Azedu.az

Fransada nadir xəstəliklər üzrə mütəxəssis olan azərbaycanlı - Bir kitab həyatını dəyişdi - MÜSAHİBƏ

Müsahibə və reportajlar

5 İyun 2026, 16:52
Fransada nadir xəstəliklər üzrə mütəxəssis olan azərbaycanlı - Bir kitab həyatını dəyişdi - MÜSAHİBƏ

Elm insanı bəzən uşaqlıqda oxuduğu bir kitabdan, bəzən də təsadüfən qarşısına çıxan bir sualdan öz sehrinə salır.

AzEdu.az xaricdə genetika və molekulyar biologiya sahəsində fəaliyyət göstərən azərbaycanlı alim Reyhan Həsənova ilə həmsöhbət olub.

Reyhan Həsənova 1989-cu ildə Bakı şəhərində doğulub.O, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Fransada Molekulyar Biologiya ve Genetika üzrə magistratura təhsili alıb. Daha sonra təhsilini bağırsaq xərçənginin biomarkerlərinin tapılması üzrə doktorantura dərəcəsində davam etdirib. Hazırda "Oracle" şirkətində,xərçəng və nadir xəstəliklər üzrə, tibbi datanon istifadəsi ilə layihələrdə layihə meneceri olaraq çalışır.

Müsahibədə onun elmə marağının yaranma hekayəsindən, elmi fəaliyyətindən, qarşılaşdığı çətinliklərdən və gənc tədqiqatçılara tövsiyələrindən danışılıb.

- Reyhan xanım, uşaqlıqda sizi elmə bağlayan ilk hadisə nə olub?

- Uşaqlıqda elmə marağımın yaranmasına səbəb olan ilk hadisələrdən biri yay tətilində nənəm və babamın yanında olarkən baş verdi. Dayımın kitab kolleksiyasında “Qan qohumluğu” adlı bir kitaba rast gəlmişdim. Həmin kitabda qan qohumluğu olan ailələrdə müxtəlif genetik xəstəliklərin uşaqlarda necə ortaya çıxması barədə fərqli həyat hekayələri və nümunələr təqdim olunurdu.

O zamanlar kitabdakı terminlərin əksəriyyətini tam anlamırdım. Genetika, genlər və irsiyyət haqqında biliklərim çox məhdud idi. Lakin illər sonra Azərbaycan Universitetində təhsil almağa başlayanda bu mövzularla daha yaxından tanış oldum. Xüsusilə də talassemiya xəstəliyi haqqında daha çox məlumat əldə etdim. Maraqlıdır ki, həmin kitabda da əsas diqqət talassemiyaya yönəlmişdi.

Məhz o dövrdən etibarən genetikanın insan həyatı üçün nə qədər vacib olduğunu daha yaxşı anladım və qərar verdim ki, gələcək təhsilimi xaricdə genetika və molekulyar biologiya istiqamətində davam etdirim.

- Bir çoxları uğurun sirrini fitri istedadda axtarır. Bir alim üçün istedad daha vacibdir, yoxsa zəhmət?

- Fikrimcə, zəhmət daha vacibdir. İstedad əlbəttə ki, mühüm amildir, amma zəhmət olmadan istedadın özünü reallaşdırması çox çətindir. İnsan nə qədər istedadlı olsa da, əgər üzərində çalışmırsa, həmin potensial tam şəkildə üzə çıxmayacaq.

Hətta düşünürəm ki, bəzi hallarda istedadın özü də zəhmətin nəticəsində formalaşır və inkişaf edir. Uşaq vaxtı biz müəyyən mövzuları öyrənməkdə çətinlik çəkə bilərik. Lakin davamlı çalışma və təcrübə nəticəsində yaddaşımız güclənir, öyrənmə metodlarımız təkmilləşir və zamanla daha uğurlu nəticələr əldə edirik. Buna görə də uğurun əsas açarının zəhmət olduğuna inanıram.

Elm yalnız ideyalardan ibarət deyil. Bəzən ən perspektivli layihələrin qarşısında maliyyə maneələri dayanır.

"Layihələrimizi reallaşdırmaq üçün dəstək tapmaq çətindir"

- Bu gün elm sahəsində həllini gözləyən ən vacib məsələlərdən biri sizcə hansıdır?

