“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə qəbulun nəticələri açıqlanıb.
Bu il Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsi olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Qaliblərdən biri də Vorvik Universitetində (University of Warwick) kimya ixtisası üzrə doktorantura təhsili alacaq Selcan Məhərrəmlidir.
AzEdu.az Selcan Məhərrəmli ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
Magistratura dövründə qazandığım təcrübə doktorantura üçün yenidən Vorvik-i seçməyimə səbəb oldu:
“Mən 2020-ci ildə Azərbaycan-Fransız Universitetində Kimya mühəndisliyi üzrə bakalavriatura təhsilimə başlamışam. 2024-cü ildə bakalavriatura təhsilim bitəndən sonra magistratura üçün Böyük Britaniyanın Vorvik Universitetinin Polimer Kimyası fakültəsinə və Dövlət Proqramına müraciət etmiş və qəbul almışam. Varvikdə magistratura təhsili aldığım bir il ərzində universitetin mənə həm akademik, həm də şəxsi baxımdan böyük təsiri oldu. Xüsusilə elmi mühit və burada çalışan professorların tələbələrə yanaşması mənim üçün çox dəyərli təcrübə idi. 2025-ci ildə bu səviyyə üzrə təhsilimi fərqlənmə diplomu ilə tamamlamışam.
Doktorantura qərarımda isə magistr dissertasiyam üzərində işlədiyim müddət xüsusi rol oynadı. Dissertasiya işim zamanı elmi rəhbərim, professor Paul Vilson ilə tədqiqatımın gələcəkdə necə davam etdirilə biləcəyi barədə müzakirələr aparırdıq. O, magistratura tədqiqatımda üzərində işlədiyim mövzunu doktorantura səviyyəsində davam etdirmək təklifini irəli sürdü. Bir il ərzində həm universitetin elmi mühitini, həm də elmi rəhbərimin mənə qazandıra biləcəyi təcrübəni yaxından görmək imkanım oldu. Bu təcrübədən sonra həmin istiqamətdə tədqiqatımı davam etdirmək və doktorantura təhsilimi məhz Varvikdə almaq qərarına gəldim.

Vorvik ilə yanaşı, Avstraliyanın Monash Universitetindən də doktorantura qəbulu almışdım. Amma Varvik mənim ilk seçimim idi. Bunun əsas səbəbi magistratura dövründə üzərində işlədiyim tədqiqat mövzusunu davam etdirmək istəyim oldu. Artıq tanıdığım elmi mühitdə və elmi rəhbərimlə birlikdə bu istiqamətdə daha dərin araşdırmalar aparmaq mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Əgər orada doktorantura təhsili almaq imkanım olmasaydı, gələcək illərdə Azərbaycanda, xüsusilə bakalavr təhsilimi də aldığım UFAZ – Azərbaycan-Fransız Universitetində doktorantura təhsili almaq istəyərdim”.
Dövlət Proqramının yaratdığı imkanlar gənclərə bütün diqqətlərini təhsilə və elmi fəaliyyətə yönəltməyə şərait yaradır:
“Dövlət Proqramına müraciət prosesim olduqca maraqlı, eyni zamanda, bir qədər stresli keçdi. Magistratura təhsilimi də Dövlət Proqramı çərçivəsində almışdım. Buna görə bu dəfə prosesə daha çox təcrübə ilə yanaşsam da, proqramın nə qədər rəqabətli olduğunu bildiyim üçün müsahibəyə mümkün qədər yaxşı hazırlaşmağa çalışdım. Əsas məqsədim Böyük Britaniyada doktorantura təhsili alacaq bir tələbə kimi həm özümü, həm də ölkəmi necə təmsil edəcəyimi, eyni zamanda seçdiyim tədqiqat mövzusuna olan marağımı və bu sahədəki biliklərimi mümkün qədər aydın və səlis şəkildə ifadə etmək idi.
Dövlət Proqramının gənclərə yaratdığı imkanları çox yüksək qiymətləndirirəm. Təhsil və yaşayışla bağlı əsas xərclərin qarşılanması gənclərə bütün diqqətlərini təhsilə və elmi fəaliyyətə yönəltmək imkanı verir. Proqramın yaratdığı imkanlar xaricdə təhsil alan digər tələbələr arasında da diqqət çəkir və müsbət qarşılanır”.
