Azedu.az

“Həftənin təhsil icmalı”- MİQ, lisey seçimi, bağçalar və qəbul imtahanları...

Rubrika

İmtahanlar və qəbul məsələləri

MİQ

13 İyul 2026, 11:25
“Həftənin təhsil icmalı”- MİQ, lisey seçimi, bağçalar və qəbul imtahanları...

Geridə qalan həftə təhsil sahəsində bir sıra mühüm qərarlar və proseslərlə yadda qaldı. Müəllimlərin işə qəbulu müsabiqəsi, lisey və gimnaziyalara seçim, dövlət bağçalarına elektron növbələrin yaradılması, incəsənət məktəblərinə və ali məktəblərə qəbul imtahanları həftənin əsas təhsil gündəmini təşkil etdi.

AzEdu.az “Həftənin təhsil icmalı”nı təqdim edir.

Həftənin ən çox müzakirə olunan mövzularından biri müəllimlərin işə qəbulu müsabiqəsi oldu. Bu ildən etibarən Nazirlər Kabinetinin qərarına əsasən müsabiqə ödənişli əsaslarla keçirilir. İlk dəfə müraciət edən namizədlər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri isə ödənişdən azad edildi. Statistikaya görə, 9 857 namizəd güzəşt hüququndan yararlanıb, ödəniş etməli olan 28 794 nəfərdən isə 21 mindən çoxu iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib. MÜTDA həmçinin bildirib ki, 14 iyuldan MİQ-in test imtahanı mərhələsinə start veriləcək. İmtahanlar ölkənin 23 şəhərində yerləşən 56 imtahan mərkəzində keçiriləcək və eyni vaxtda 11 mindən artıq namizəd imtahan verə biləcək.

Həftə ərzində lisey və gimnaziyalara qəbul prosesi də növbəti mərhələyə keçdi. İmtahan nəticələri elan olunduqdan sonra 8 iyuldan etibarən lisey seçiminə başlanıldı. Namizədlər 14 iyul saat 12:00-dək maksimum üç lisey və ya gimnaziya seçə bilərlər. Bu il qəbul imtahanı ölkənin 41 imtahan mərkəzində keçirilib və prosesdə 7 minə yaxın şagird iştirak edib.

Valideynlərin maraqla gözlədiyi məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi də başladı. 7 iyuldan regionlar və Naxçıvan üzrə, 9 iyuldan isə Bakı şəhərində dövlət bağçalarına qəbul üçün elektron növbələrin yaradılması aktivləşdirildi. Bununla da 2026–2027-ci tədris ili üçün bağçalara qəbulun növbəti mərhələsinə start verildi.

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə qəbulda da mühüm mərhələ başladı. 6–20 iyul tarixlərində qəbul imtahanında uğur qazanan namizədlər “My Culture” sistemi üzərindən ixtisas və məktəb seçimi edirlər. Namizədlərə üç ixtisas və hər ixtisas üzrə iki məktəb seçmək imkanı yaradılıb. Qəbul həm ödənişsiz, həm də ödənişli əsaslarla müsabiqə prinsipi üzrə həyata keçirilir.

Həftənin diqqətçəkən statistikalarından biri də dövlət ümumtəhsil məktəblərində çalışan yüksək elmi dərəcəli pedaqoqlarla bağlı oldu. Elm və Təhsil Nazirliyinin açıqladığı məlumata görə, hazırda məktəblərdə doktorantura səviyyəsində ali təhsili olan 108 əməkdaş çalışır. Onlardan 103-ü fəlsəfə doktoru, 5-i isə elmlər doktorudur. Bu əməkdaşların böyük əksəriyyəti müəllim kimi fəaliyyət göstərir.

Həftə ənənəvi olaraq ali məktəblərə qəbul imtahanı ilə yekunlaşdı. Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarını ölkənin 24 şəhər və rayonunda təşkil etdi. İmtahanda iştirak etmək üçün 36 356 abituriyent qeydiyyatdan keçmişdi. İmtahanların keçirilməsi üçün 153 bina və 2 658 zal ayrıldı, prosesə minlərlə nəzarətçi və təşkilatçı cəlb olundu. İlkin nəticələrə əsasən, üzərində mobil telefon aşkarlanan 12 abituriyent imtahandan kənarlaşdırıldı və onların nəticələri ləğv ediləcək.

Beləliklə, geridə qalan həftə müəllimlərin işə qəbulu, şagird qəbulu və ali təhsil istiqamətində bir-birini əvəz edən mühüm mərhələlərlə yadda qaldı.

Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!
Son xəbərlərDaha çox