Azedu.az

10 yaşından ensiklopediyalar oxuyan azərbaycanlı alim: "Elmə tam məlum olmayan prosesləri araşdırıram"

Müəllimlər və elm adamları

24 İyul 2026, 16:25
10 yaşından ensiklopediyalar oxuyan azərbaycanlı alim: "Elmə tam məlum olmayan prosesləri araşdırıram"

Süni intellektin elmdə yaratdığı yeni imkanlar, bioinformatikanın sürətlə inkişaf edən istiqamətləri və Azərbaycan alimlərinin beynəlxalq elmdə rolu son illərin ən çox müzakirə olunan mövzularındandır.

1991-ci ildə Bakıda anadan olan, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin məzunu Zərifə Osmanlı elmi fəaliyyətini Türkiyə, Fransa və İtaliyada davam etdirib.

O, Türkiyənin İzmir şəhərində molekulyar biologiya üzrə magistr təhsili alıb, daha sonra Fransanın Monpelye Universitetində doktorantura təhsilini başa vuraraq biologiya üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib.

Hazırda İtaliyanın Padova şəhərində postdoktorantura tədqiqatçısı kimi fəaliyyət göstərən alim süni intellekt və maşın öyrənməsi metodlarından istifadə etməklə zülalların öyrənilməsi istiqamətində elmi araşdırmalar aparır.

Zərifə Osmanlı AzEdu.az-a verdiyi geniş müsahibədə elmə marağının necə yarandığından, xaricdəki elmi təcrübəsindən, süni intellektin tibbə və elmi araşdırmalara təsirindən, Azərbaycanda elmin inkişaf perspektivlərindən, eləcə də gənc tədqiqatçılara tövsiyələrindən danışıb.

Müsahibəni təqdim edirik:

- Sizi ilk dəfə elmə, araşdırmaya və ümumiyyətlə elmi fəaliyyətə yönəldən nə oldu? Bu sahəyə marağınızın yarandığını nə vaxt hiss etdiniz?

- Elmə marağım uşaqlıqdan formalaşıb. Deyərdim ki, təxminən 10-11 yaşımdan etibarən müxtəlif elmi sahələrə böyük maraq göstərirdim. Həmin dövrdə internet və kompüter imkanları bu qədər geniş yayılmadığı üçün vaxtımın böyük hissəsini kitabxanalarda ensiklopediyalar oxumağa sərf edirdim.

Coğrafiya, kimya, biologiya kimi müxtəlif sahələr məni cəlb edirdi. Hansı istiqaməti seçəcəyimi dəqiq bilməsəm də, tədqiqat aparmaq və yeni biliklər kəşf etmək istədiyimi anlayırdım. Anam həkimdir və biologiyanı çox sevir. Düşünürəm ki, biologiyaya marağımın formalaşmasında onun da böyük rolu olub.

Təxminən, 14-15 yaşımda artıq bioloji elmlərlə bağlı kitablar oxumağa başlamışdım. Məktəb proqramı ilə kifayətlənmir, boş vaxtımı da bu sahəni öyrənməyə həsr edirdim.

Məhz həmin dövrdə biologiya istiqamətində təhsil almağa qərar verdim. Hazırda fəaliyyət göstərdiyim hesablama biologiyası və bioinformatika sahəsinə isə sonralar yönəldim. Amma tədqiqatçı olmaq arzusu məndə məhz uşaqlıq illərində yaranmışdı.

- Alim kimi formalaşdığınız illərə nəzər salanda elmi fəaliyyətinizdə dönüş nöqtəsi hesab etdiyiniz hansı mərhələni qeyd edərdiniz?

187151

- Hesab edirəm ki, elmi fəaliyyətimdə əsas dönüş nöqtəsi Fransada keçdiyim doktorantura dövrü olub. Əlbəttə, bakalavr və magistr təhsilim, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunda kiçik elmi işçi kimi fəaliyyət göstərdiyim illər də formalaşmağımda mühüm rol oynayıb. Lakin məhz doktorantura dövrü mənə həm elmi baxımdan, həm də tədqiqatçı kimi ən böyük inkişafı qazandırdı.

- Bu gün əldə etdiyiniz elmi nəticələrə gələnə qədər hansı çətinliklərlə qarşılaşmısınız? Həmin çətinliklərin öhdəsindən necə gəlmisiniz?

- Çətinliklər müxtəlif istiqamətlərdə olub. Nəzərə alsaq ki, İtaliya yaşadığım dördüncü ölkədir, hər dəfə yeni ölkəyə köçəndə insan həm mədəniyyət şoku yaşayır, həm də yeni dilə, mühitə və cəmiyyətə uyğunlaşmağa çalışır. Bununla yanaşı, müxtəlif sənədləşmə prosesləri də kifayət qədər vaxt və səbir tələb edir. Düşünürəm ki, xaricdə yaşayan və çalışan hər kəs bu mərhələlərdən keçir.

Digər tərəfdən, peşəkar fəaliyyətlə bağlı çətinliklər də olur. Hər ölkənin öz təhsil və iş sistemi var və həmin sistemə uyğunlaşmaq müəyyən vaxt aparır. Tədqiqat sahəsində isə bu çətinliklər daha qabarıq hiss olunur. Xüsusilə fundamental elmlərdə layihələrin nəticə verməsi gözləniləndən daha uzun çəkə bilir. Bundan əlavə, elmi layihələrin həyata keçirilməsi qrant maliyyələşməsindən asılıdır. Elmi nəticələrin beynəlxalq nüfuzlu jurnallarda dərc olunması da kifayət qədər uzun və mürəkkəb prosesdir.

Yəni tədqiqatın aparılması, nəticələrin əldə edilməsi və onların elmi ictimaiyyətə təqdim olunması bəzən illərlə vaxt tələb edir. Gənc alim üçün bu müddətdə nəticələri gözləmək müəyyən qədər stresli olsa da, bu, elmi fəaliyyətin ayrılmaz hissəsidir.

- Süni intellekt artıq xəstəliklərin diaqnostikasında və yeni dərmanların hazırlanmasında istifadə olunur. Sizcə, gələcəkdə bu texnologiyalar insan ömrünün əhəmiyyətli dərəcədə uzanmasına təsir göstərə bilərmi?

- Süni intellekt modellərini elmi fəaliyyətimdə tətbiq edən tədqiqatçı kimi deyə bilərəm ki, insan ömrünün uzanmasını yalnız süni intellektlə əlaqələndirmək düzgün olmaz. Əslində, bu proses daha çox ilkin diaqnostikanın, fərdiləşdirilmiş tibbin, eləcə də biotibbi və tibbi tədqiqatların inkişafı ilə bağlıdır. Süni intellekt isə bu inkişafı sürətləndirən mühüm amillərdən biridir.

Məsələn, mənim fəaliyyət göstərdiyim sahədə əvvəllər aylarla davam edən kompüter simulyasiyaları və genişmiqyaslı analizlər bu gün süni intellekt sayəsində xeyli qısa müddətdə həyata keçirilə bilir. Bu, zülal strukturlarının öyrənilməsi və dərman preparatlarının hazırlanması istiqamətində aparılan tədqiqatların da daha sürətli nəticə verməsinə imkan yaradır.

Buna nümunə olaraq 2024-cü ildə kimya üzrə Nobel mükafatına layiq görülən alimlərdən ikisini - Demis Hassabis və John Jumperi göstərmək olar. Onlar zülal quruluşunun təyin edilməsi üçün hazırladıqları AlphaFold süni intellekt proqramının bu sahəyə verdiyi mühüm töhfələrə görə Nobel mükafatına layiq görülüblər.

Yəni süni intellekt insan ömrünü birbaşa uzatmır. Lakin tibbi və biotibbi tədqiqatların sürətlənməsinə töhfə verməklə bu prosesə dolayı yolla mühüm təsir göstərir.

- Süni intellektin gələcəkdə bəzi peşələri əvəz edəcəyi ilə bağlı fikirlər səsləndirilir. Sizcə, bu texnologiya tibbdə və ümumiyyətlə elmi sahələrdə insanı əvəz edə bilərmi?

187152

- Bu məsələ ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bioinformatika sahəsində çalışan biri kimi deyə bilərəm ki, bizim sahədə də bu mövzu geniş müzakirə olunur. Bəziləri süni intellekti peşələrin sonu kimi qiymətləndirir, digərləri isə onu yeni və güclü bir alət hesab edir. Mən ikinci yanaşmaya üstünlük verirəm.

Tarixdə də buna bənzər nümunələr olub. Məsələn, kalkulyator icad ediləndə bəzi riyaziyyatçılar və müəllimlər insanların əsas hesablama bacarıqlarını və məntiqi düşünmə qabiliyyətini itirəcəyindən narahat idilər. Lakin bunun əksi baş verdi. Kalkulyator insanları uzun və yorucu hesablamalardan azad etdi, nəticədə onlar daha mürəkkəb elmi problemlərin həllinə və konseptual təfəkkürün inkişafına daha çox vaxt ayıra bildilər.

Süni intellektdən istifadə zamanı, xüsusilə biotibbi və klinik məlumatlarla işləyərkən bioetik prinsiplərə riayət olunması böyük əhəmiyyət daşıyır. Bu sahədə hüquqi və etik çərçivələr hazırda formalaşma mərhələsindədir və düşünürəm ki, zaman keçdikcə daha da təkmilləşəcək. Mən süni intellekti təhlükə kimi deyil, yeni imkanlar yaradan bir alət kimi görürəm.

Əvvəllər bioinformatiklər analizləri avtomatlaşdırmaq üçün günlərlə kod yazmalı olurdularsa, bu gün həmin işi süni intellektin köməyi ilə bir neçə dəqiqəyə yerinə yetirmək mümkündür. Hesab edirəm ki, yeni texnologiyalara uyğunlaşmayan insanlar müəyyən çətinliklərlə üzləşə bilərlər. Amma bu alətlərdən düzgün istifadə edən mütəxəssislər daha məhsuldar olacaq və daha uğurlu nəticələr əldə edəcəklər.

- Dünyanın aparıcı laboratoriyalarındakı təcrübənizə əsasən, Azərbaycanda elmin inkişafı üçün hansı addımların atılmasına ehtiyac var?

- Azərbaycandakı gənc tədqiqatçıların potensialını yüksək qiymətləndirirəm. Xarici universitetlərdə və elmi mərkəzlərdə çalışan azərbaycanlı alimlərin əldə etdikləri uğurlar da bunu təsdiqləyir.

2024-cü ildə Dünya Azərbaycanlı Alimlər Birliyinin forumunda əsas müzakirə mövzularından biri Azərbaycanda elmi tədqiqatların keyfiyyətinin artırılması və beynəlxalq nüfuzlu jurnallarda dərc olunan elmi nəşrlərin sayının artırılması idi. Məncə, bu istiqamətdə ən vacib məsələlərdən biri beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsidir.

Gənc alimlərin qrant proqramları vasitəsilə xarici universitetlərdə təcrübə keçməsi, yeni metodları mənimsəyərək onları Azərbaycanda tətbiq etməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlı alimlər də seminarlar, təlimlər və birgə elmi layihələr vasitəsilə ölkədə elmin inkişafına öz töhfələrini verirlər.

Sevindirici haldır ki, son illərdə elmi infrastrukturun gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Qarabağ Universitetində yaradılan müasir laboratoriyalar, həmçinin Azərbaycan Tibb Universitetində Data Analitikası və Süni İntellekt Laboratoriyasının fəaliyyətə başlaması bunun bariz nümunəsidir.

Hesab edirəm ki, qarşıdakı dövr üçün əsas prioritet beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də xaricdə qazanılan elmi təcrübənin Azərbaycana gətirilməsi olmalıdır.

- Bəzən deyilir ki, gələcəyin mübarizəsi silahla deyil, texnologiya və məlumat üzərində qurulacaq. Bu baxımdan biologiyanın rolu necə qiymətləndirilə bilər?

- Mən bu məsələyə daha çox bioetika prizmasından yanaşıram. Biotibbi tədqiqatlarda ən həssas məsələ klinik məlumatların təhlükəsizliyi və məxfiliyidir. Pasiyentlərə aid məlumatlar anonimləşdirilir və onların qorunması üçün ciddi təhlükəsizlik qaydaları tətbiq olunur. Çalışdığım elmi mərkəzlərdə bu məsələyə xüsusi diqqət yetirilir. Əsas məsələ bioetik prinsiplərə əməl etmək və klinik məlumatlardan məsuliyyətlə istifadə olunmasıdır.

- Sizin üçün bütün elmi fəaliyyətinizi həsr edə biləcəyiniz bir sual varmı?

- Düşünürəm ki, hər alimin cavabını axtardığı böyük suallar olur. Məndə də belə suallar var. Amma elmin gözəlliyi ondadır ki, bəzən bir suala cavab axtararkən tamamilə fərqli və gözlənilməz nəticələrlə qarşılaşırsan. Elmi tədqiqat tam proqnozlaşdırılan proses deyil. İş planını qurmaq mümkündür, amma nəticənin nə vaxt əldə olunacağını əvvəlcədən bilmək olmur.

Tarixdə böyük elmi kəşflərin bir çoxu uzun illərin zəhmətindən sonra və gözlənilməz məqamlarda ortaya çıxıb. Buna görə də hesab edirəm ki, hər alimin daxilində onu daim irəli aparan böyük bir sual var.

- Bir alim kimi gələcəkdə hansı elmi kəşfin şahidi olmaq istərdiniz?

- Məncə, məsələni hansısa bir xəstəliyin tam müalicəsi kimi deyil, daha geniş kontekstdə qiymətləndirmək lazımdır. Bu gün insan ömrü uzandıqca yaşla əlaqəli xəstəliklərin sayı da artır. Xüsusilə Alzheimer, Parkinson kimi neyrodegenerativ xəstəliklərin bütün dünya üzrə əhəmiyyətli dərəcədə artması müşahidə olunur və bu da həmin xəstəliklərin araşdırılması daha böyük əhəmiyyət kəsb edən sahələrdən birinə çevirir.

Mən istərdim ki, gələcəkdə yaşla əlaqəli xəstəliklərin qarşısının alınması və müalicəsi istiqamətində böyük elmi nailiyyətlərin şahidi olum. Eyni zamanda bu tədqiqatlarda öz sahəm üzrə iştirak etmək və həmin inkişafın bir hissəsi olmaq mənim üçün çox dəyərli olardı.

- Dünyanın aparıcı universitetlərində çalışarkən hansı məqam sizə göstərdi ki, elmdə uğur təkcə biliklə ölçülmür?

187149

- Düşünürəm ki, bu, təkcə elmə deyil, ümumilikdə bütün peşələrə aiddir. Hər hansı sahədə uğur qazanmaq yalnız peşəkar biliklərlə ölçülmür. Kommunikasiya bacarığı, komanda ilə işləmək qabiliyyəti, vaxtın və iş prosesinin düzgün idarə olunması da mühüm rol oynayır. Elm sahəsində isə bunlarla yanaşı, təqdimat bacarığı xüsusi əhəmiyyət kəsb edir.

Bir tədqiqatçı çox dəyərli elmi nəticələr əldə edə bilər. Lakin həmin nəticələri konfransda, seminarda və ya mühüm görüşdə düzgün təqdim edə bilmirsə, onun işi lazımi diqqəti cəlb etməyə bilər. Bu isə gələcək əməkdaşlıq imkanlarının və ya maliyyə dəstəyinin itirilməsi ilə nəticələnə bilər. Bundan əlavə, alim öz biliklərini başqalarına aydın və anlaşıqlı şəkildə çatdırmağı bacarmalıdır.

Bəzən çox güclü alimlər olur, amma fikirlərini auditoriyaya düzgün çatdıra bilmirlər. Halbuki elmi məktəb formalaşdırmaq, yeni nəsil tədqiqatçılar yetişdirmək üçün bilikləri paylaşmaq və onları anlaşıqlı şəkildə təqdim etmək vacibdir. Məncə, uğurlu alim peşəkar biliklərlə yanaşı, güclü kommunikasiya və təqdimat bacarıqlarına da malik olmalıdır.

- Sizcə, gələcəyin ən perspektivli elm sahələri hansılar olacaq?

- Bugünkü inkişaf tendensiyalarına baxdıqda görürük ki, gələcəyin əsas istiqaməti fənlərarası elmlər olacaq. Artıq yalnız bir sahənin bilikləri ilə kifayətlənmək mümkün deyil. Müasir elm və peşəkar fəaliyyət müxtəlif istiqamətlərin inteqrasiyasını tələb edir. Məsələn, mən bioinformatika sahəsində çalışıram.

Bu sahədə fəaliyyət göstərmək üçün biologiya, proqramlaşdırma, riyaziyyat, statistika, süni intellekt və məlumatların analizi üzrə biliklərə malik olmaq lazımdır. Yəni mütəxəssis eyni zamanda müxtəlif sahələrin imkanlarından istifadə etməyi bacarmalıdır. Düşünürəm ki, gələcəkdə də məhz bir neçə elmi istiqamətin kəsişməsində formalaşan ixtisaslar daha sürətlə inkişaf edəcək və əmək bazarında daha çox tələb olunacaq.