- Məncə, ən vacib məsələlərdən biri maliyyələşdirmə problemidir. Fransada laboratoriyada çalışdığım dövrdə müxtəlif elmi ideyalarımız və həyata keçirmək istədiyimiz layihələrimiz olurdu. Lakin həmin layihələr üçün maliyyə dəstəyi tapmaq, müxtəlif fondlardan və qurumlardan qrant əldə etmək çox vaxt aparırdı.

Bəzən layihəyə başlamaq üçün aylarla, hətta bir ilə qədər gözləməli olurduq. Halbuki ideya hazır idi və araşdırmaya dərhal başlamaq mümkün idi.

Digər vacib məsələ isə elmi işçilərin maddi təminatıdır. Doktorantların aldığı təqaüdlərin, postdoktorantların və tədqiqatçıların maaşlarının artırılması elmə marağı daha da yüksəldə bilər. Maddi sabitlik yaradıldıqca insanlar elmi fəaliyyətə daha çox vaxt və enerji ayıra bilirlər.

Son illər Azərbaycanda elm sahəsində həyata keçirilən yeniliklər xaricdə çalışan alimlərin də diqqətini çəkir.

- Bəs Azərbaycan mühitində elmin inkişafı üçün hansı şərtlər vacibdir?

- Azərbaycanda birbaşa elmi tədqiqat fəaliyyəti ilə məşğul olmamışam. Lakin iki il əvvəl Azərbaycanlı Alimlərin Forumunda iştirak etmək imkanım oldu. Orada həm xaricdə çalışan alimlərlə, həm də Azərbaycan universitetlərinin rektorları ilə görüşdüm.

Məni ən çox sevindirən məqamlardan biri universitet nümayəndələrinin əməkdaşlığa açıq olması və elmi inkişafla bağlı böyük həvəslə danışmaları idi. Eyni zamanda gördüm ki, son illərdə laboratoriyalar və elmi infrastruktur da xeyli inkişaf edib.

Düşünürəm ki, burada da əsas amillər dünyadakı digər ölkələrdə olduğu kimidir: daha çox layihələrin həyata keçirilməsi, maliyyə dəstəyinin artırılması və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi. Bu istiqamətlərdə atılan addımlar Azərbaycanın elmi potensialının daha da yüksəlməsinə kömək edə bilər.

Tədqiqatyönümlü universitetlərdən danışarkən söhbət istər-istəməz tələbələrin elmə necə cəlb olunmasına gəlib çıxır.

- Yerli universitetlərimizin tədqiqatyönümlü fəaliyyətinin artırılması üçün nə kimi təklifləriniz olardı?

184616

- İlk növbədə, gənclərin elmi fəaliyyətə daha erkən mərhələdə cəlb olunması vacibdir. Azərbaycan universitetlərində çox istedadlı və həvəsli tələbələr var. Onlar xarici dillər öyrənir, beynəlxalq proqramlarda iştirak edir, xaricdə təcrübə keçirlər. Bu potensialdan daha geniş istifadə etmək lazımdır.

Hesab edirəm ki, universitet illərindən tələbələrə elmi məqalələrin oxunması və təhlili öyrədilməlidir. Fransada təhsil aldığım dövrdə həftəlik xüsusi seminarlar keçirilirdi. Hər dərsdə bir elmi məqalə seçilir, onun metodologiyası, nəticələri və çatışmazlıqları müzakirə olunurdu.

Belə dərslər tələbələrin tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir və onları elmi araşdırmalara hazırlayır.

Bundan başqa, klinik sahədə çalışan mütəxəssislərlə laboratoriyalarda çalışan tədqiqatçıların əməkdaşlığı genişləndirilməlidir. Məsələn, onkoloqlar və laboratoriya tədqiqatçıları birgə layihələr həyata keçirə, xəstə nümunələri üzərində araşdırmalar apararaq yeni elmi nəticələr əldə edə bilərlər. Bəzən kiçik bir layihədən belə bir neçə elmi məqalə ortaya çıxır. Elmin inkişafı da məhz bu cür əməkdaşlıqlardan başlayır.

Elm yolunda ilk addımlarını atan gənclər isə bəzən eyni səhvləri təkrarlayırlar.

"Çox çalışmaq bir müddət sonra məndə motivasiya itkisi yaratdı"

- Gənc tədqiqatçıların ən çox etdiyi səhvlər nələrdir?

- Müşahidəmə görə, ən çox rast gəlinən səhvlərdən biri eyni anda çox sayda layihə üzərində işləməyə çalışmaqdır. Gənc tədqiqatçıların adətən çox ideyaları olur və hamısını paralel həyata keçirmək istəyirlər.

