“Müəllimin fəaliyyəti yalnız 45 dəqiqəlik dərsin tədrisi ilə məhdudlaşmamalıdır”.
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində səsləndirib.
E.Bağırov bildirib ki, bəzi hallarda nəticələri yüksək olan və müxtəlif qiymətləndirmələrdən keçən müəllimlər məktəblərdə çox az dərs saatı ilə təmin olunurlar. Onun sözlərinə görə, bu, bəzi hallarda müəllim sıxlığı, bəzi hallarda isə müəllimlərin öz istəyi ilə əlaqəli olur.
“Bu, ümumi təhsil sistemində xoşa gələn və arzu olunan mənzərə deyil. Müəllimin məktəblə əlaqəsi və məktəbə bağlılığı daha sıx olmalıdır. Müəllim vəzifəsini daşıyırsa, daha çox vaxtını məktəbdə keçirməlidir. Qiymətləndirmələr, nəticələrin təhlili, zəif uşaqlarla iş, valideynlərlə əlaqə və ünsiyyət üçün də vaxt ayırmalıdır”, – deyə E.Bağırov qeyd edib.
MÜTDA direktoru vurğulayıb ki, müəllimin fəaliyyət və iş vəzifələri yalnız 45 dəqiqəlik dərsin tədrisi ilə məhdudlaşmamalıdır:
O, məktəbdə digər proseslərə, o cümlədən qiymətləndirmə, təhlil və zəif uşaqlarla işə cəlb olunmalıdır.
E.Bağırovun sözlərinə görə, tam ştatlı müəllim anlayışının tətbiqinə 2027-ci ildən etibarən başlanılması planlaşdırılır. İlkin mərhələdə bu sistem adambaşı maliyyələşməyə keçən məktəblərdə tətbiq olunacaq.
O bildirib ki, tam ştatlı müəllimlərin ilkin seçiminin sertifikasiya prosesində ən yüksək nəticə göstərən, bu prosesdə iştirak etmək istəyən, iş şəraiti ilə razılaşan və səriştələri ilə fərqlənən müəllimlər arasından aparılması nəzərdə tutulur.