Xaricdə təhsil almağın ən böyük çətinliklərindən biri ilk növbədə adaptasiya dövrüdür:
“İllərlə yaşadığın ölkədən, ailəndən və dostlarından uzaqda yeni həyat qurmaq asan deyil. Lakin qarşıya konkret məqsəd qoyduqda və uğurlu tələbə olmaq üçün çalışdıqda zamanla hər şey öz yerini tapır. Mənim üçün digər xalqların mədəniyyətlərinə hörmət göstərməklə yanaşı, öz mənəvi dəyərlərimi də qoruyaraq yaşamaq adaptasiya prosesində mühüm rol oynadı. Bu yanaşma sayəsində yeni mühitə qısa müddətdə uyğunlaşa bildim. Akademik mühitin, əlbəttə, özünəməxsus çətinlikləri var.
Lakin Azərbaycanda, xüsusilə UFAZ-da aldığım təhsil məni bu çətinliklərə əvvəlcədən hazırlamışdı. UFAZ-da yüksək akademik tələblərə uyğun oxumaq, fərqli tədris sisteminə adaptasiya olmaq və müstəqil işləmək bacarığı qazandığım üçün Böyük Britaniyada qarşıma çıxan akademik tələblərin öhdəsindən gəlmək və özümə uyğun çalışma sistemi qurmaq mənim üçün daha asan oldu. Düşünürəm ki, doktorantura müddətində də bu təcrübədən yararlanaraq inkişafımı davam etdirə biləcəyəm”.
Xaricdə Azərbaycan mətbəxini tanıtmaq mənim üçün çox xoş idi:
“Azərbaycan mətbəxindən ən çox yarpaq dolması üçün darıxırdım. Böyük Britaniyada isə ölkənin özünəməxsus ənənəvi səhər yeməyi mənim üçün gözlədiyimdən daha maraqlı oldu və ən sevdiyim yeməklərdən birinə çevrildi.
Magistratura təhsilim zamanı, xüsusilə son beş ay ərzində laboratoriyada intensiv tədqiqat apardığım müddətdə müxtəlif ölkələrdən olan tələbələrlə yaxın dostluq əlaqələri qurmaq imkanım oldu. Fərqli mədəniyyətləri, adət-ənənələri və insanların dünyaya baxışlarını öyrənmək mənim üçün çox maraqlı təcrübə idi. Bu dostluqlardan biri ilə bağlı xüsusi xatirəm də var. Londona birlikdə səfər etdiyim tayvanlı rəfiqəmlə orada Azərbaycan restoranına getdik. Birlikdə səbzi plov, yarpaq dolması və Azərbaycan mətbəxinə aid digər yeməklərdən daddıq. O, mətbəximizi çox bəyəndiyini və ən qısa zamanda Bakıya səfər etmək istədiyini dedi. Belə məqamlar mənim üçün həm öz mədəniyyətimi xaricdə tanıtmaq, həm də Azərbaycan haqqında insanların təsəvvürlərini zənginləşdirmək baxımından çox xoşdur”.
Əldə etdiyimiz bilik və təcrübəni gələcəkdə ölkəmizə töhfəyə çevirmək çox dəyərli fürsətdir:
"Dövlət Proqramının iki dəfə qalibi olmuş biri kimi deyə bilərəm ki, müraciət prosesi həm stresli, həm də eyni zamanda öz bilik və bacarıqlarınızı göstərmək üçün çox dəyərli və həyəcanlı bir fürsətdir. Xaricdə təhsil almaq, yeni bilik və təcrübə qazanmaq və gələcəkdə bu biliklərlə ölkəmizin inkişafına töhfə vermək istəyən gənclərə tövsiyəm müraciət etməkdən çəkinməmələridir. Əsas məsələ məqsədlərini dəqiq müəyyənləşdirmək, seçdikləri ixtisas və universitet haqqında yaxşı araşdırma aparmaq və müsahibə zamanı özlərini, biliklərini və gələcək planlarını səlis şəkildə ifadə edə bilməkdir.
Dövlət Proqramı Azərbaycan gənclərinə dünya səviyyəli universitetlərdə təhsil almaq və beynəlxalq akademik mühitdə özlərini inkişaf etdirmək üçün böyük imkan yaradır. Düşünürəm ki, bu imkandan yararlanaraq əldə etdikləri bilik və təcrübəni gələcəkdə ölkəmizə töhfəyə çevirmək hər bir gənc üçün çox dəyərli fürsətdir".