq mexanizmi kimi onların təhsil göstəricilərinə də müsbət təsir göstərir.

Bugünkü perspektivdən baxdıqda, vətəndaş cəmiyyətindən gələn müsbət reaksiyanın da böyük uğur olduğunu deməliyik. Bunun əsas səbəbi əvvəlki dövrlərdə minlərlə gəncin təhsilini yarımçıq qoyması, gələcəyini planlaşdıra bilməməsi, sevdiyi ixtisası seçməməsi idi. Nəticədə ödənişsiz əsaslarla təhsil almaq üçün sevmədiyi ixtisaslarda təhsil alanlar indiyə nisbətdə daha çox müşahidə olunurdu. 

Fondun məhz bu istiqamətdə də rolu böyükdür. Abituriyentlər artıq sevdiyi ixtisası ödənişli əsaslarla da olsa, rahatlıqla seçə bilirlər. Bu uğur kontekstində  bizə də müsbət geridönüşlər olduqca çoxdur. Həm tələbələrin, həm də onların valideynlərinin dövlətin yaratdığı bu dəstəklə bağlı bir sıra uğur hekayələri var.

Təhlillərimiz əsasında deyə bilərik ki, eyni ailədə iki və daha artıq tələbənin kreditdən istifadə etməsi halları da müəyyənləşdirilib. Hətta müşahidələrimizə əsasən, həm valideynin, həm də övladın təhsil tələbə kreditindən yararlandığı ailələr də mövcuddur. Bundan əlavə, hazırda dörd ailə var ki, həmin ailələrdə hətta dörd ailə üzvü eyni anda bu imkandan istifadə edir.

- Son illərdə rəsmiləşmələrin sayında hansı dinamika müşahidə olunur? Bu il əvvəlki illərlə müqayisədə neçə faiz artım qeydə alınıb?

- Son illərdə təhsil tələbə kreditlərinə müraciət və rəsmiləşmə sayında davamlı artım müşahidə olunur. Bu dinamika sistemə olan etimadın yüksəlməsi, əhatə dairəsinin genişlənməsi və aparılan maarifləndirmə tədbirlərinin nəticəsi kimi qiymətləndirilə bilər. 2025/2026-cı tədris ilində rəsmiləşdirilmiş təhsil tələbə krediti müqavilələrinin sayı 27 500-ü ötüb və bu, əvvəlki 2024/2025-ci tədris ili ilə müqayisədə 6 800-dən çox müqavilə artımı deməkdir.

- Əksər insanları bir sual düşündürür: kreditin geridönüşü üçün nə zamandan başlamaq lazımdır? Yəni ödəniş hansı vaxtdan sonra başlayır?

- Bu, müəyyən dərəcədə tələbənin maliyyə savadlılığı ilə əlaqəli məsələdir. Fond olaraq vətəndaşların təhsil tələbə kreditlərinin şərtləri, hüquq və öhdəlikləri barədə dolğun məlumat əldə etməsinə xüsusi önəm veririk.

Bu səbəbdən, ildə iki dəfə respublika səviyyəsində həm ali təhsil, həm orta ixtisas, eləcə də, peşə təhsili müəssisələrində, eyni zamanda, abituriyent və valideynlərlə istər paytaxt, istərsə də regionlarda görüşlər keçiririk ki, təhsil tələbə kreditləri ilə bağlı qaydaları vətəndandaşlarımıza şəffaf, daha aydın formada çatdıra bilək. Təbii ki, Fondun e-ttkf.edu.az elektron portalında bu qaydalar öz əksini tapır. Eyni zamanda vətəndaşlarımız Fonda məxsus istər sosial media, istərsə də digər əlaqə vasitələri ilə də daima bizimlə əlaqə yarada bilərlər.

