9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, bəzi şəhər və rayonlar yüksək orta göstəriciləri ilə seçiliblər.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat DİM-in nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci sayında dərc olunan elmi-statistik təhlildə yer alıb.
Belə ki, 9-cu siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticələr Sumqayıt, Naxçıvan və Bakı şəhərlərinin, həmçinin Şahbuz, Qusar, Mingəçevir, Qubadlı və Abşeron rayonlarının şagirdləri tərəfindən əldə olunub. Bu bölgələr üzrə orta statistik göstəricilər müvafiq olaraq 149.34, 143.08, 139.69, 139.33, 133.60, 133.43, 131.29 və 131.21 bal təşkil edib.
Ən aşağı orta nəticələr isə Ağcabədi, Daşkəsən, Sabirabad, Saatlı və Cəlilabad rayonlarında qeydə alınıb. Həmin rayonlar üzrə orta göstəricilər müvafiq olaraq 89.71, 89.30, 89.26, 88.40 və 85.43 bal olub.
11-ci siniflər üzrə buraxılış imtahanında isə ən yüksək nəticələri Naxçıvan, Sumqayıt və Bakı şəhərlərinin, eləcə də Qubadlı və Ordubad rayonlarının şagirdləri göstəriblər. Bu bölgələr üzrə orta bal göstəriciləri müvafiq olaraq 158.37, 156.58, 154.31, 149.12 və 147.05 bal təşkil edib.
Ən aşağı nəticələr Ağsu, Cəlilabad, Xocalı, Tərtər və Daşkəsən rayonlarında qeydə alınıb. Həmin rayonların orta göstəriciləri müvafiq olaraq 97.76, 96.79, 96.65, 94.72 və 87.83 bal olub.