Lakin bu zaman diqqət dağılır və əsas məqsəd kölgədə qala bilir. Daha effektiv nəticə əldə etmək üçün bir və ya iki istiqamətə fokuslanmaq daha məqsədəuyğundur.

Digər mühüm problem isə tükənmişlik sindromudur. Xüsusilə doktorantura dövründə mən özüm də həftəsonları belə fasiləsiz çalışırdım. Bir müddət sonra isə yorğunluq və motivasiya itkisi yaranırdı.

Gənc alimlərə tövsiyəm odur ki, həyat balansını qorumağı öyrənsinlər. Elm vacibdir, amma istirahət, ailə və şəxsi həyat da eyni dərəcədə önəmlidir.

Laboratoriyadan kənarda alimlərin də hər kəs kimi öz maraq dairələri və hobbiləri var.

- Elmdən kənarda sizi ən çox maraqlandıran sahə hansıdır?

- Son dövrlər məni ən çox maraqlandıran sahələrdən biri süni intellektdir. Xüsusilə onun tibb və sağlamlıq elmlərində tətbiqi diqqətimi çəkir.

Bu sahə sürətlə inkişaf edir və artıq bizim peşə fəaliyyətimizdə də mühüm rol oynamağa başlayıb. Buna görə müxtəlif kurslar və təlimlər vasitəsilə biliklərimi artırmağa çalışıram.

- Boş vaxtlarınızı necə keçirirsiniz?

184617- Boş vaxtlarımda ilk növbədə istirahət etməyə çalışıram. Yemək bişirməyi çox sevirəm və müxtəlif ölkələrin mətbəxlərini sınamağa maraq göstərirəm. Bundan başqa, bağçılıq və güllərlə məşğul olmaq mənə xüsusi zövq verir. Həmçinin ailəmlə, xüsusilə də övladlarımla vaxt keçirməyə çalışıram.

Bəzən bir kitab insanın hadisələrə baxışını dəyişə bilir.

- Oxuduğunuz və sizə təsir edən bir kitab varmı?

- Hazırda oxuduğum və məni dərindən düşündürən kitab “Adult children of emotionally immature parents” kitabıdır. Kitabda uşaqlıq dövründə yaşanan emosional təcrübələrin insanın gələcək həyatına, münasibətlərinə və karyera seçimlərinə necə təsir göstərdiyi izah olunur. Müxtəlif həyat hekayələri və nümunələr təqdim edilir.

Bu kitabı çox yavaş oxuyuram. Çünki hər bölməni oxuduqdan sonra oradakı hadisələri analiz etməyə çalışıram.

"Uğur qədər uğursuzluq da hər bir elmi yolun ayrılmaz hissəsidir"

- Uğursuzluqla qarşılaşdığınız zaman özünüzü necə motivasiya edirsiniz?

184618

- Belə məqamlarda keçmişdə yaşadığım çətinlikləri xatırlamağa çalışıram. Məsələn, Fransaya ilk gəldiyim dövrdə yaşadığım narahatlıqları yada salıram. Amma zaman keçdikcə həmin mərhələlərin uğurla geridə qaldığını gördüm. Bu da mənə yeni çətinliklər qarşısında güc verir.

Həmçinin düşünürəm ki, insanın nəyisə sınayıb uğursuz olması, ümumiyyətlə cəhd etməməsindən daha yaxşıdır. Çünki insanlar çox vaxt etdikləri səhvlərə görə deyil, etmədikləri cəhdlərə görə peşman olurlar.

- Bu gün Azərbaycanda elmə maraq göstərən gənclərə nə tövsiyə edərdiniz?

- Ən vacib tövsiyəm budur ki, bu yolda həvəsdən düşməsinlər. Elm bəzən çox çətin, uzun və yorucu görünə bilər. Bir layihənin başlanması, nəticə verməsi və ya məqalənin çap olunması aylarla, hətta illərlə vaxt apara bilər.

Amma uğurun əsas sirri davamlılıqdır. Nobel mükafatı alan alimlərin həyatına baxanda görürük ki, onların bir çoxu onilliklərlə eyni mövzu üzərində çalışıblar.

Məncə, yaxşı alim olmaq üçün ilk növbədə planlı çalışmaq, səbirli olmaq və qarşıya çıxan çətinliklərdən qorxmamaq lazımdır. Elm uzun bir marafondur. Bu yolda qalib gələnlər isə adətən ən sürətli qaçanlar yox, sona qədər dayanmağı bacaranlar olur.

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər vuruldu - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox