Həftə sonu - iyunun 13-də ümumtəhsil müəssisələrində "Son Zəng" çalınacaq.
11 ildən sonra məzunlar üçün məktəbin sonuncu zəngi vurulacaq və həyat onları öz axarı ilə fərqli bir gələcəyə aparacaq. Bu günlər şagirdlər üçün ömürlərinin ən əziz, ən unudulmaz anlarıdır. 11 il eyni parta arxasında əyləşmiş gənclər, şagird statusunda keçirdikləri bu son günü daha fərqli və yaddaqalan etmək istəyirlər. Ancaq rəsmi qaydalar və qanunlar bəzən onların bu istəyi ilə ziddiyyət təşkil edir.
Belə ki, may ayının əvvəlindən etibarən bütün ümumtəhsil müəssisələrinə "Son Zəng" tədbirlərinin təmtəraqlı şəkildə qeyd olunmaması ilə bağlı xüsusi tapşırıqlar verilir.
Beləliklə, şagirdlərin illərdir xəyalını qurduğu o möhtəşəm gün yarıda qalır.
Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, bəziləri kimi “ümumiyyətlə, Son zəng tədbiri olmasın”, “Son zəng” tamamilə qadağan edilsin” kimi yanaşmaların qəti əleyhinəyəm:

"Bu, 11 illik tədris ilinin yekun nəticəsi olaraq, hər kəsin ömründə yalnız bir dəfə baş verən hadisə kimi mütləq qalmalı və yüksək səviyyədə də təşkil edilməlidir. Əksinə, əmin ola bilərsiniz ki, "Son zəng" tədbirlərinin ləğvi ilə nə məktəb, nə müəllim, nə də şagird əlavə nəsə qazanası deyil.
Ümumiyyətlə, məsələnin problematik tərəfi “Son zəng”in ləğvi yox, onun necə təşkilidir. Hər il nəinki orta məktəblərdə keçirilən “Son zəng” tədbirlərində, hətta ayrı-ayrı universitetlər tərəfindən təşkil olunan Məzun günlərində də müəyyən məsələlərlə bağlı arzuolunmaz halların şahidi oluruq. Sevindirici hal budur ki, “Son zəng” tədbirlərindən əvvəl onun necə təşkili ilə bağlı bütün məktəblərə MÜTDA tərəfindən rəsmi şəkildə təlimat göndərildi. Həmin təlimatda həqiqətən “Son zəng” tədbirlərində son illərdə təkrarlanan yanlışlıqlar xüsusi şəkildə qabardılmış və yenidən baş verilməməsi tapşırılmışdır".
Ürəkaçmayan mənzərə isə yenə də bəzi məktəblərdə şagirdlərin "Son zəng" sonrası forma yazma ənənəsi zamanı müşahidə edildi:
"Göndərilən təlimata əsasən, “Son zəng” tədbirində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli formasında olmalı, səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməli, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər.
Elə təlimatda qeyd olunan musiqi və geyim məsələlərinə düzgün əməl edilməsi "Son zəng" tədbirlərində illərlə təkrarlanan bəzi yanlışlıqların qarşısını almağa kifayət edərdi. Doğrudur, bir çox məktəblərdə buna əməl edildi, xüsusilə də musiqi və geyim seçimlərində müsbətə doğru çox ciddi dəyişiklər oldu. Ürəkaçmayan mənzərə isə yenə də bəzi məktəblərdə şagirdlərin "Son zəng" sonrası forma yazma ənənəsi zamanı müşahidə edildi. Təəssüf ki, məktəb mühitinə yaraşmayan bəzi ifadələr, xüsusi “terminlər” həmin formalarda da öz əksini tapdı.
Amma ötən il “Son zəng”i xüsusi yaradıcılıqla həyata keçirən məktəblər az olmadı", - deyə E.Nuri qeyd edib.
Amma yenə də məsələyə daha geniş bucaqdan baxsaq, qoyulan qadağaları və tapşırıqları da anlamaq mümkündür. Ölkəmizdə hər kəsin maddi imkanı eyni səviyyədə deyil. Bəzən bu cür tədbirlər üçün həddindən artıq xərc tələb olunur və bu, bir çox ailənin büdcəsinə ağır yük salır. Təbii ki, bu tərəfi də başadüşüləndir. Amma yaranan vəziyyət yenə də paradoksaldır. Odur ki, belə həssas məqamlarda hər kəs bir-birini anlamalı və addımlarını buna uyğun atmalıdır.
Yeganə çıxış yolu təkcə sərt qadağalar tətbiq etmək deyil, həm sosial bərabərliyi qoruyan, həm də məzunların sevincinə kölgə salmayan ortaq, hər kəsin ürəyincə ola biləcək ağlabatan qanunlar formalaşdırmaqdır.