Geriödəmə məsələsinə gəldikdə isə, qeyd etmək istərdim ki, tələbələrin kredit aldığı dövrdən etibarən hətta faizsiz şəkildə belə geriödəniş etmə hüququ var. Sadəcə olaraq, bu tələb deyil, icbari əsas daşımır. Tələbə olduğunuz zaman qanunvericiliyə uyğun olaraq geri ödəməni könüllü əsaslarla istər ödəniş terminallarından, istərsə də mobil tətbiq vasitəsilə həyata keçirmək mümkündür. Normativ təhsil dövründə qanunvericilik imkan verir ki, tələbə yalnız təhsili ilə məşğul olsun.

Təhsil tələbə kreditləri sosialyönümlü dəstək mexanizmidir və əsas məqsədi gəlir və ya mənfəət əldə etmək deyil, tələbələrin təhsilə əlçatanlığını təmin etməkdir. Kreditlər üzrə tətbiq olunan şərtlər tələbələrin sosial vəziyyəti və qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Kredit alan şəxs müqaviləni imzalamaqla müqavilədə nəzərdə tutulan şərtlər və öhdəliklərlə razılaşdığını təsdiq edir və həmin öhdəlikləri üzərinə götürür.

Müqavilə bağlandıqdan sonra  geriödəniş cədvəli  normativ təhsil dövrü, məzun olma tarixi və əlavə  2 il güzəşt müdddəti olmaqla formalaşdırılır. Misal üçün, siz 2020-ci ildə ali məktəbə daxil olub, 2024-cü ildə məzun olmusunuz. 2 il də əlavə imtiyazınız var. Demək siz, 2026-cı ildə geri ödəməyə başlayırsınız. Məzun olduqdan sonra verilən 2 illik  güzəşt müddəti müraciətçinin əmək fəaliyyəti, yaxud, sahibkarlıq fəaliyyəti olduğu halda qüvvədən düşür. O, bu zaman avtomatik şəkildə geri ödəmə etməlidir. Geri ödəmə dövrü 10 il davam edir. Əgər 10 il ərzində  qanunvericilik ilə müəyyən hallar baş verərsə, möhlət halına daxil ola bilər. Möhlət dövrü ərzində də hər hansı bir  faiz hesablanmır və geri ödəmə tələb olunmur.

- Regionlarla Bakı arasında kredit müraciətlərinin statistikası necədir? Daha çox müraciət hansı bölgələrdən daxil olur?

- Fondun şəffaf fəaliyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə internet informasiya resurslarımızda hər il  bitmiş dövrlər üzrə hesabatlarımızı dərc edirik. Eyni zamanda, cari vaxt rejimində rəsmiləşdirilmiş kreditlərin sayı, növ və gender bölgüsü də elektron mənbələrimizdə mövcuddur ki, orada da bütün respublika xəritəsi və inzibati rayonlar əsasında bölgü formatında məlumat yerləşdirilir. Təbii ki, ən yüksək statistika Bakı iqtisadi rayonuna məxsusdur.

Nəticələri ümumi rəqəmlərlə təsvir etsək, kredit almış tələbələrin 23.6%-ni Bakı iqtisadi rayonu əhatə edir. Daha sonra 10.9%-i ilə Lənkəran-Astara iqtisadi rayonu, 7.9%-i ilə  Gəncə-Daşkəsən iqtisadi rayonu və digər iqtisadi rayonlar sıralamada öz yerini alır. Ümumi olaraq müraciətlərin 76%-dən çoxu isə regionların payına düşür.

- Sosial təhsil krediti alan tələbələrin sayı nə qədərdir və onlar ümumi müraciətçilərin neçə faizini təşkil edir?

Bu günədək rəsmiləşdirilən kredit müqavilələrinin 29 mindən çoxu və ya 35%-i sosial növ, 55 mindən çoxu və ya 65%-i isə standart növ təhsil tələbə kreditinə aiddir. Bu göstəricilər sistemin həm sosial həssas qrupların, həm də digər tələbələrin təhsil imkanlarına dəstək verdiyini göstərir.