- Əgər bu gün elmə yeni başlayan bir tələbəyə yalnız bir məsləhət verməli olsaydınız, bu nə olardı?

- Düşünürəm ki, bakalavr və ya magistr pilləsində təhsil alan, elmə maraq göstərən gənclər ilk növbədə hansı istiqamətdə inkişaf etmək istədiklərinə qərar verməlidirlər. Seçdikləri sahəyə həqiqi maraqları və motivasiyaları olmalıdır. İnsan yalnız sevdiyi istiqamətdə uzunmüddətli və uğurlu fəaliyyət göstərə bilər. Mənə tez-tez bakalavr və magistr tələbələri müraciət edərək hansı sahəni seçməli olduqlarını soruşurlar.

Belə hallarda onlara ilk olaraq gələcək məqsədlərini müəyyənləşdirməyi tövsiyə edirəm. Məsələn, beş və ya on ildən sonra özlərini akademiyada professor, elmi tədqiqatçı kimi, yoxsa biotexnologiya və ya dərman sənayesində çalışan mütəxəssis kimi görürlər? Bu suala cavab tapdıqdan sonra seçəcəkləri istiqamət də daha aydın olur. Sadəcə populyar və ya trend olduğu üçün hər hansı ixtisası seçmək düzgün yanaşma deyil. Əsas məsələ insanın marağına, məqsədlərinə və uzunmüddətli planlarına uyğun sahəni seçərək həmin istiqamətdə peşəkarlaşmasıdır.

- Elmə yeni başlayan tələbələrə daha nəyi tövsiyə edərdiniz?

- Düşünürəm ki, ən vacib məqam motivasiyadır. Əgər insanın elmə həqiqi marağı və həvəsi yoxdursa, bu sahədə uzunmüddətli fəaliyyət göstərmək çox çətin olacaq.Elmi fəaliyyət digər peşələrdən fərqlənir. Bəzən gecə saatlarında işləməli, həftəsonlarını araşdırmalara sərf etməli olursan. Elmi layihə və ya qrant üzərində çalışarkən gün ərzində fikrin daim həmin ideyanın ətrafında olur.

Bu tempə yalnız işini sevən insan uyğunlaşa bilir.Əgər elmə maraq keçici xarakter daşıyırsa, düşünürəm ki, insan illərini bu sahəyə sərf etməkdənsə, özünü daha faydalı ola biləcəyi başqa istiqamətdə inkişaf etdirməlidir. -Sizcə, alim olmaq istəyən gənclər daha çox hansı yanlış təsəvvürlərin təsiri altında qalırlar? -Düşünürəm ki, burada əsas rol oynayan amillərdən biri təhsil mühiti və mentorlardır.

Bəzən elmə marağı olan tələbə elə bir mühitdə təhsil alır ki, dərslər müasir elmi yenilikləri əhatə etmir və ya müəllimlər öz fənlərini kifayət qədər həvəslə təqdim etmirlər. Bu isə tələbədə elmin maraqsız olduğu barədə yanlış təsəvvür yarada bilər. Bu gün isə vəziyyət xeyli fərqlidir. İnternet, beynəlxalq təlimlər, müxtəlif proqramlar və ölkəmizdə yaradılan yeni imkanlar gənclərin inkişafı üçün geniş şərait yaradır.

Hesab edirəm ki, bəzən yanlış mühit və ya düzgün istiqamət göstərməyən mentor tələbəni çaşdıra bilər. Lakin insan özü araşdırmağa davam etsə və doğru məsləhətlər alsa, öz yolunu tapa bilər.

- Hazırda üzərində çalışdığınız tədqiqatların uğurlu nəticələri gələcəkdə hansı problemlərin həllinə töhfə verə bilər?

187148

- Hazırda əsas tədqiqat istiqamətim elmə məlum olmayan yeni zülalların öyrənilməsidir. Milyonlarla məlum olan zülal məlumatlarını istifadə edərək süni intellekt və maşın öyrənməsini tətbiq edərək yeni bioinformatik proqramlar yazıram. Bu proqramlar sayəsində elm üçün hələ tam ya da heç öyrənilməmiş zülalları tədqiq edirəm.

