Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
AzEdu.az bununla bağlı President.az-a istinadən xəbər verir.
Sərəncamla müəyyən edilir ki, Azərbaycan Respublikasında keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:
1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;
2. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyadan keçməni təsdiq edən sənəd.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
1. Azərbaycan Respublikasında keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli;
2. Azərbaycan Respublikasında keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Azərbaycan Respublikasında keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.