Bakı Mühəndislik Universiteti (BMU) ilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası İctimai Birliyi (İCMA) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
AzEdu.az xəbər verir ki, imzalanma mərasimində çıxış edən rektor Yaqub Piriyev ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən təhsil siyasətinin Azərbaycanda insan kapitalının inkişafında mühüm rol oynadığını bildirib. Rektor Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edərək, proqram çərçivəsində həyata keçirilən ikili diplom proqramlarının yüksəkixtisaslı kadr hazırlığında xüsusi rol oynadığını vurğulayıb.
O, Cənubi Koreya Respublikasının İNHA Universiteti ilə BMU arasında 5 ildən artıqdır icra olunan və müddəti 2030-cu ilədək uzadılan ikili diplom proqramının, eləcə də son illərdə Çin ali məktəbləri ilə qurulan əməkdaşlığın müasir tələblərə uyğun mütəxəssislərin hazırlanmasına mühüm töhfə verdiyini qeyd edib.
Yaqub Piriyev universitet-sənaye əməkdaşlığının müasir dövrdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması baxımından xüsusi əhəmiyyət daşıdığını deyib. Əlavə edib ki, İCMA ilə əməkdaşlıq akademik fəaliyyətlə sahibkarlıq mühiti arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, tələbələrin innovativ təşəbbüslərinin dəstəklənməsinə və tərəflərin uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət edəcək.
İCMA-nın sədri Tural Mustafayev də çıxışında ali təhsil müəssisələri ilə biznes sektoru arasında səmərəli strateji əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, memorandum çərçivəsində həyata keçiriləcək birgə fəaliyyətlər tələbələrin peşəkar inkişafına, sahibkarlıq bacarıqlarının formalaşmasına, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına və biznes nümayəndələri ilə gənclər arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcək.
İCMA üzvü olan sahibkarlar isə çıxışlarında hazırkı əmək bazarında yüksəkixtisaslı və praktik bacarıqlara malik kadrlara artan təlabatdan danışıblar. Onlar BMU ilə qurulan əməkdaşlığın tələbələrin təcrübə imkanlarının genişlənməsi, innovativ layihələrinin dəstəklənməsi və gələcək kadr potensialının formalaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Sonra tərəflər arasında memorandum imzalanıb.
Memorandum tələbələr üçün praktiki təcrübə, peşəkar təlim və fərdi inkişaf proqramlarının birgə təşkili, universitet və biznes sektorları arasında qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi, innovativ ideyaların, təşəbbüslərin stimullaşdırılması, birgə elmi-praktiki tədqiqatların aparılması, habelə tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə mentorluq və ixtisasartırma proqramlarının həyata keçirilməsi kimi istiqamətləri əhatə edir.
İmzalanma mərasimindən sonra sahibkarlar BMU-nun kampusu, yataqxanaları, laboratoriyaları və Texnoparkı ilə tanış olaraq, universitetin biznes sektoru ilə əməkdaşlıq imkanları, innovasiya potensialı və tətbiqyönümlü tədqiqat fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.