Azedu.az

Bu kitabları oxumayanlar yaxşı müəllim ola bilməyəcək - Ekspertlərdən XƏBƏRDARLIQ

Təhsil ekspertləri

21 Sentyabr 2026, 11:26
Bu kitabları oxumayanlar yaxşı müəllim ola bilməyəcək - Ekspertlərdən XƏBƏRDARLIQ

Kitab oxumaq insanın həm şəxsi, həm də peşəkar inkişafında mühüm rol oynayır. Hər sahədə çalışan insanların mütaliə etməsi tövsiyə olunur. Xüsusilə müəllim və müəllim namizədlər üçün kitab oxumaq peşəkar biliklərin və şəxsi bacarıqların inkişafı baxımından vacibdir.

Bu mövzu ilə bağlı təhsil mütəxəssisləri arasında sorğu keçiririk.

Müəllimlərin və müəllim namizədlərinin peşəkar və şəxsi inkişafı üçün hansı kitabları oxumağı tövsiyə edərdiniz?

Sorğumuza cavab verən İlqar Orucov müəllimlərin peşəkar və şəxsi inkişafı üçün müxtəlif istiqamətlər üzrə faydalı hesab etdiyi kitabları tövsiyə edib:

189779
 

"Müəllim və müəllim olacaq namizədlərin peşəkar və şəxsi inkişafı, müasir təhsil sisteminin transformasiyasında ən həlledici amil olmaqla yanaşı, fənlərarası subyekt kimi yüksək elmi-metodik yanaşma tələb edir. Müasir pedaqoji paradiqma müəllimi yalnız informasiya ötürücüsü statusunda deyil, həm də dərketmə mühəndisi, psixoloq və dəyişdirici lider qismində görür. Bu kontekstdə, pedaqoqların həm metodik təkmilləşməsi, həm də idrak və duyğu səriştələrinin artırılması üçün fundamental əhəmiyyət kəsb edən ədəbiyyat korpusunun mütaliəsi qaçılmazdır.  

İlk növbədə, peşəkar inkişaf və sinif idarəedilməsinin elmi əsasları baxımından Harri Vonq və Rozmari Vonqun "Məktəbin ilk günləri: Necə effektiv müəllim olmalı" əsəri təhsil mühitinin ilkin strukturlaşdırılması üçün baza rolunu oynayır. Bu əsər müəllim namizədlərinə sinifdaxili intizamı inzibati təzyiqlərlə deyil, elmi əsaslı davranış prosedurları və zaman menecmenti ilə tənzimləməyin metodologiyasını aşılayır.

Praktiki pedaqogikanın tətbiqi mexanizmlərini dərindən mənimsəmək üçün Duq Lemovun "Lider müəllim kimi tədris et 3.0" kitabında sistemləşdirilmiş 60-dan çox texnika, yüksək akademik gözləntilərin formalaşdırılması və şagirdlərin dərs prosesindəki idraki aktivliyi baxımından empirik mükəmməllik rəmzidir.

Özlərinin real tədris effektini elmi-statistik verilənlərlə ölçmək istəyən mütəxəssislər üçün isə Con Hettinin "Müəllimlər üçün görünən öyrənmə" əsəri əvəzsizdir. Genişmiqyaslı meta-analizlərə əsaslanan bu tədqiqat müəllimlərə reflektiv yanaşmanı mənimsədir və şagirdyönümlü qiymətləndirmə strategiyalarını elmi şəkildə strukturlaşdırır.

İnkişafın psixoloji və özünüdərk qatında Kerol Duekin "Düşüncə tərzi: Yeni uğur psixologiyası" əsəri fundamental transformasiya yaradır. İnkişafyönümlü düşüncə tərzi konsepsiyası müəllimin intellektə baxışını köklü surətdə dəyişərək, şagirdlərdə uğursuzluq qorxusunu aradan qaldırmağa və potensialı statik qəbul etməməyə elmi zəmin hazırlayır.

