“Təmayül modeli tətbiq olunan məktəblərdə şagirdlərin 95 faizindən çoxu universitetə qəbul olunub”
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində səsləndirib.
O bildirib ki, repetitor fəaliyyəti dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da qadağan olunmayıb və pedaqoji təcrübəyə, müvafiq ixtisasa malik müəllimlər bu sahə ilə məşğul ola bilərlər. E.Bağırovun sözlərinə görə, bu fəaliyyət qanunvericiliyin, o cümlədən vergi və kommersiya fəaliyyəti ilə bağlı tələblərin çərçivəsində həyata keçirilməlidir.
MÜTDA direktoru qeyd edib ki, əsas məsələ məktəblərdə, xüsusilə tam orta təhsil səviyyəsində şagirdlərə keyfiyyətli təhsil xidmətinin göstərilməsidir. O, son illərdə tətbiq olunan təmayül modellərini və yeni layihələri bu baxımdan vacib hesab etdiyini vurğulayıb.
E.Bağırov xatırladıb ki, 2024-cü ildən etibarən pilot qaydada bir neçə məktəbdə həyata keçirilən layihənin məqsədi şagirdlərin ali təhsil müəssisələrinə hazırlığını məktəbin öz resursları və müəllim heyəti hesabına daha keyfiyyətli təşkil etmək olub. Onun sözlərinə görə, layihə şagirdlərin əlavə ünvanlara getmədən, təhsil aldıqları məktəbdə hazırlıq keçmələrinə imkan yaradıb.
Direktor bildirib ki, layihənin nəticələri göstərib ki, şagirdlər doqquzuncu sinfə qədər məktəbdə keyfiyyətli təhsil alıblarsa, tam orta təhsil səviyyəsində də uğurla davam edə və ali məktəblərə qəbul ola bilirlər:
“14 müəssisədə tətbiq edilən və 400-dən çox şagirdi əhatə edən layihə çərçivəsində iştirakçıların 95 faizindən çoxu ali təhsil müəssisələrinə qəbul olunub. Digər şagirdlər isə peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul imkanı qazanıblar”, - deyə E.Bağırov əlavə edib.
O vurğulayıb ki, şagirdlərin bilik və bacarıqlarında mövcud olan çatışmazlıqları qısa müddətdə aradan qaldırmaq baxımından təkcə fərdi məşğələlər həlledici rol oynamır. E.Bağırovun fikrincə, bu prosesdə əsas rol məktəbin potensialına və göstərdiyi təhsil xidmətinin keyfiyyətinə məxsusdur.