Azedu.az

BMU-nun qəbul planında yeniliklər: 3 ikili diplom proqramı və yeni ixtisaslar

Ali təhsil

27 İyul 2026, 15:59
BMU-nun qəbul planında yeniliklər: 3 ikili diplom proqramı və yeni ixtisaslar

 

Bakı Mühəndislik Universitetinin (BMU) 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə təsdiqlənmiş tələbə qəbulu planında bir sıra mühüm yeniliklər öz əksini tapıb. Yeni ixtisasların açılması, qəbul imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının tətbiqi abituriyentlərə daha geniş seçim və gələcək karyera üçün mühüm imkanlar təqdim edir- //beu.edu.az/az/admission/undergraduate.

AzEdu.az xəbər verir ki, belə ki, BMU-nun bakalavriat səviyyəsində ixtisasların sayı 39-dan 41-ə çatdırılıb. Tədris olunacaq ixtisaslar üzrə, ümumilikdə 2929 plan yeri ayrılıb ki, bu da ötən illə müqayisədə əlavə 344 yer artımı deməkdir.  Ayrılan yerlərdən 1885-i Azərbaycan bölməsi (əyani), 135 yer qiyabi təhsil forması, 909 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub.

Qəbul planına bakalavriat səviyyəsi üzrə əlavə edilən 2 yeni ixtisas sırasında “Proqram təminatı mühəndisliyi” və “Beynəlxalq münasibətlər” yer alır. Yeni ixtisaslara ayrılan plan yerlərinə gəldikdə “Proqram təminatı mühəndisliyi” ixtisasına Azərbaycan bölməsi üzrə əyani təhsil formasında 30, “Beynəlxalq münasibətlər” ixtisasına isə ingilis bölməsi üzrə əyani təhsil formasında 25 yer nəzərdə tutulub.

Digər mühüm yenilik isə BMU-da bakalavriat səviyyəsində 3 ayrı-ayrı istiqamətdə yeni ixtisaslar üzrə ikili diplom proqramlarının həyata keçirilməsidir. 

Bunlardan biri BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında 2020/2021 tədris ilindən etibarən “2019-2023-cü illər üzrə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan ikili diplom proqramıdır. Dövlət Proqramının müddəti Prezident İlham Əliyevin 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb. Proqramın ikinci mərhələsində yeni ixtisas istiqamətləri - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları” və “Elektrik və elektronika mühəndisliyi” üzrə qəbul aparılır. 

Digər ikili diplom proqramı isə BMU ilə Çinin Pekin Kimya Texnologiyaları Universiteti arasında 6 ixtisas - “Kimya mühəndisliyi”, “Kompüter mühəndisliyi”,  “Mexanika mühəndisliyi”, “Kimya”, “Biotexnologiya”, “Biznesin idarə edilməsi” üzrə həyata keçirilir. Bu, Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçirilən ilk ikili diplom proqramı kimi tarixə düşüb. Proqrama əsasən, 2+2 modeli üzrə BMU-da I və II kursları uğurla bitirən tələbələr müvafiq prosedurlardan keçdikdən sonra təhsillərinin III və IV kurslarını Çində davam etdirərək iki diploma malik olacaqlar.

Üçüncü ikili diplom proqramı isə BMU ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə yaradılan və bu ildən fəaliyyətə başlayan “PKTU-BMU Mühəndislik fakültəsi” çərçivəsində icra olunacaq. Fakültədə tədris 3+1 modeli əsasında təşkil ediləcək. Müəyyən akademik tələblərə cavab verən tələbələr 3 il Azərbaycanda, 1 il isə Çində təhsil alaraq hər iki universitetin diplomuna sahib olmaq imkanı əldə edəcəklər. Fakültədə “Kompüter elmləri”, “Kimya”, “Biotexnologiya”, “Mexanika mühəndisliyi” ixtisasları üzrə kadrlar hazırlanacaq və tədris prosesi hər iki universitetin professorları tərəfindən aparılacaq.

Qəbul planında yer alan “Memarlıq”, “Dizayn (İnteryer dizaynı, qrafik dizayn, sənaye dizaynı, geyim dizaynı)” və “Dekorativ-tətbiqi sənət (bədii keramika, şüşə, xalça, bədii toxuculuq)” ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.

Bundan başqa, qəbul planında bakalavriat səviyyəsi üzrə qiyabi təhsil forması da öz əksini tapıb. Ümumilikdə 9 ixtisas (Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Marketinq, Mühasibat, Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə), Turizm işinin təşkili) həm də qiyabi təhsil formasında tədris ediləcək.

Putinin QORXULU PROQNOZU: Avropanın 3 ölkəsi Ukraynanı İŞĞAL EDƏCƏK
Son xəbərlərDaha çox