Əfqanıstanda ibtidai məktəb yaşlı uşaqların yarıdan çoxu formal təhsildən kənarda qalıb. Ölkədə qızların təhsil hüququnun məhdudlaşdırılması, məktəb infrastrukturuna kifayət qədər investisiya qoyulmaması və əhalinin artması təhsil sistemində vəziyyəti daha da ağırlaşdırıb.
AzEdu.az xəbər verir ki, bu barədə UNESCO və UNICEF-in noyabrın 4-də birgə yayımladığı “Afghanistan Education Situation Report 2026” adlı hesabatda bildirilib.
Hesabata əsasən, Əfqanıstanda ibtidai məktəb yaşlı uşaqların 53 faizi formal ümumi təhsildən kənarda qalıb. Eyni zamanda, 2021-ci ildən bəri 2,6 milyondan çox qız orta təhsil almaq imkanından məhrum edilib.
Bildirilib ki, ölkədə məktəb yaşlı əhalinin sayı 2019-cu ildəki 10,4 milyondan 2024-cü ildə 11,5 milyona yüksəlib. Bu artım onsuz da yüklənmiş məktəblərə, müəllimlərə və təhsil xidmətlərinə əlavə təzyiq yaradıb.
Bununla yanaşı, 2025-ci ildə dövlət ibtidai məktəblərində təhsil alan uşaqların sayı təxminən 6,6 milyon nəfər olub. Bu, 2022-ci illə müqayisədə 560 min nəfər çoxdur. Lakin şagird sayındakı artım əhali artımının sürətinə çatmır.
Hesabatda təhsilin keyfiyyəti ilə bağlı göstəricilər də diqqət çəkib. Ölkənin 34 vilayətində 55 mindən çox şagirdin iştirakı ilə keçirilən qiymətləndirmə nəticəsində IV sinif şagirdlərinin yarısından azının III sinif səviyyəsi üçün nəzərdə tutulan minimum dil bacarıqlarına yiyələndiyi müəyyən edilib. Riyaziyyat üzrə isə şagirdlərin yalnız dörddə biri minimum göstəriciyə çata bilib.
Erkən uşaqlıq təhsili sahəsində də vəziyyət ürəkaçan deyil. Belə ki, 3-4 yaşlı uşaqların 1 faizindən də azı erkən təhsil proqramlarına cəlb olunur.
UNESCO və UNICEF qızların və qadınların təhsil hüququnun tam bərpasına, müəllim hazırlığına, tədris materiallarının təminatına və təhsil sisteminə investisiyaların artırılmasına çağırıb.
Hesabatda vurğulanıb ki, təcili tədbirlər görülmədiyi təqdirdə bütöv bir nəsil təhsil imkanlarından məhrum olmaq və ölkənin gələcək inkişafı üçün zəruri bacarıqları əldə edə bilməmək riski ilə üzləşəcək.