Eyni zamanda, Piter Braun, Henri Rediger və Mark MakDeniel tərəfindən qələmə alınmış "Qalıcı et: Uğurlu öyrənmənin elmi" kitabı idrak psixologiyası müstəvisində ənənəvi əzbərçilik metodlarının səmərəsizliyini sübut edərək, interval təkrarı və qarışıq tədris kimi neyro-pedaqoji yanaşmaları təqdim edir.

Sonda qeyd edim ki, təhsilin emosional və daxili mühərrikini anlamaq üçün Daniel Qoulmanın "Emosional intellekt" və Parker Palmerin "Tədris etmək cəsarəti" əsərləri müəllimin peşəkar kimliyini böyüklərin təhsili metodologiyası müstəvisində tamamlayır.

Qoulmanın emosional zəka modeli yüksək gərginlik altında işləyən müəllimə daxili tükənməni tənzimləməyə və sinifdə sağlam psixoloji iqlim qurmağa kömək etdiyi halda, Palmerin fəlsəfi yanaşması müəllimin öz daxili dünyasını kəşf etməsini şərtləndirir, çünki müəllim yalnız tədris planını deyil, bilavasitə öz şəxsiyyətini öyrədir. Bu fundamental ədəbiyyatlar müəllimlərə həm nəzəri-akademik, həm də şəxsiyyətlərarası səriştələr sahəsində kompleks inkişaf zəmanəti verir".

Vüsət Əzizov müəllimlərin peşəkar və şəxsi inkişafı üçün həm xarici, həm də azərbaycanlı müəlliflərin əsərlərindən ibarət kitab siyahısı təqdim edib:

189778

"Müəllim üçün kitab seçərkən yalnız pedaqogikaya aid əsərlərlə məhdudlaşmamaq lazımdır. Müəllimlik yalnız fənni tədris etmək deyil, həm də insan yetişdirmək, sinif mühitini düzgün idarə etmək və daimi özünüinkişaf prosesidir. Müəllim həm öyrətməyi, həm də insanı və özünü anlamağı inkişaf etdirməlidir.

Mən müəllimlərə və müəllim namizədlərinə aşağıdakı kitabları tövsiyə edərdim. Müəllimlərin peşəkar inkişafı üçün ilk növbədə Con Hatinin “Visible Learning” ("Görünən öyrənmə") əsərini qeyd edərdim. Kitab müəllimə hansı tədris yanaşmalarının şagird nailiyyətlərinə daha çox təsir etdiyini anlamağa və öz dərs metodlarını daha əsaslandırılmış şəkildə qurmağa kömək edir. 

Daniel Qolemanın “Emotional Intelligence” ("Emosional zəka") kitabı isə müəllimin şəxsi inkişafı baxımından əhəmiyyətlidir. Çünki müəllim yalnız fənnini bilməklə kifayətlənmir, eyni zamanda şagirdin emosiyasını, davranışını və psixoloji vəziyyətini düzgün oxumağı bacarmalıdır. Emosional zəka sinif idarəetməsi və müəllim-şagird münasibətlərində mühüm rol oynayır.

Harri Vong və Rosemari  Vonqun  "The First 100 Days" ("İlk 100 Gün") kitabı sinif idarəetməsi və metodika ilə bağlıdı. Müəllimliyə yeni başlayanlar və təcrübəli pedaqoqlar üçün əvəzsiz bələdçidir. Dərsin ilk günündən etibarən sinifdə qayda-qanun, prosedurlar və effektiv öyrənmə mühitinin necə qurulacağını praktik misallarla göstərir.

Ken Robinsonun “The Element” ("Element") kitabı müəllimlərə hər bir şagirdin fərqli potensial və maraqlara malik olduğunu görmək baxımından faydalıdır. Müəllim bütün şagirdləri eyni qəlibə salmaq əvəzinə onların güclü tərəflərini üzə çıxarmağa çalışmalıdır.

Karol Dekin “Mindset” ("Düşüncə tərzi") əsəri də xüsusilə müəllim namizədləri üçün faydalıdır. Kitab inkişafyönümlü düşüncə tərzinin formalaşmasını izah edir və həm müəllimin öz peşəkar inkişafına, həm də şagirdlərdə öyrənməyə münasibətin dəyişdirilməsinə töhfə verə bilər.