Kreditdən istifadə imkanı həm dövlət, həm də özəl təhsil müəssisələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələrin hər birinə şamil olunduğu üçün rəsmiləşmiş müqavilələrin 78%-i dövlət təhsil müəssisələrinin, 22%-i isə özəl təhsil müəssisələrinin payına düşür. Ali təhsil müəsssisələri içərisində ən çox kredit alanlar Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələridir ki, onlarla ümumilikdə 5200-dən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

Daha sonra ilk beşlikdə Gəncə Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti yer alır. Qeyd edim ki, bu sıralama rəsmiləşdirilmiş kredit müqavilələrinin sayına görədir. Lakin ən çox ayrılmış vəsaitə görə baxsaq, birinci yerdə Azərbaycan Dövlət İqtisad Universiteti, ikinci yerdə isə təhsil haqqının yüksək olması səbəbindən  Bakı Dövlət Universiteti dayanır. .

Hər bir halda ilk 3-lükdə əsasən dövlət ali təhsil müəssisələri yer alır.

Özəl ali təhsil müəssisələri arasında isə ilk onluqda  Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes Universiteti yer alır ki, bu da özəl ali təhsil müəssisələrindən də kifayət qədər təhsil kreditindən istifadə edən tələbələrin olduğunu göstərir.

- Hazırda kredit alan tələbələrin neçə faizi bakalavr, magistr, orta ixtisas və peşə təhsili müəssisələrinin payına düşür? Kredit üçün müraciət edənlərin neçə faizinə müsbət cavab verilir?

-Bütün təhsil səviyyələrini əhatə edərək, bütün tələbələr üçün əlçatan olmaq Fondun əsas məqsədlərindən biridir. Təhsil pillələri üzrə bölgüyə əsasən müqavilələrin 69%-i bakalavriat, 23%-i magistratura, 7%-i orta ixtisas, 1%-i isə peşə təhsili səviyyəsinin payına düşür.

Fondun fəaliyyət göstərdiyi dövr ərzində daxil olmuş 101 mindən çox müraciətin təxminən 85 mindən çoxu rəsmiləşdirilib. Bu da müraciətlərin təxminən 84%-nin müsbət nəticələndiyini göstərir. Müraciətlərin qiymətləndirilməsi isə qanunvericiliklə müəyyən edilmiş meyarlar əsasında həyata keçirilir.

Kredit üçün müraciət edənlərin sayı ildən-ilə çoxalır. Belə ki, 2025/2026-cı tədris ilinin yaz semestrində bu günə qədər 14 mindən çox müraciət qeydə alınıb, 13 mindən çox rəsmiləşmə həyata keçirilib. Bu semestr üzrə hazırda 90 faiz müraciətlərin cavabı müsbətdir.

- Fondun şərtləri həddən artıq yumşaqdır. Standart təhsil tələbə krediti 6%, sosial təhsil tələbə krediti isə 2%-dir. Gələcəkdə şərtlərdə hər hansısa bir dəyişiklik gözlənilirmi? Əgər olacaqsa, bunun sərt formaya keçid etmə ehtimalı varmı?

186172

- Əgər təhsil tələbə krediti şərtlərinə nəzər salsaq, sistemin tələbələrin ehtiyaclarına uyğun olaraq formalaşdırıldığını və ildən-ilə kreditlərə müraciətin artmasını mövcud mexanizmə olan etimadın göstəricisi kimi qəbul edə bilərik.

Tətbiq olunan faiz dərəcələri və uzunmüddətli geriödəmə mexanizmi  tələbələrin maliyyə yükünü minimuma endirmək məqsədilə müəyyən edilib. Eyni zamanda, kreditlərin verilməsi qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir və bütün ixtisaslar üzrə təhsil haqqının maliyyələşdirilməsi üçün təqdim olunur, hər hansı ixtisas üzrə isə məhdudiyyət tətbiq edilmir.

Mövcud şərtlərin dəyişdirilməsi ilə bağlı hazırda hər hansı qərar  mövcud deyil. Gələcəkdə bu sahədə hər hansı dəyişiklik tətbiq olunarsa, bu, qanunvericilikdə öz əksini taparaq tətbiq olunacaqdır.

- Əlavə təhsillə bağlı kredit götürmə hallarında hansı şərtlər var?       

Bildirmək istərdim ki, vətəndaşların əyani şəkildə əlavə təhsil aldıqları dövr ərzində Nazirlər Kabinetinin Qərarına uyğun olaraq müraciət etməklərində hər hansı bir məhdudiyyət yoxdur. Necə ki, dövlət  hesabına 1 dəfə ödənişsiz təhsilalma imkanı verilirsə, TTKF-nin qaydalarına uyğun olaraq da eyni təhsil səviyyəsi üzrə kreditdən bir dəfə istifadə etmək nəzərdə tutulur.

Məsələn, siz hazırda bakalavriat səviyyəsində əyani təhsil alma forması üzrə əlavə təhsil alırsınızsa, lakin ilk təhsiliniz zamanı kreditdən istifadə etməmisinizsə, deməli, bu şansdan qanunvericiliyə uyğun olaraq yararlana bilərsiniz.

Yalnız bir məqamı qeyd etmək lazımdır ki, əlavə təhsil üzrə təhsil alan şəxslər standart növ təhsil tələbə kreditindən normativ təhsil müddətinin birinci kursunun birinci semestrində yararlana bilmirlər. Bunun səbəbi həmin mərhələdə standart növ təhsil tələbə krediti üçün tələb olunan DİM qəbul balı meyarının mövcud olmamasıdır.

- Təhsilini yarımçıq qoyan və ya universitetdən xaric olunan tələbələrlə bağlı statistika varmı? Belə hallarda kredit öhdəlikləri necə tənzimlənir?

- Bu məsələ, qanunvericiliklə tənzimlənir və  təbii ki, müvafiq statistika aparılır. Hər semestr sonunda təhsilalanların statusu elektron sistem vasitəsilə avtomatik  yoxlanılaraq sistem tərəfindən geriödənişlərin başlayıb-başlamaması barədə qərar verilir. Qanunvericiliyin tələblərinə əsasən, tələbənin təhsil müəssisəsindən xaric edilməsi barədə əmr qüvvəyə mindikdən sonra təhsil tələbə kreditinin geriödəmə dövrü başlanılır.

Burada vacib məqamlardan biri ondan ibarətdir ki, təhsil müəssisəsindən xaric olunmuş tələbə sonradan təhsilini bərpa etdiyi təqdirdə yenidən təhsil tələbə kreditindən yararlanmaq hüququna malik olur. Təcrübəmiz göstərir ki, bu imkandan istifadə edən tələbələrimizin sayı da az deyil.

- İndiyədək təhsil kreditlərinin geri ödənişi ilə bağlı öhdəliklərini yerinə yetirməyən məzunlar olubmu? Əgər belə hallar varsa, bu məsələlər necə mexanizmlə tətbiq olunur?

186169

- Rahatlıqla deyə bilərik ki, təhsil tələbə kreditlərinin geri ödənişi üzrə ümumi göstəricilər müsbətdir. Hazırda ödəniş öhdəliklərini vaxtında yerinə yetirməyən məzunların sayı ümumi geriödəmə portfeli ilə müqayisədə aşağı səviyyədədir. Cari statistikaya əsasən, 30-60 gün gecikməsi olan məzunların sayı 141 nəfər, 60-90 gün gecikməsi olanların sayı 45 nəfər, 90 gündən artıq gecikməsi olanların sayı isə 176 nəfərdir. Bu da ümumi geriödəmə portfelinin 4 faizini təşkil edir. Qeyd edək ki, geri ödəmə prosesi davamlı xarakter daşıdığından bu göstəricilər mütəmadi olaraq yenilənir və dəyişə bilir.

Əgər öhdəliklər qanunvericilikdə nəzərdə tutulan müddətlər ərzində yerinə yetirilməzsə, məsələ qanunvericiliyin tələblərinə uyğun qaydada tənzimlənir. Bu zaman müvafiq hüquqi mexanizmlər tətbiq olunur.