Bu araşdırmalar nəticəsində əldə olunan məlumatlar digər laboratoriya və tədqiqat mərkəzlərinin həmin zülallar üzərində daha dərin araşdırmalar aparmasına imkan yaradır. Bu həm təkamül biologiyası baxımından yeni elmi istiqamətlərin formalaşmasına şərait yaradır, həm də tibbi və biotibbi tədqiqatlar üçün mühüm baza rolunu oynayır. Mənim fəaliyyətim əsasən fundamental elm istiqamətindədir.Əldə edilən biliklər sonradan müxtəlif tətbiqi tədqiqatların əsasını təşkil edir.

- Genetik məlumatların sürətlə toplanması gələcəkdə insan hüquq və azadlıqları üçün müəyyən risklər yarada bilərmi?

- Bu gün həm süni intellektin inkişafı, həm də genomika sahəsində aparılan tədqiqatlar nəticəsində çox böyük həcmdə məlumatlar toplanır. Bu proses bioloji elmlər və tibb sahəsində də sürətlə davam edir. Pasiyentlərə, genlərə və zülallara aid məlumat bazaları daim genişlənir. Bu səbəbdən bioetika sahəsinin rolu daha da artır.

Məhz bu istiqamətdə çalışan mütəxəssislər genetik və tibbi məlumatların hansı prinsiplərlə toplanmalı, saxlanmalı və istifadə olunmalı olduğunu müəyyənləşdirirlər. Hazırda beynəlxalq səviyyədə bioetik normalar və ciddi qaydalar mövcuddur. Elmi layihələr həyata keçirilərkən məlumatların məxfiliyi və təhlükəsizliyi qorunur, bütün tədqiqatlar etik prinsiplər çərçivəsində aparılır.

Hesab edirəm ki, bu sahə inkişaf etdikcə bioetika da paralel şəkildə inkişaf edir və yeni çağırışlara uyğun tənzimlənir.

- Süni intellekt və biologiyanın kəsişməsində çalışan bir alim kimi sizi bu sahədə ən çox həyəcanlandıran və eyni zamanda narahat edən məqamlar hansılardır?

- Məni ən çox həyəcanlandıran məqam bu sahənin inanılmaz sürətlə inkişaf etməsidir. Bu istiqamətdə çalışan biri olsam da, demək olar ki, hər gün oxuduğum elmi məqalələrdə məni təəccübləndirən yeniliklərlə qarşılaşıram. Beş il əvvəl əldə olunması mümkün görünməyən nəticələrə bu gün bəzən cəmi bir neçə ay ərzində nail olmaq mümkün olur. Süni intellekt elmi tədqiqatların sürətini əhəmiyyətli dərəcədə artırıb.

Bu inkişafın nəticəsində çox böyük həcmdə məlumat toplanır və yeni bioinformatika alətləri yaradılır. Lakin bu, eyni zamanda yeni çağırışlar da yaradır. Ən vacib məsələlərdən biri məlumatların keyfiyyəti və təmizlənməsidir.

Toplanan bütün məlumatlar birbaşa istifadə üçün uyğun olmur. Milyonlarla, hətta milyardlarla məlumatın yoxlanılması, təmizlənməsi və etibarlılığının təsdiqlənməsi həm vaxt, həm də əlavə texnoloji həllər tələb edir. Digər tərəfdən, süni intellekt əsasında hazırlanan hər yeni modelin dəqiqliyi və etibarlılığı ayrıca qiymətləndirilməlidir. Hazırda Avropada bu istiqamətdə ciddi işlər aparılır.

Məlumatların hansı standartlarla hazırlanması, saxlanılması və istifadəsi ilə bağlı vahid qaydaların formalaşdırılması üzərində çalışılır. Çünki müxtəlif laboratoriyalar oxşar tədqiqatlar aparsalar da, bəzən bu işlər pərakəndə şəkildə həyata keçirilir və bir-biri ilə əlaqələndirilmir. Buna görə də ortaq terminologiyanın formalaşdırılması, alətlərin sistemləşdirilməsi və vahid istifadə prinsiplərinin müəyyənləşdirilməsi böyük əhəmiyyət daşıyır.

Yekun olaraq deyə bilərəm ki, süni intellekt bir tərəfdən elmi tədqiqatları əhəmiyyətli dərəcədə sürətləndirərək işi asanlaşdırır, digər tərəfdən isə məlumatların idarə olunması və standartlaşdırılması kimi tamamilə yeni və mühüm vəzifələr ortaya çıxarır.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox