Ötən gün keçirilən ictimai dinləmədə mədəniyyət naziri Adil Kərimli kitabxana sahəsində aparılan islahatlara toxunaraq bildirib ki, bu istiqamətdə əsas hədəflərdən biri kitabxanalara yalnız ali təhsilli mütəxəssislərin cəlb olunmasıdır. Nazirin bu açıqlaması kitabxanaçılıq peşəsinin statusu, kitabxanaların cəmiyyətdəki rolu və sahənin gələcək inkişaf perspektivləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Maraqlıdır, kitabxanaların nüfuzunun artırılması üçün hansı addımlar atılmalıdır və bu sahədə ixtisaslı kadrların rolu nədən ibarətdir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, kitabxana sadəcə kitab saxlama yeri deyil:

“İlk növbədə kitabxananın nə olduğuna bir nəzər salaq.Kitabxana informasiya, bilik və mədəni irsə çıxışı təmin edən mühüm ictimai-təhsil müəssisəsidir. Kitabxanada kitab, jurnal, qəzet, dissertasiya, arxiv sənədləri- hər şey olur. Kitabxana informasiya, təhsil, mədəni-maarifləndirici, elmi-tədqiqat və arxiv-mühafizə funksiyalarını yerinə yetirir.
Kitabxanaların özlərinin də növləri var. Milli kitabxanalar, universitet kitabxanaları, ictimai kitabxanalar, məktəb kitabxanaları, xüsusi kitabxanalar, elektron kitabxanalar var. Bunlar sadəcə kitab saxlama yeri deyil. Burada akademik yazı və tədqiqat fəaliyyətləri həyata keçirilir. Yəni kitabxana çox müqəddəs bir şeydir. Ümumiyyətlə, bu gün baxsaq, Avropaya daxil olan zaman ən güclü olan onun kitablarıdır.
Onlar kitaba da, kitabxanaya da məbəd kimi yanaşırlar və kitabxanada işləyən insan çox statuslu olur. Təəssüf ki, bizdə kitabxanalara gedəndə əksəriyyətinin soyuq, əməkdaşlar paltoya bürünüb, narazı vəziyyətdə olduğunu görürük. Halbuki kitabxanaçı mədəni irsin daşıyıcısıdır, ona xidmət edən şəxsdir. Ona görə də çox yaxşı təminatı, yüksək motivasiyası olmalıdır.
Axı kitabxanalar şəhərin ən gözəl mərkəzlərində yerləşir. Dünyanın hər yerində kitabxanalar ən gözəl məkanlardan biridir. Kitabxanalara hörmət və diqqət var. Biz indi gəncləri qınayırıq ki, kitabxanalara getmirlər. Amma həmin dövrlərdə kitabxanalar o qədər gözəl idi ki, içəri girəndə yeni kitablar, zəngin fondlar, aristokrat bir mühit və peşəkar əməkdaşlar insanı qarşılayırdı. Kitabxana inanılmaz bir məkan idi.
Bu gün isə gəlin baxaq görək kitabxanalara qarşı nə etmişik. Məsələn, Belarusa baxaq. Orada kitabxana necə möhtəşəm tikilidir. Şəhərin mərkəzində yerləşir və kitaba böyük hörmət göstərilir”.
Hesab edirəm ki, kitabxanaların statusunu müəyyənləşdirmək, fəaliyyətinə yenidən baxmaq lazımdır:
“Vaxtilə özəlləşdirilmiş, məlum olmayan səbəblərdən və ya qeyri-qanuni yollarla özəlləşdirilmiş kitabxanalar yenidən ictimaiyyətə qaytarılmalıdır. Kitabxana cəmiyyətə xidmət etməlidir.
Bundan başqa, kitabxanaların inkişafında xüsusi əməyi olan şəxsləri də qiymətləndirmək lazımdır. Kitabxanaçılıq fəaliyyəti ilə bağlı məsələlərə baxılmalıdır. Hesab edirəm ki, kitabxanaçılıq üzrə tədris proqramları tamamilə yenilənməlidir. Ümid edirəm ki, hörmətli nazir bu məsələyə də diqqət yetirəcək.
Kitabxanaçılıq ixtisası çox vacibdir. Təəssüf ki, bir qədər kölgədə qalıb. Bu gün kitabxanaçılıq üzrə nə tədris olunur? Müasir dövrün tələbləri nəzərə alınırmı? Bunlar vacib məsələlərdir. Çünki əvvəlki kitabxana ilə indiki kitabxana arasında böyük fərq var”.
Azərbaycanda ixtisaslaşmış kitabxanaların da sayı artırılmalıdır:
“Məsələn, iqtisadiyyat üzrə ayrıca kitabxana, texniki sahələr üzrə kitabxana, elektronika üzrə kitabxana yaradıla bilər. Təsəvvür edin, necə gözəl kitabxanalar yaratmaq mümkündür. Musiqi, mədəniyyət və digər sahələr üzrə ixtisaslaşmış kitabxanalar fəaliyyət göstərə bilər. İnsan istədiyi kitabı həmin mərkəzlərdə tapa bilər. Bundan böyük xoşbəxtlik ola bilərmi?
Mən hesab edirəm ki, bütün kitabxanaları bir mərkəzdə toplamaq əvəzinə, ixtisaslaşmış kitabxanaların sayını artırmaq və fəaliyyətini genişləndirmək lazımdır.Təhsil və tədris proqramlarında kitabxanaçılıq sahəsinə yenidən baxılmalıdır. Eyni zamanda, kitabxana işinin inkişafında xüsusi xidmətləri olan insanların fəaliyyəti yüksək qiymətləndirilməlidir.
Məsələn, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına uzun illər rəhbərlik etmiş Kərim Həsənovu qeyd edə bilərik. Gəlin baxaq, onun adına həmin kitabxanada bir guşə varmı? Kitabxanaların inkişafında böyük əməyi olan professorlar və mütəxəssislər unudulmamalıdır.
Diqqət edin, xarici ölkələrdə universitetlərin elmi kitabxanalarının direktorları çox vaxt professorlar olur. Bu, çox yüksək və nüfuzlu vəzifədir. Biz də həmin statusu kitabxanalara və kitabxanaçılara qaytarmalıyıq”.
Əhalinin kitabxana tələbatının 65 faizinin ödənilməməsi isə çox ciddi rəqəmdir:
“Bu, həqiqətən də narahatedici göstəricidir. Burada səbəblər araşdırılmalıdır. Niyə bu tələbat ödənilmir? Problem nədədir?Mən bununla razı deyiləm ki, guya artıq kitabxanalara ehtiyac qalmayıb. Tam əksinə, xarici ölkələrdə insanlar kitabxanalardan geniş istifadə edirlər. Tələbələr kitabxanalardan çıxmırlar. O gözəl kitabxanalarda necə böyük maraq və həyat var.
Xüsusilə yataqxanalarda və kirayədə yaşayan tələbələr üçün kitabxana ideal mühitdir. Xaricdən gələn tələbələr vaxtlarının böyük hissəsini kitabxanalarda keçirirlər. Dissertasiyalarını, məqalələrini, kitablarını orada yazırlar. Kitabxana mühiti tamam başqa bir dünyadır.
Ona görə də şəhərin mərkəzində fəaliyyət göstərən kitabxanaları yenidən əvvəlki nüfuzuna qaytarmaq lazımdır. Kitabxanaların gözəlliyini, dəyərini və cəmiyyətdəki yerini özünə qaytarmaq lazımdır”.