Simon Sinekin “Start With Why” ("Niyə ilə başla") kitabını da qeyd edərdim. Müəllim üçün “Mən nə öyrədirəm?” sualı qədər “Niyə öyrədirəm?” sualı da vacibdir. Bu əsər müəllimə peşəsinin məqsədini və şəxsi motivasiyasını daha aydın dərk etməyə kömək edə bilər.

Azərbaycanlı müəlliflərin təhsil, pedaqogika və şəxsi inkişaf sahəsində peşəkar və şəxsi baxımdan zənginləşməyə kömək edəcək dəyərli əsərləri də var. Hüseyn Əhmədovun "Müəllim Məharəti" əsəri Azərbaycan pedaqogika elminin klassik bünövrələrinə söykənərək müəllimin etik davranış qaydalarını, nitq mədəniyyətini və şagird qəlbinə yol tapmaq sənətini aşılayır. Milliliklə müasir yanaşmanın vəhdətini qurmaq üçün vacib mənbədir.

Keçmiş təhsil naziri Misir Mərdanovun "Təhsilimiz: Dünəndən Sabaha" əsəri müəllimlərə ölkəmizdəki təhsil sisteminin inkişaf dinamikasını, keçdiyi tarixi mərhələləri və müasir kurikulum islahatlarının məntiqini anlamağa kömək edir. Müəllim prosesə bütöv bir sistemin tərkib hissəsi kimi baxmaq baxışı qazanır.

Zahid Xəlilin "Müəllim ki Müəllim" əsəri müəllimin şagirdlə qurduğu emosional bağın, pedaqoji səbrin və fədakarlığın təlim nailiyyətlərinə necə birbaşa təsir etdiyini bədii və psixoloji boyalarla göstərir. Müəllimlik peşəsinə motivasiya və ilham mənbəyidir.

Bundan başqa müxtəlif ali məktəblərdə tədris olunan azərbaycanlı müəlliflərin "Pedaqogika" dərslikləri Təlim və tərbiyənin əsas qanunauyğunluqlarını, prinsiplərini və metodlarını elmi əsaslarla mənimsəmək istəyən hər bir müəllim üçün faydalıdır. Müəllim üçün mütaliənin əsas məqsədi çox kitab oxumaq deyil, oxuduqlarını praktikaya tətbiq etməkdir. Bir kitabdan əldə olunan bir yanaşmanın dərsdə tətbiq edilməsi, sadəcə kitab siyahısını artırmaqdan daha dəyərlidir. Müasir müəllim daim öyrənən, öz fəaliyyətini təhlil edən və yeni metodları sınayan müəllim olmalıdır".

Rəşad Cabbar bildirib ki, insan ixtisasına uyğun, tədris və iş fəaliyyətinə müsbət təsir göstərən, peşəkar inkişafına töhfə verən kitablar oxumalıdır:

189774

"Əvvəlcə onu qeyd etmək istəyirəm ki, hər bir şəxs peşəkar inkişafı üçün kitab mütaliə etməlidir. Bu mütaliənin isə daha çox onun ixtisasına fayda verəcək mənbələr üzərində qurulması məqsədəuyğundur. Yəni insan elə kitablar oxumalıdır ki, onlar yalnız nitqinin və danışıq qabiliyyətinin inkişafına deyil, həm də ixtisasına uyğun olaraq tədris və iş fəaliyyətinə müsbət təsir göstərsin, peşəkar inkişafına töhfə versin. 

Bu kitablardan birincisi Emmanuel Kantın “Pedaqogika” əsəridir. Düşünürəm ki, müəllim olan hər  şəxs bu kitabı ən azı bir dəfə oxumalıdır. Kantın əsas fikirlərindən biri ondan ibarətdir ki, şagirdlərə əzbərləməyi deyil, düşünməyi öyrətmək lazımdır. Yəni şagird hər hansı bir sual üzərində düşünürsə, ona hazır cavabı vermək əvəzinə, müxtəlif suallar və izahlar vasitəsilə düşünmə bacarığını formalaşdırmaq daha məqsədəuyğundur.

Kitabın əsas məğzi də məhz bu yanaşma üzərində qurulub. Kantın fikrincə, təhsilin əsas məqsədi yalnız yüksək qiymət alan və ya yaxşı nəticə göstərən şagirdlər yetişdirmək deyil. Əsas məqsəd öz ağlından istifadə etməyi bacaran, məsuliyyətli və əxlaqi seçimlər edə bilən fərdlər formalaşdırmaqdır. Bu əsər müəyyən qədər fəlsəfi məzmun daşısa da, hesab edirəm ki, müəllimlərin mütləq oxumalı olduğu kitablardan biridir.

Növbəti kitab Platonun “Dövlət” əsəridir. Bu, kifayət qədər ağır və fəlsəfi ideyalarla zəngin bir kitabdır. Hesab edirəm ki, bütün müəllimlər bu əsəri mütləq oxumalıdırlar. Çünki Platon bu kitabda təhsili birbaşa xalqın və dövlətin gələcəyi ilə əlaqələndirir, eyni zamanda insanın düşüncə və xarakterinin formalaşmasına xüsusi diqqət yetirir.

Əsərin əsas məğzi də məhz düşüncənin formalaşdırılmasının vacibliyi üzərində qurulub. Kitabı oxuduqca görmək olur ki, Platon insanın necə yetişdirilməsi, hansı dəyərlər və ideyalar əsasında formalaşdırılması məsələlərinə geniş yer ayırır. Bu baxımdan əsər yalnız fəlsəfi mətn deyil, həm də təhsil və tərbiyə ilə bağlı dəyərli fikirlər təqdim edir. Məhz buna görə müəllimlərin bu kitabı əldə edib mütaliə etmələrini vacib hesab edirəm.

Jan-Jak Russonun “Emil və ya tərbiyə haqqında” kitabı var. Qeyd edim ki, Russonun fikirləri hələ də Azərbaycanda ali təhsil müəssisələrində tədris edilir və pedaqogikada aktuallığını qoruyur. “Emil və ya tərbiyə haqqında” əsərinin ümumi ideyaları və fikirləri də ali təhsil müəssisələrində tədris olunur.

Bəs Russonun bizə qatdığı fayda nədir, hansı ideyaları müəllimlər üçün faydalı ola bilər? Bu kitabda Russo təhsildə fərdin və uşağın inkişafını ön plana çəkir. Digər mühüm məsələ isə uşağın inkişafına necə təsir göstərməkdir. Russo bildirir ki, müəllim təkcə məlumat verən şəxs deyil. Pedaqoq həm də şagirdin məlumatı özü qazanması üçün münbit şərait yaradan şəxsdir. Yəni məlumatı birbaşa vermək əvəzinə, şagirdin həmin məlumatı özü əldə etməsi üçün uyğun şərait yaratmaq lazımdır.

Bu baxımdan, kitabın müəllimlər üçün faydalı olduğunu düşünürəm. Uşaq necə öyrənməlidir, hansı şəraitdə və formada öyrənməlidir, hansı metodlardan istifadə edilməlidir kimi sualların cavabını Jan-Jak Russonun “Emil və ya tərbiyə haqqında” əsərində tapmaq mümkündür. Müəllimlərə bu kitabı əldə edib oxumağı tövsiyə edirəm.

Növbəti kitab emosional zəka, yaxud emosional intellekt haqqında kitabdır. Bu kitab adətən metod və metodologiyadan bəhs etmir. Müəllim burada birbaşa metod öyrənməyəcək. Bəs bu kitabı mütaliə etdikdə müəllim nə qazanacaq? Daha çox psixoloji baxımdan faydalı olan bir kitabdır.

189786

Sinifdə və ya auditoriyada uşaqlar arasında müəyyən mübahisələr və problemlər yaranır. Bu mübahisələr əsasən yalnız bilik bazasının müxtəlifliyindən, yəni zəif və güclü şagird arasındakı fərqdən qaynaqlanmır. Daha çox emosional problemlərin yaratdığı mübahisələr olur. Məhz belə vəziyyətlərdə müəllimin necə davranması və idarəedici rolunu necə həyata keçirməsi önəm daşıyır.

Bu baxımdan, emosional zəka müəllimlərin mütaliə etməli olduğu vacib kitablardan biridir. Xüsusilə müəllimliyin ilk illərində bu kitabın oxunmasını tövsiyə edərdim. Kitab müəllimə öz emosiyalarını və uşaqların emosional vəziyyətini idarə etmək, şagirdlərin hiss və davranışlarını düzgün anlamaq, empati qurmaq kimi bacarıqların formalaşmasına kömək edir.

“Atomik vərdişlər” kitabı isə, deyərdim, təkcə müəllimlərə yox, hər kəsə lazım olan  kitabdır. Çünki bu kitabı hər  insan oxumalıdır. Burada söhbət yalnız müəllimlər üçün faydalı olan məqamlardan getmir.

Kitabın ümumi məğzi ondan ibarətdir ki, heç bir insan, o cümlədən müəllim, birdən-birə inkişaf edə bilməz. İnkişaf gündəlik olaraq formalaşdırılan kiçik vərdişlərin müəyyən müddətdən sonra yaratdığı nəticələr əsasında baş verir. Müəllif də məhz bunu vurğulayır.

Məsələn, hər hansı bir insan hər gün bir saatını mütaliəyə ayırırsa, bir ildən sonra kifayət qədər geniş kitab bazasına sahib ola bilər. Yaxud bir şəxs hər gün 10, 20 və ya 30 dəqiqə dil öyrənməyə vaxt ayırırsa, bir ildən sonra həmin dili müəyyən qədər mənimsəmiş olacaq. Yəni kitabın əsas məğzi də məhz bundan ibarətdir: kiçik, davamlı addımlar zaman keçdikcə böyük nəticələr yaradır. Bu baxımdan, düşünürəm ki, “Atomik vərdişlər” təkcə müəllimlər üçün deyil, hər birimiz üçün faydalı və oxunmalı kitablardan biridir".

Elmin Nuri xüsusi olaraq vurğulayıb ki, bu kitablar hər bir müəllimin masasının üzərində mütləq olmalıdır:

189542

"Bu istiqamətdə müəllim, ümumiyyətlə təhsillə məşğul olan hər kəsin-təhsil menecerləri, məktəb rəhbərlərinin oxumalı olduğu elmi-populyar, psixoloji, təhsilin kütləviliyinə aid xeyli sayda faydalı kitablar var. Şəxsən mən son illər daha çox türkiyəli müəlliflərdən Doğan Cüceloğlunun bu istiqamətdə kitablarını oxuyuram. Onun "Faydalı dərs öyrənmənin psixoloji metodları" kitabı xüsusilə maraqlıdır.

O cümlədən, Elm və Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə edilən "Yaradıcı məktəblər" (müəllif: Ken Robinson) kitabı da xüsusilə maraqlıdır. Həmçinin, PİSA rəhbəri Andreas Şleyxerin “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabı da çox önəmli ədəbiyyat sayılmalıdır. Amma oxunmasını şiddətlə tövsiyyə etdiyim bir kitab var. Bu, böyük Azərbaycan alimi, akademik Azad Mirzəcanzadənin "Təhsilin humanistləşdirilməsi haqqında etüdlər" kitabıdır. Nə yaxşı ki, "Qanun" Nəşriyyatı tərəfindən dilimizə tərcümə edilib.  Hər müəllimin masasının üzərində mütləq və mütləq olmalı olduğu kitabdır".

Əmrah Həsənli qeyd edib ki, müəllimlər üçün tövsiyə etdiyi kitablar sinifdə daha çevik və operativ qərarlar verməyə kömək edir:

Əmrah Həsənli: Süni intellekt dövründə savadlılıq məlumatı bilmək deyil,  onu düzgün dəyərləndirmək bacarığıdır - AZƏRTAC

"Müəllim və ya müəllim namizədinin inkişafı təkcə fənni yaxşı bilməklə bitmir. Burada sinfi düzgün idarə etmək, uşaq psixologiyasını duymaq və müasir metodikaları mənimsəmək çox vacibdir. Bu baxımdan ilk növbədə Daniel Uillingemin "Şagirdlər məktəbi nə üçün sevmir?" kitabını tövsiyə edərdim. Biz çox vaxt elə bilirik ki, şagird dərsdə darıxırsa, deməli tənbəldir və ya diqqətsizdir. Amma bu kitab beynin necə öyrəndiyini izah edir və göstərir ki, uşağın dərsdən yayınması onun şıltaqlığı deyil, dərsin quruluşunun qavrama mexanizminə uyğun gəlməməsidir.

Digər vacib vəsait isə Doq Lemovun "Çempion kimi tədris et" kitabıdır. Bu nəşr quru nəzəriyyə deyil, birbaşa sinifdə işləyən praktiki taktikalar toplusudur. Dərslərdə xaosun qarşısını almaq, vaxtı düzgün bölmək və bütün uşaqları prosesə cəlb etmək üçün çox işlək bələdçidir. Müşahidəm odur ki, müəllim öz üzərində işləməyəndə istər-istəməz təkrarçılığa düşür, bu kitablar isə onlara sinifdə daha çevik və operativ qərarlar verməkdə böyük dəstək olur".

Səbuhi Abdullayev bildirib ki, müəllimlərin inkişafında kitablardan əlavə, məqalə və digər qısa materiallardan istifadə daha faydalı ola bilər:

189065

“İndiki sürətlə inkişaf edən dövrdə kitablardan daha çox xüsusi məqalələrin, emosional zəkanın formalaşdırılması və inkişaf etdirilməsi üçün lazım olan kiçik mövzuların və mətnlərin öyrənilməsi, eləcə də açar sözlərdən ibarət bu tip materiallardan istifadə daha sürətli effekt verə bilər. Düşünürəm ki, Daniel Qolemanın bununla bağlı “Social Intelligence” kitabı da var. Bu kitabdan müəllimlərin şəxsi inkişafının təmin edilməsi üçün istifadə etmək mümkündür.

Emosional zəka ilə bağlı valideyn-şagird münasibətlərinin tənzimlənməsi üçün bu sahədəki digər vəsait və məqalələrin araşdırılması da faydalı ola bilər. Bu materiallar valideyn-şagird, eləcə də müəllim-valideyn-şagird münasibətlərinin idarə olunmasında, xüsusilə sosial platformalarda aktiv olan şagirdlərlə işləmək baxımından üstün vasitə sayıla bilər”.

Məzahir Məmmədli vurğulayıb ki, “Yeni çağırışlar” kitabını oxumaqla gələcəyin müəllimi 40-a yaxın tanınmış pedaqoqun təcrübəsi ilə tanış ola bilər:

189799

“Azərbaycanda artıq müəllim olmaq bir qədər çətinləşib. Çünki müəllimlik təkcə öz peşəsini bilməkdən ibarət deyil. Ali təhsili bitirdikdən sonra müəllimlərin işə qəbulu kimi imkanları ölçən böyük bir imtahan var. Buna görə də müəllim yalnız öz ixtisası ilə məhdudlaşmamalı, beynəlxalq təcrübəni, müəllim-şagird-valideyn münasibətlərini öyrənməli, müxtəlif ədəbiyyatlar oxumalı və özünü gələcək nəslin formalaşmasına hazırlamalıdır.

Müəllimlərin özünü inkişaf etdirməsi üçün son vaxtlar təqdimatında iştirak etdiyim Cəfər Məsiminin müəllifi olduğu “Yeni çağırışlar” kitabını tövsiyə edərdim. Kitabda dünya təcrübəsi, tanınmış pedaqoqların fikirləri, onlarla müsahibə və görüşlər haqqında məlumatlar yer alıb.

