“Plan yerləri ilə bağlı dezinformasiya yayan “ekspertlərin” məqsədi süni təşviş yaratmaq, valideynlərdə onsuz da var olan həssaslığı daha da artırmaq və onları öz xidmətlərinizdən asılı vəziyyətə salmaqdır. Bu, doğru yanaşma deyil”.
AzEdu.az-a bu fikirləri təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.

"Hazırda ixtisas seçimi ilə bağlı sosial şəbəkələrdə, xüsusən də TikTok platformasında əsas təşviş və narahatlıq doğuran məqamlardan biri plan yerləri ilə bağlı iddialardır. Təbii ki, bu, bəzi “TikTok qəhrəmanları” və yenə də “ekspertlər” tərəfindən səsləndirilən dezinformasiyalardan başqa bir şey deyil.
Məsələn, rəy bildirirlər ki, “bu il plan yerləri aşağı düşəcək”. Sən bunu hardan bilirsən? Əlindəki data hansıdır, haradandır? Hansı rəsmi mənbəyə istinadən bunu iddia edirsən? Aralarında repititorluqla məşğul olanlarda var - repetitorlara, müəllimlərə hörmətimiz sonsuzdur, bunu kənara qoyuram - axı sizin rəsmi mənbəyə çıxış imkanınız yoxdur! Bu dataları hardan əldə edirsiniz? Əgər dəqiq bilmirsinizsə, yalandan yayılan bu təşvişin səbəbi nədir, məqsədiniz nədən ibarətdir?
Mən deyim: məqsəd süni təşviş yaratmaq, valideynlərdə onsuz da var olan həssaslığı daha da artırmaq və onları öz xidmətlərinizdən asılı vəziyyətə salmaqdır. Bu, doğru yanaşma deyil".
Bütün qruplar üzrə plan yerlərinin azalacağını demək insanları boş yerə təşvişə salmaqdır:
"Ümumiyyətlə, plan yerləri ilə bağlı göstəricilər illərdir ki, artan xətt üzrə gedir. Son bir neçə ilin dinamikasına, plan yerlərinə görə ayrılan ümumi rəqəmlərə baxsaq, bunu asanlıqla görə bilərik. Bu sayın azalmaya doğru getməsi heç inandırıcı da deyil.
Bəli, ixtisaslara görə dəyişiklik ola bilər. Məsələn, pedaqoji ixtisasların plan yerlərində müəyyən azalma gözlənilir. Nəyə görə? Çünki artıq pedaqoji istiqamətdə əmək bazarında çox ciddi namizəd çoxluğu yaranıb. Həmin namizədlərin sonradan işlə təmin olunma problemi olduğuna görə plan yerlərində müəyyən qədər ixtisara gedilə bilər. Çünki plan yeri nə deməkdir? Builki plan yeri - dörd il sonrakı işçi qüvvəsi, vakant yer deməkdir. Bu, hesablanır. Məsələn, kompüter mühəndisliyi üzrə bu il ümumilikdə 800 plan yeri ayrılırsa, deməli, dövlətin dörd ildən sonra 800 kompüter mühəndisinə ehtiyacı var.
İndi elə ixtisaslar var ki, onlar öz aktuallığını itirir, get-gedə zəifləyir. Təbii ki, onlarla bağlı kəmiyyət dəyişikliyi olacaq. Amma bunu ümumiləşdirib “bütün qruplar üzrə plan yerləri azalacaq” demək insanları boş yerə təşvişə salmaqdır. Bu, tamamilə məqsədli şəkildə ortaya atılan, həssaslığı manipulyasiya edən bir alətdir".