- Hazırda geri ödəmə mərhələsində olan neçə məzun var və onların neçə faizi ödənişlərini vaxtında həyata keçirir?

- Bu günə qədər məzun olmuş tələbələr üzrə ümumilikdə 34 578 təhsil tələbə krediti müqaviləsi mövcuddur. Onlardan 11 495-i sosial, 23 083-ü isə standart təhsil tələbə krediti üzrədir.

Hazırda 8 950 məzun geriödəmə mərhələsindədir. Ümumilikdə məzunların böyük əksəriyyəti ödəniş öhdəliklərini vaxtında yerinə yetirir. Təhsil tələbə kreditləri üzrə gecikmə halları ümumi geri ödəmə portfelində çox aşağı paya malikdir.

- Fondun təşəbbüsü ilə həyata keçirilən təcrübə proqramları, layihələr və əməkdaşlıqlar vasitəsilə neçə tələbə və məzun işlə təmin olunub?

186171

- Fond tərəfindən həyata keçirilən təcrübə və inkişaf proqramlarının əsas məqsədi tələbə və məzunların əmək bazarına inteqrasiyasına, onların şəxsi və peşəkar bacarıqlarının inkişafına dəstək verməkdir.

Bu istiqamətdə ötən beş il ərzində 2000-dən çox tələbə müxtəlif təlim  proqramlarına cəlb olunub, 650-dən çox tələbə və məzun təcrübə imkanlarından yararlanıb. Həyata keçirilən layihələr çərçivəsində 400-dən çox məzunun bir çox qurumlara inteqrasiyası həyata keçirilərək məşğulluğuna dəstək göstərilib.

Eyni zamanda tələbələrin bilik və bacarıqlarının artırılması, əmək bazarına çevik inteqrasiyası, dövlət vəsaitinin geri qaytarılmasına müsbət təsir etmək üçün bir sıra əlavə tədbirlərimiz də mövcuddur.

- Kredit götürən tələbələrin akademik göstəricilərində dəyişiklik varmı? Bu günə qədər yüksək akademik nəticələrinə görə 25 və ya 50 faiz güzəştdən yararlanma haqqında nə deyə bilərsiniz?

- Az öncə də vurğuladığımız kimi, təhsil tələbə kreditləri təhsilin inkişafında mühüm rol oynamaqla yanaşı, həm də motivasiya alətidir. Bu günədək yüksək akademik nəticələrə görə ümumilikdə 2 375 kredit müqaviləsi üzrə güzəşt tətbiq olunub. Bunlardan 691-i sosial təhsil tələbə krediti üzrə 50 faiz, 1 684-ü isə standart təhsil tələbə krediti üzrə 25 faiz güzəştdən yararlanıb. Bu da tələbələrin təhsil nailiyyətlərinin artırılmasına əlavə stimul yaradır.

- Az əvvəl əmək bazarı məsələsinə toxundunuz. Əmək bazarının tələblərini nəzərə alsaq, kredit alan tələbələr daha çox hansı ixtisaslar üzrə təhsil alırlar?

- Təhsil tələbə kreditlərinin verilməsi respublika ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris olunan bütün ixtisaslar üzrə tətbiq edilir ki, bu da əmək bazarında tələb olunan mövcud sahələr üzrə kadr hazırlığına müsbət təsir göstərir. Təhsil tələbə kreditlərindən ən çox biznesin təşkili və idarə edilməsi, pedaqogika, mühəndislik, informasiya texnologiyaları, tibb və sosial iş istiqamətləri üzrə təhsil alan tələbələr yararlanırlar. Bununla yanaşı, digər ixtisaslar üzrə təhsil alan tələbələr də müəyyən edilmiş şərtlərə uyğun olaraq təhsil tələbə kreditlərindən istifadə edə bilirlər.

Bizim son təhlillərimiz göstərir ki, ixtisaslar üzrə kreditlərin rəsmiləşdirilməsində ən çox vəsait ayrılan biznesin təşkili və idarə olunması ixtisasıdır. Ümumilikdə isə təhsil tələbə kreditlərinin ixtisaslar üzrə bölgüsü ölkədə həmin ixtisaslar üzrə təhsil alan tələbələrin sayı ilə paralellik təşkil edir. Yəni, hansı ixtisas istiqaməti üzrə tələbə sayı daha çoxdursa, həmin istiqamət üzrə təhsil tələbə kreditlərindən yararlananların sayı da müvafiq olaraq daha yüksəkdir.

- Orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin təhsil tələbə kreditlərindən yararlanma göstəriciləri necədir? Hazırda peşə təhsilinin hansı səviyyələri üzrə kredirlərin verilməsi həyata keçirilir?

186173

- Ümumi olaraq qeyd edə bilərik ki, bu günədək orta ixtisas təhsil səviyyəsi üzrə 5 658 müqavilə rəsmiləşdirilib  ki, bu da öz növbəsində ümumi müqavilənin 7%-ni təşkil edir.

Peşə təhsil pilləsində isə 3 səviyyəsi üzrə: İlk, texniki və yüksək texniki peşə səviyyələrində təhsil tələbə kreditlərinin verilməsini həyata keçiririk. Layihəyə başladığımız zaman yalnız yüksək texniki peşəyə kredit ayrılırdısa, bu gün artıq texniki peşə səviyyəsi üzrə də kreditlərin ayrılması həyata keçirilir.

Peşə təhsili pilləsində təhsil haqqı məbləğlərinin nisbətən aşağı olması və təhsilalanların əsasən azyaşlı olması səbəbindən təhsil tələbə kreditlərinə müraciət səviyyəsi əvvəlki illərdə daha aşağı rəqəmləri əks etdirirdisə, cari dövrdə peşə təhsilinə dövlət dəstəyi və bu sahəyə artan maraq müraciətlərin sayının artmasına gətirib çıxartmışdır. 

- Tələbələr və valideynlər arasında təhsil kreditləri ilə bağlı ən çox rast gəldiyiniz yanlış təsəvvürlər hansılardır?

- Qeyd etdiyiniz məsələlərlə bağlı ən çox rast gəldiyimiz nüanslardan biri geriödəmə müddəti ilə bağlıdır. Bəzi məzunlar düşünürlər ki, təhsili başa vurduqları tarixdən iki il sonra geriödəməyə başlamalıdırlar. Halbuki geriödəmənin başlanılması və geriödəmə müddəti qanunvericilikdə nəzərdə tutulan şərtlərə uyğun müəyyən edilir. Tələbələr müqaviləni imzalamazdan əvvəl bu şərtlərlə tanış olmaq imkanına malik olurlar və biz də maarifləndirmə tədbirlərimiz zamanı bu məsələləri mütəmadi olaraq vurğulayırıq.

Digər rast gəlinən suallardan biri isə müraciət imkanları ilə bağlıdır. Məsələn, bəzi tələbələr hesab edirlər ki, birinci semestrdə müraciət etmədikləri halda növbəti semestrdə artıq kredit üçün müraciət edə bilməyəcəklər. Halbuki müəyyən edilmiş şərtlərə cavab verdikləri təqdirdə sonrakı semestrlərdə də müraciət etmələri mümkündür.

- Son illərdə bəzi universitetlərdə təhsil haqları artıb. Bu artım kredit müraciətlərinin sayına necə təsir göstərib? Hazırda təhsil kreditindən yararlanan tələbələr arasında ən yüksək və ən aşağı kredit məbləği nə qədərdir? Ümumiyyətlə, bir tələbə təhsil müddətində orta hesabla nə qədər kredit götürür?

186168

- Təhsil tələbə kreditinə müraciətlərin hər il artan dinamika ilə davam etməsi həm təhsil haqqı, həm də digər amillərdən asılı ola bilər. Təhsil haqlarının artımı xərclənən dövlət vəsaitinin həcmi ilə düz mütənasiblik təşkil edir. Lakin təhsil haqlarının məbləği ilə bağlı müraciətlərə məhdudiyyətlər qanunvericilik ilə təsbit olunmayıb. Kreditin yuxarı həddi təhsil haqqı məbləğinə bərabər tutulur.

Kredit məbləğləri təhsil müəssisəsi və ixtisaslar üzrə fərqlənir. Hazırkı statistikaya əsasən, bir kredit müqaviləsi üzrə rəsmiləşdirilmiş ən aşağı kredit məbləği 107 manat, ən yüksək kredit məbləği isə 4250 manat təşkil edir. Ümumilikdə isə hazırda bir tələbəyə düşən orta təhsil tələbə krediti məbləği təxminən 945 manat təşkil edir.

- Xaricdə təhsil alan azərbaycanlı tələbələrdən TTKF-ə müraciətlərlə bağlı təkliflər və ya gözləntilər olurmu?Gələcəkdə xaricdə təhsil alan tələbələr üçün də oxşar mexanizmlərin yaradılması gündəmdədir?

- Ən çox verilən suallar və ən çox istək bu istiqamətdədir. Bu gün minlərlə gənc öz hesabına xaricdə təhsil alır. Bu böyük bir insan kapitalıdır. Eyni zamanda, iqtisadiyyatın inkişafına böyük töhfə verən amildir. Dövlət Proqramından istifadə edə bilməyən, öz vəsaiti hesabına xaricdə təhsil almaq istəyən tələbələr də az deyil. Lakin mövcud qanunvericilikdə xaricdə təhsil alan şəxslərə təhsil tələbə kreditlərinin ayrılması nəzərdə tutulmayıb. Mövcud mexanizm yalnız respublika ərazisində fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani və ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir.

Xaricdə təhsillə bağlı digər bir dövlət layihəsi mövcuddur ki, vətəndaşlarımız həmin layihənin imkanlarından yararlana bilərlər. 

- Təsəvvür edək ki, qarşınızda maddi imkanları məhdud olan, lakin universitetə qəbul olmuş bir gənc dayanıb və tərəddüd edir. Siz onu təhsilini davam etdirməsi üçün necə motivasiya edərdiniz?

186174

Təbii ki, təhsil sferasında olan şəxslər düzgün ixtisas seçiminin nə dərəcədə önəmli olduğunu daha yaxşı bilir. Düzgün ixtisas seçimi gələcəkdə sizin rifahınız, hədəfə daha tez çatmağınız, ən qısa dildə desək, gəlirlərinizi formalaşdırıb maliyyə yükünüzün azaldılması üçün ən birinci amildir.

Siz düzgün ixtisas seçimi etməsəniz nəticə etibarı ilə vaxt itirmiş olacaqsınız.

İnsan özünü inkişaf etdirə biləcəyi və həvəslə məşğul olacağı sahəni seçdikdə həm təhsil prosesində, həm də gələcək əmək fəaliyyətində daha uğurlu nəticələr əldə etmək imkanı qazanır. Maddi çətinliklər isə təhsildən imtina üçün səbəb olmamalıdır. Məhz bu məqsədlə dövlət tərəfindən təhsil tələbə kreditləri mexanizmi yaradılıb ki, maliyyə imkanları məhdud olan gənclər də ali təhsil almaq və öz potensiallarını reallaşdırmaq imkanı əldə etsinlər.

Mexanizmin işlək olması isə on minlərlə tələbə arasında təhsilini yarımçıq qoyanların sayının təxminən 120 nəfər civarında olması ilə bir daha özünü göstərir.

Mən hər bir gəncə tövsiyə edərdim ki, seçim edərkən ilk növbədə öz maraq və bacarıqlarını nəzərə alsın, mövcud dəstək mexanizmlərindən yararlansın və təhsilini inamla davam etdirsin.

TƏCİLİ! Ukrayna Rusiyaya ağır zərbələr endirdi - Yaralılar var
Son xəbərlərDaha çox