“Ölkəmizdə ixtisas seçimi sahəsində kifayət qədər kadr qıtlığı mövcuddur”.
AzEdu.az-a bu sözləri fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov söyləyib.

"Dünyanın müasir təhsil mənzərəsini dərindən bilən, onu akademik baxımdan təhlil edən və bu istiqamətdə araşdırmalar aparan mütəxəssislərin sayı ölkəmizdə kifayət qədər deyil. Nəticədə abituriyentlər daha çox "mən bu qədər bal toplamışam, həmin bala uyğun ən yüksək keçid balı olan ixtisasa qəbul olmalıyam" yanaşmasına üstünlük verirlər.
Bundan əlavə, ixtisas seçimini kommersiya fəaliyyətinə çevirərək kodlaşdırma xidməti göstərən şəxslər də var. Hesab edirəm ki, onlara müraciət etmək uğursuz nəticələrə səbəb ola bilər. Bu məsələyə xüsusi diqqət yetirilməlidir".
Ekspertin sözlərinə görə, kodlaşdırma xidməti göstərərək bunun müqabilində yüksək məbləğdə vəsait qazanan bəzi şəxslər əslində təhsil sahəsinin peşəkarları deyillər:
"Daha doğru yanaşma ondan ibarətdir ki, abituriyentlər təhsil sistemini və müasir dünyanın inkişaf tendensiyalarını dərindən bilən mütəxəssislərə müraciət etsinlər, eyni zamanda özləri də araşdırma aparsınlar. Ən düzgün yol da budur. Çünki ixtisas seçimi mürəkkəb proses deyil. Əsas məsələ abituriyentin öz maraq və bacarıqlarını düzgün müəyyənləşdirməsi, daha sonra isə seçimlərini bunlara uyğun etməsidir.
Təəssüf ki, kodlaşdırma xidməti adı altında fəaliyyət göstərən bəzi şəxslər insanların məlumatsızlığından və etibarından istifadə edərək bundan gəlir əldə edirlər. Mən istəmirəm ki, gənclərimiz belə halların qurbanına çevrilsin və öz istək və potensiallarına uyğun olmayan ixtisasları seçməyə məcbur olsunlar".