Gələcəyin müəllimi bu kitabı oxumaqla Andreas Şleyxer, Məhəmməd Yunus, Özgür Bolat, Ziya Səlcuq və digər tanınmış pedaqoqların təcrübəsi ilə tanış ola bilər. Kitabda təxminən 40-50 pedaqoqun təcrübəsi və biliyi, yaxşı müəllim olmağa aparan müxtəlif istiqamətlər təqdim olunur. Mənim son vaxtlar yeni pedaqoji yanaşmaya əsaslanan əsas tövsiyəm “Yeni çağırışlar” kitabıdır”.

Ramin Nurəliyevin düşüncələrinə görə, əsas olan müasir texnologiyadan məlumatlı olmaq və ondan düzgün istifadə etməyi bacarmaqdır:

Azərbaycan ali təhsil üçün arzuolunan ölkələrdəndir - Ramin Nurəliyev -  Muallim.edu.az

“Müəllim, əlbəttə ki, hər bir cəmiyyəti işıqlı gələcəyə aparan bir obrazdır. O, şagirdin təhsili ilə yanaşı, tərbiyəsi ilə də məşğul olan, onu yetişdirən, cəmiyyətin müasir dövrün tələblərinə uyğun formalaşmasına töhfə verən bir şəxsiyyətdir.

Xüsusilə də bu dövr texnologiya, süni intellekt və rəqəmsallaşma dövrüdür. Müəllim bu dövrün tələbləri ilə ayaqlaşmağı və şagirdlərini də bu istiqamətdə yetişdirməyi bacarmalıdır. Məhz ona görə də hər bir müəllim müasir texnologiyalardan məlumatlı olmalı və şagirddən bir addım öndə olmağa çalışmalıdır.

Əgər bir müəllim sinfə girərkən qlobus götürüb “Şagirdlər, Yer bu şəkildə dönür” deyirsə, şagirdlər gülər. Niyə? Çünki bu gün şagirdin əlində olan telefon və ya elektron cihazlar Yerin dönməsini qlobusdan daha əyani şəkildə göstərə bilir. Ona görə də müəllim əyani vəsaitlərdən istifadə edərkən dövrün tələbinə uyğun vasitələr seçməyi bacarmalıdır.

Hər bir müəllim ilk növbədə öz ixtisasını yaxşı bilməli, bununla yanaşı, müasir texnologiyanı da mənimsəməlidir. Dövrün tələbinə uyğun məlumatlardan xəbərdar olmalıdır. Əgər müəllim müasir texnologiya dövründə şagirdin verdiyi hər hansı suala cavab verməkdə acizlik yaşayarsa, şagird qarşısında çətin vəziyyətdə qala bilər. Buna görə də müəllim texnoloji avadanlıqlarla işləmək qabiliyyətinə malik olmalıdır.

Müəllimə “Hansı kitabları oxumağı tövsiyə edirsiniz?” deyəndə burada əsas məsələ kitabın oxunması deyil. Əsas məsələ bugünkü dövrün tələbinə uyğun olaraq rəqəmsallaşmanı, müasir texnologiyanı və süni intellekti müəyyən səviyyədə bilməsidir. Mən düşünürəm ki, əsas olan müasir texnologiyadan məlumatlı olmaq və ondan düzgün istifadə etməyi bacarmaqdır.

Bu gün orta ümumtəhsil məktəbində, ümumiyyətlə, təhsil sistemində rəqəmsallaşma və müasir texnologiyalar ön plandadır. Artıq süni intellekt dövrünə qədəm qoyuruq. Bəlkə də yaxın gələcəkdə süni intellekt müəllimlərin bir çoxunu ixtisara məcbur edəcək. Ona görə də müəllim dövrün tələbinə uyğun olaraq inkişaf etməlidir ki, bu dəyişikliklər onun peşəsinə mənfi təsir göstərməsin.Yəni mənim düşüncəm budur: kitab oxumaqdan daha çox, müəllim müasir texnologiyadan məlumatlı olmalıdır”.

Azərbaycanla Türkiyə Xəzərdə hərəkətə keçdi - Rusiyaya kritik mesaj
Son xəbərlərDaha çox